Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb.
Yenicag.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri, 10-cu mikrorayon, Koroğlu küçəsi, 1 ünvanında yerləşən “Arzu” mərasim evində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Bildirilib ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb; elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb; obyektdə yanğın su hovuzu mövcud deyil; obyekt tikinti norma və qaydalarının tələblərinə uyğun ehtiyat təxliyə çıxışı ilə təmin olunmayıb; obyekt ilkin yanğınsöndürmə vasitələri, o cümlədən odsöndürən balonlarla təmin olunmayıb; təxliyə planı mövcud deyil; obyektin tavan hissələri yanar material olan lambirlə üzlənilib.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Arzu” mərasim evinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
www.yenicag.az