Dilimizdə yeni kəlmələr belə yaradılacaq - ALİM AÇIQLADI
“Azərbaycan danışıq dilində işlədilən xarici sözlər Azərbaycan qrammatikasındakı qarşılığı ilə əvəz edilməlidir.”

Bu sözləri Yenicag.az-a açıqlamasında dilçi alim Sayalı Sadıqova Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı səsləndirdiyi haqlı iradı şərh edərkən deyib:
“Cənab Prezident xüsusilə vurğuladı ki, dil qorunmalı, inkişaf etməlidir və hal-hazırda təəssüflə qeyd etmək istərdim ki, danışığımızda bir çox alınma kəlmələrdən istifadə edilir. Dilin özünün zənginliyi, eyni zamanda qrammatik vasitələrinin zənginliyindən istifadə edilərək yeni sözlər yaradılmalı, burda ilk növbədə dilin daxili imkanlarına əsaslanmalıdır. Lakin, çox təəssüflə qeyd etmək istərdim ki, bu gün daha çox danışıqda rus və avropa sözlərindən, eləcə də ingilis dilindən alınan sözlərdən istifadə olunur. Bu sözlərdən hər birinin Azərbaycan dilində qarşılığı varsa o sözlərdən, o qarşılıqlardan istifadə edilməlidir. Dilin zənginliyi onun söz ehtiyatının zənginliyi deməkdir. Buna görə də Azərbaycan dili ən mürəkkəb fikirləri ifadə etməyə qadir bir dildir. Bu zənginliklərdən biz istifadə edərək ən mürəkkəb fikirlərimizi biz ifadə etməliyik”.
Dilçi alim qeyd edib ki, Azərbaycan dilinin qrammatikasını qorumaq üçün vətəndaşlar öz üzərinə düşən azərbaycançılıq öhdəliyini yerinə yetirməlidir:
“Cənab Prezident eyni zamanda beynəlxalq leksika məsələsinə də toxundu. Bir sıra sözlər, kəlmələr var ki, bütün dünyada işlənir və o sözlər artıq beynəlxalq leksikada işlədiyinə görə Azərbaycan dilinə də daxil olur. İlk növbədə bu leksikanın ifadə edən Azərbaycan dilində qarşılığı varsa o qarşılıqlar yaradılmalı və istifadə edilməlidir. Azərbaycan dilinin bütün zənginlikləri yeni sözlərin yaradılmasında özünü göstərir. Bu baxımdan dili inkişaf etdirmək, zənginləşdirmək müasir dövrün ən vacib tələblərindən biridir. Azərbaycan dilinin saflığının qorunması və dilimizdə məişətdə daha çox alınmalardan istifadə edilməyə qarşı hər bir vətəndaş, eləcə də dilçilər mübarizə aparmalıdır. Dili qorumaq, inkişaf etdirib gələcək nəsillərə çatdırmaq müasir dövrümüzdə qarşıda duran ən ümdə vəzifələrdən biridir. Ədəbi dilin qorunması, ədəbi dilin inkişaf etdirilməsi və bu istiqamətdə dilimizin söz yaradıcılığı prosesindən istifadə edilməsi vacib tələblərdən biridir. Azərbaycan dilinin qrammatik normaları hesabına, eləcə də zəngin qrammatik şəkilçilər hesabına yeni kəlmələr yaradılmalı, hər bir mürəkkəb fikirləri ifadə etmək üçün bu kəlmələrin işləkliyi daha da artırılmalıdır. Dilimizi qorumaq, inkişaf etdirmək hər bir vətəndaşın üzərinə qoyulan vəzifə kimi Cənab Prezidentin çıxışında da özünün bariz nümunəsini verdi”.
Nurlan Cəfəri












