Yanvarın 7-də Çin yuanı növbəti dəfə devalvasiya etməklə investorlarda ticarət müharibəsi qorxusu yaradıb. Çinin səhm indeksləri bazar açılandan yarım saat ərzində 7 faizdən çox düşüb və bağlanıb.
Çin Xalq Bankı milli valyutanı ucuzlaşdırıb, bir dollar 6.5646 yuana bərabərləşib. Bu, bir gün öncəki məzənnədən 0.5 faiz az, 2011-ci ilin martından ən aşağı məzənnə, ötən avqustdan bəri isə ən böyük gündəlik düşüşdür.
Yuan ilk dəfə avqustda 2 faiz devalvasiya edilib.
«Reuters» agentliyi yazır ki, hazırda bazarlar Pekinin yürütdüyü siyasət üzərində baş sındırırlar:
“Qeyri-müəyyənlik qorxusu yaxın perspektivdə renminbi (RMB-yuan bu adla da tanınır) üçün ən böyük riskə çevrilib”- Sinqapurda yerləşən OCBC korporasiyası bildirir.
ANZ Bankı isə qeyd edir ki, ölkədən kapital axınını gücləndirəcək və ciddi maliyyə sabitsizliyinə gətirəcək.
Yanvarın 7-də Çin həmçinin xarici valyuta ehtiyatı barədə məlumat açıqlamalıdır. Treyderlər narahatdırlar ki, bu rəqəmdə də azalma olsun. Belə ki, investorlar yavaşıyan iqtisadiyyatdan pullarını geri çəkməkdədir.
Noyabrda Çinin rezervləri 87.1 milyard azalaraq 3.44 trilyon dollara düşüb. Bu, 2013-cü ilin fevralından bəri ən aşağı səviyyədir.
Bəziləri ehtiyatlanır ki, yuanın sürətli düşüşü dünyanın ikinci böyük iqtisadiyyatının böyük problemlər içində olduğunu göstərir.
Yuanın davamlı ucuzlaşması digər Asiya ölkələrinə də təsirini göstərir, Çinin nəhəng ixrac maşını ilə rəqabət apara bilmək üçün onlar da valyutalarını salmalıdırlar.
Ancaq eyni zamanda dəyəri dollarla ölçülən malların qiyməti çinli alıcılar üçün bahalaşır ki, bu da tələbə ziyan vuracaq.
Çin bazarlarında çaxnaşma neftin barrelini də 30 dollara yaxınlaşdırır.
“Bloomberg” xəbər verir ki, Londonda xam neft fyuçersləri 3.3 faiz ucuzlaşıb. Səbəb də dünyanın ən böyük istehlakçısının iqtisadi axsamasıdır.
“Hazırda bazarda xəsislik və qorxuyla alver edirlər, indilik xəsislik dominant roldadır”, – Honq-Konqda yaşayan təhlilçi Qordon Kvan deyir.
Onun sözlərinə görə, əmtəə fyuçersləri həmişə irəli baxır və qorxurlar ki, yuanın dəyərsizləşməsi Çin iqtisadiyyatının daha da zəifləməsindən xəbər verir.
Bu gün birjalarda “Brent” markalı neft 4 faizdən çox ucuzlaşıb.
Son informasiyalara görə hazırda bir barrel “Brent” nefti cəmi 32.5 dollara satılır. Bu, son 11 ildə ən aşağı rəqəmdir. Günün sonuna qədər qiymətin hətta 30 dollara enəcəyi gözlənilir.
“Wall Street Journal” qəzeti də Çin bazarında baş verənlərin dünya iqtisadiyyatına təhlükəsindən yazır:
“Çərşənbə axşamı cərəyan edən proseslər səhm bazarından çox, ölkə iqtisadiyyatı ilə bağlı idi. Bazar çökdü və bağlandı, çünki Pekin valyutasını daha da ucuzlaşdırdı.
Bu, özlüyündə investorlara bir mesajdır: hökumətin stimullaşdırıcı səyləri işləmir. Valyutanın devalvasiyası ixracın artırılmasında sonuncu məsələdir. Narahatlıq ondandır ki, Çin iqtisadiyyatını emaldan xidmətə keçirdiyi bir məqamda artım hədəflərini saxlaya bilməyəcək”.
Qəzet yazır ki, çinli investorlarda inamın itməsi pullarını ölkədən çıxarmaqla nəticələnir. Onların sərmayəni Çin səhmlərində saxlamasına heç bir səbəb yoxdur, qazanc zəifləyir, yuanla da mübarizə aparmalı olurlar:
“Valyutanın düşməsi həmçinin Çinin hökumət siyasətində ziddiyyətləri üzə çıxarır. Pekin yuanın sabitliyini saxlamağa boyun olmuşdu, Beynəlxalq Valyuta Fondu yuanı valyuta səbətinə daxil etdi. Ancaq bu statusu əldə edən kimi, Çinin Mərkəzi Bankı valyutanı ucuzlaşdırdı”.
Xatırladaq ki, ötən il Çinin yuanın cüzi devalvasiyasını həyata keçirməsi dünya iqtisadiyyatında ciddi təlatümlərə səbəb olmuşdu və neftin daha sürətlə ucuzlaşmasna təsir etmişdi.
Məhz Çinin devalvasiyaya getməsindən sonra Azərbaycan manatının da mövqeləri zəifləməyə başladı və ekspertlər Mərkəzi Bankın ikinci devalvasiyaya gedəcəyini qaçılmaz hesab etdilər.
Mərkəzi Bank dekabr ayına qədər strateji valyuta ehtiyatlarının sürətlə əriməsi hesabına manatı sabit saxlaya bilsə də nəticədə ikinci devalvasiyaya getməli oldu. İndi böyük narahatlıq var ki, Çinin bu gün yuanı ikinci dəfə devalvasiya etməsi dünya iqtisadiyyatında təlatümləri daha da gücləndirməklə manatın onsuz da zəifləmiş mövqelərinə ciddi zərbə vuracaq.(virtualaz)
www.yenicag.az