“Qanunun indiki mətninə də baxsaq görərik ki, orada siyasi partiyaların parlament fraksiyası haqda müddəa yoxdur”.
Bu fikirləri “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaktəsini və oradakı dəyişiklikləri dəyərləndirən Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn Yenicag.az-a açıqlamasında deyib.
Onun fikrincə, bu qanunun siyasi partiyaların fəaliyyətinə hər hansı canlanma gətirəcəyi inandırıcı deyil:
“Məncə, layihədə konseptual baxımdan elə bir dəyişiklik yoxdur. Ancaq layihədə əks olunan rəqəmlərdə müəyyən başqa dəyişikliklərin ola biləcəyini istisna etmirəm. Çünki hələ birinci oxunuşdur.
Bizim partiyanın və mənim ifadə etdiyim mövqe bundan ibarət olub ki, siyasi partiyalar haqqındakı yeni qanunun Konstitusiyaya siyasi partiyalarla bağlı ayrı maddənin salınmasından və Seçki Məcəlləsində çoxpartiyalı seçki sisteminin bərpasına dair dəyişikliklərin edilməsindən sonra qəbul olunması daha doğru olardı.
Həmin qanunun indiki mətninə də baxsaq görərik ki, orada siyasi partiyaların parlament fraksiyası haqda müddəa yoxdur. Bu, ümumiyyətlə nonsesdir. O baxımdan, biz təklif edirdik ki, yeni qanun layihəsi Konstitusiyada və Seçki Məcəlləsində dəyişikliklər edildikdən sonra məhz bu konseptual əsasda hazırlanmalıdır.
Ona görə də sözün doğrusu, bu qanunun siyasi partiyaların fəaliyyətinə hər hansı canlanma gətirəcəyi qənaətində deyiləm və əksinə, burada yeni bir sıra məhdudlaşdırıcı müddalar yer alıb. Rəqəmlərdə və sairədə dəyişikliklər olsa da, bunlar Azərbaycanda çoxpartiyalılığın və siyasi plüralizmin inkişafına deyil, onun daha da məhdudlaşmasına xidmət edə bilər”.
A.Zeynalov
www.yenicag.az