Bu şəhərdə 384.500 milyonçu yaşayır
“Henley & Partners” konsaltinq şirkətinin “New World Wealth” analitik firması ilə birgə hazırladığı illik hesabata əsasən, Nyu-York yenidən dünyanın bütün şəhərləri arasında orada yaşayan dollar milyonçularının sayına görə birinci yeri tutub.
Yenicag.az xəbər verir ki, Nyu-Yorkda 384.500 milyonçu var, bu rəqəm son 10 ildə 45% artıb. Şəhərdə aktivləri 100 milyon dollardan çox olan 818 nəfər yaşayır.
İkinci yeri San-Fransisko və öz Silikon Vadisi ilə San Fransisko Körfəz Bölgəsi aqlomerasiyası tutub. Son 10 ildə bu ərazidə milyonçuların sayı təxminən iki dəfə (98%) artaraq 342,400-ə çatıb.
Milyonçu əhalinin daha yüksək artım templəri yalnız Şençjen (142%), Hançjou (108%) və Dubayda (102%) qeydə alınıb. Bundan əlavə, San-Fransiskoda indi Nyu-Yorkdan daha çox milyarder var – 82-yə qarşı 66.
Dubay 21-ci yerdən 18-ci yerə yüksələrək, son 1 ildə dünyanın ən yaxşı 50 şəhəri arasında ən yaxşı artım nümayiş etdirib. Şəhərdə dollar milyonçularının sayı hazırda 81,2 min nəfərdir. Seul 19-cu yerdən 24-cü yerə enərək ən kəskin enişi qeydə alıb.
Moskva iki pillə geriləyərək siyahıda 40-cı yeri tutub. Moskvada milyonçuların sayı 30 min, o cümlədən sərvəti 100 milyon dollardan çox olan 178 nəfər və 23 milyarder olub.
Moskva və London son on ildə milyonçuların sayının azaldığı yeganə şəhərlər olub. Böyük Britaniyanın paytaxtı hazırda milyonçuların sayına görə (215,7 min) dünyada altıncı yerdədir, Tokio (292,3 min), Sinqapur (242,4 min) və Los-Ancelesdən (220,6 min) geri qalır. 2014-cü ildən bəri Londonda milyonçuların sayı 12%, Moskvada isə 25% azalıb.
Son bir il ərzində milyonçuların sayına görə dünyanın ilk 50 şəhərində bir dəyişiklik baş verib: Lissabon siyahıya daxil olub (22,2 min milyonçu), Yeni Zelandiyanın Oklend şəhəri isə onu tərk edib.
Dünyanın ən bahalı şəhərlərinin ayrıca siyahısına Monako başçılıq edir – knyazlıqda elit yaşayış daşınmaz əmlakının kvadrat metrinin qiyməti 38,8 min dolları ötür. Eyni zamanda, Monako adambaşına düşən orta sərvətə görə də dünya lideridir – bu rəqəm 20 milyon dolları ötür.
Mənzil qiymətlərinə görə Nyu-York ikinci (kvadrat metr üçün 27500 dollar), üçüncü yerdə Honq Konq (26300 dollar), dördüncü yerdə isə London (24 min dollar) qərarlaşıb.