“Türkiyənin Azad Suriya Ordusunun modernləşdirilməsi və potensialının gücləndirilməsinə hədəflənmiş işləri sürətləndirəcəyi gözlənilir”.
Bu fikirləri İstanbulda törədilmiş son terror aktından sonra Türkiyənin Suriyadakı fəaliyyətində mümkün dəyişikliklikləri şərh edən politoloq Zaur İbrahimli Yenicag.az-a açıqlamasında deyib.
Onun fikrincə, Türkiyə ABŞ və Aİ ölkələrinin, o cümlədən NATO-nun terror təşkilatlarına yönəlik mövqelərinə yenidən nəzər salmalarını tələb edəcək:
“İstanbulda törədilmiş terror aktından sonra Türkiyənin PKK-YPG-PYD terror təşkilat və qruplarına qarşı sərt addımlarının daha geniş miqyas alacağını ehtimal etmək olar. Bu çərçivədə Suriyada mövqelərini qorumağa və möhkəmləndirməyə çalışan YPG-PYD terror təşkilatlarına qarşı hərbi əməliyyatların həyata keçiriləcəyi çox realdır.
Sözügedən terror aktının PKK və ona bağlı qruplar tərəfindən törədilməsi ilə bağlı məlumatlar bir daha Türkiyənin Suriyada terrorçuların qərarlaşması, mövqelərini möhkəmləndirməsi və xaricdən fəal dəstək almasına yönəlik narahatlıqlarının haqlı olduğunu göstərdi.
Bu terror qruplarının xaricdən dəstək alması, onların terror fəaliyyətlərinə dair Avropa İttifaqı və ABŞ-nin Türkiyənin xəbərdarlıqlarını qəbul etməməsi yenidən Ankarının NATO üzrə tərəfdaşları ilə əsas müzakirə mövzusu olacaq. Ankara bu hadisədən sonra ABŞ və Aİ ölkələrinin, o cümlədən NATO-nun terrorçulara dair mövqelərinə yenidən nəzər salmalarını bir daha israrla tələb edəcək.
Eyni zamanda, Türkiyə tərəfindən Bəşər Əsəd hökuməti ilə rəsmi müzakirələrin başlaması gündəlikdə saxlanılacaq, Azad Suriya Ordusunun modernləşdirilməsi və potensialının gücləndirilməsinə hədəflənmiş işlərin də sürətləndirilməsi gözlənilir. Türkiyənin Azad Suriya Ordusu ilə yanaşı, PKK-YPG-PYD-ə qarşı çıxan digər silahlı qruplara dəstək verəcəyi də artıq istisna deyil.
Ekspertlər son aylarda Türkiyənin 11 illik Suriya siyasətinin bir sıra aspektlərinə yenidən baxdığını və dəyişikliklərə ehtiyac olduğunu vurğulayırdılar. Gözləmək olar ki, İstanbuldakı terror aktından sonra bu proseslər daha da intensivləşəcək”.
A.Zeynalov
www.yenicag.az