“Bu seçkilər demokratiya adından növbəti bir zəfərdir”

media-hightechnic-468x90

azay azvisionun qonagi“Azərbaycanlıların Türkiyə parlamentində təmsil olunmaması ciddi problemlər yaradacaq”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azay Quliyevin azvision.az-a müsahibəsi:

-Azay müəlim, ötən gün Türkiyədə keçirilən parlament seçkilərinin nəticələrini necə şərh edərdiniz?

– Türkiyədə keçirilən bu seçkilər demokratiya adından növbəti bir zəfərdir. Eyni zamanda bu seçkilər Türkiyənin son zamanlar yaşadığı iqtisadi-siyasi və digər sahələrdə olan dəyişikliklərin bir tablosudur. Seçkilərin nəticələri bir çoxları üçün proqnozlaşdırılan idi. Bəziləri isə tamam fərqli nəticə gözləyirdi. Amma, reallıq ondan ibarətdir ki, iqtidar partiyası olan AKP xeyli yer itirdi. Bu isə kifayət qədər ciddi məsələdir. Əgər əvvəlki seçkilərdən sonra AKP Türkiyə Böyük Millət Məclisində 327 yer qazanmışdısa, bu seçkidə 258 yer qazana bilib. Bu da hazırkı dövrdə olan seçkilərin nəticələrinə yeni yanaşma tələb edəcək. Heç şübhəsiz ki, bu seçki gələcəkdə Türkiyənin bir ölkə kimi həm siyasi, həm də iqtisadi baxımdan çox ciddi nəticələri olacaq.

– Türkiyədəki seçkilərin nəticəsi olaraq PKK-nın siyasi qanadı Xalqların Demokratik Partiyası (HDP) 10 faizlik baryeri aşaraq parlamentə düşüb. Bu hadisənin Türkiyə üçün nəticəsi nə ola bilər?

– Son prezident seçkilərində HDP lideri Səlahəddin Dəmirdaş 10 faizə yaxın səs toplamışıdı. Bunun özü HDP üçün böyük nəticə idi. Eyni zamanda bu səs faizinin parlament seçkilərinə də öz təsirini göstərəcəyi gözlənilən idi. HDP-nin 13 faizə yaxın səs toplaması nəticəsində Türkiyədə kürdlərin mövqeyini güclənəcəyi barədə birmənalı şəkildə fikir bildirmək olmaz. Əlbəttə, HDP-nin əldə etdiyi nəticə ciddidir. Çünki, onlar ötən seçkidə 35, ötən günki seçkidə isə 80 yer qazana biliblər. Bu da parlamentdə qərarların qəbuluna təsir göstərəcək. Seçkinin nəticələrinə görə, HDP-yə dəstək verən coğrafiya genişlənib. Belə ki, HDP təkcə Türkiyənin şərqindəki seçicilərdən yox, digər bölgələrdəki seçicilərdən də səs ala bilib.

Hesab edirəm ki, bu son aylar AKP-də baş verən dəyişikliklərlə bağlıdır. Şübhəsiz ki, çox böyük bir xarizmaya malik olan Rəcəb Tayyib Ərdoğan kimi liderin partiyanın başından getməsi, belə hadisənin olacağı ehtimallarını artırırdı. Şəxsən məndə belə bir təəssürat vardı ki, Ərdoğanı əvəz etmək asan olmayacaq. Çünki, partiyanın başında dayanan lider çox ciddi xarizma və gücə malik olmalıdır. Dekabr ittihamlarından sonra Ərdoğanın rəhbərlik etdiyi partiya bələdiyyə və prezident seçkilərini qazandı. Bu qələbələr Ərdoğanın liderlik keyfiyyətlərinin nəticəsidir. Təbii ki, bu fikrimlə Əhməd Davudoğlunun gücünü və liderlik keyfiyyətlərini aşağı salmaq istəmirəm. Ancaq, tablo onu göstərir ki, Davudoğlu Ərdoğanı əvəz edə bilmədi. Nəticədə AKP parlamentdə 72 yer itirdi. Amma, maraqlı məqam orasıdır ki, MHP-də seçkidə 3.8 faiz əlavə səs qazandı. Bu da o deməkdir ki, AKP-dən narazı bir qrup millətçi kəsim MHP-yə səs verdi.

– Seçkidən sonra düşündürcü məqam hökumətin necə formalaşdırılacağıdır. Bu barədə nə deyə bilərsiniz?

– Bu gün AKP təkbaşına hökumət qura bilmir. Hökumətin qurulması üçün bir neçə ssenari var. Birinci, AKP MHP ilə anlaşsın. Çünki, CHP və HDP ilə anlaşması tam istisna olunur. İkinci, təkrar seçkilərin keçirilməsidir. Bunun nəticəsinin necə olacağı bəlli deyil. Çünki, insanlar əmin olmalıdır ki, niyə AKP-ni təkbaşına hökumət etsinlər? Bu da ciddi suallar doğurur. Yəni, bunu AKP-nin bacarıb-bacarmayacağı sual altındadır. Üçüncü, AKP-yə təkbaşına hökumət qurmaq üçün lazım olan 18 millət vəkilini digər partiyalardan transfer etməkdir. Belə təcrübə həm dünya, həm də Türkiyə tarixində var. Ona görə də AKP təkbaşına hökumət qurmaq üçün zəif bəndlər tapmağa çalışacaq. Bugünkü tablo belədir. Ona görə də bu üç ssenaridən hansının reallaşacağına yaxın günlərdə şahidlik edəcəyik.

– Ümumilikdə isə Azərbaycan perspektivindən Türkiyədəki seçkiləri necə dəyərləndirərdiniz?

– Azərbaycan həmişə Türkiyədə güclü hakimiyyət istəyib. Koalisyon hökumətlərin Türkiyəni zəiflətməsini Azərbaycan heç vaxt arzulamayıb. Azərbaycana və bölgəyə güclü Türkiyə lazımdır. Bu baxımdan tək təmənnamız odur ki, Türkiyənin gələcəyini düşünənlər ən doğru qərarı versinlər, əldə olunan uğurların davamı üçün üzərlərinə düşən vəzifəni yerinə yetirsinlər.

– Azərbaycan üçün təssüf doğuran məqamlardan biri də 3 nəfər erməninin Türkiyə Böyük Millət Məclisində təmsil olunma haqqı qazanmasıdır.

– Üç nəfər erməninin parlamentə seçilməsi bu partiyaların əvvəlcədən düşünülmüş şəkildə həyata keçirdiyi siyasətin konkret nəticəsdir. Ola bilər ki. Türkiyəli siyasətçilər bunu bir xoşgörü ilə izah etsinlər. Bildirsinlər ki, bu dünyaya bir mesajdır ki, ermənilərlə heç bir problemləri yoxdur. Amma, tarix dəfələrlə göstərib ki, Türkiyənin və türklərin çox sayda xoşgörü mesaj verməsinə baxmayaraq, ermənilər öz xislətlərinə uyğun olaraq türkləri həmişə arxadan vurublar. Düşünmürəm ki, bu jest öz hədəfinə çatacaq. Azərbaycanlıların isə Türkiyə parlamentində təmsil olunmaması ciddi problemlər yaradacaq. Ümid edirəm ki, bu boşluq Türkiyə hökumətinin ağıllı siyasəti nəticəsində hiss olunmayacaq. Amma, istənilən halda bu, xoş bir hal deyil. Hesab edirəm ki, bu məsələdə türk siyasətçiləri müəyyən hesablamalarda yanlışlıqlara yol verib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600