Bu şəhərlərə ABŞ-ın müttəfiqi statusu veriləcək
Layihədə Azərbaycan və Balkan ölkələri ilə hərbi əməkdaşlığın gücləndirilməsi də əksini tapıb.
ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya təcavüzünün qarşısının alınması barədə qanun layihəsini ikinci oxunuşda qəbul edib.
Qanun layihəsi Ukrayna, Gürcüstan və Moldovaya NATO üzvü olmadan da ABŞ-ın müttəfiqi statusu verilməsini nəzərdə tutur. Sənəd yekun oxunuşda qəbula hazırlanmaq üçün müvafiq komissiyaya göndərilib.
Layihəyə əsasən ölkələrə NATO-ya üzv olmadan ABŞ-ın müttəfiqi statusu onların ABŞ-dan hərbi sistem və ya xidmətlər ala bilməsi üçün müəyyən meyarlar çərçivəsində veriləcək. Ukrayna, Gürcüstan və Moldovadan başqa, Azərbaycan, eləcə də Bosniya, Serbiya, Monteneqro, Makedoniya və Kosovo təhlükəsizliyin təmin olunması və ABŞ Silahlı Qüvvələri ilə qarşılıqlı əməkdaşlıq üçün ABŞ-dan kömək ala biləcəklər. Siyahıda Ermənistanın adı yoxdur.
Sənəddə Ümumdünya Ticarət Təşkilatının üzvlərinə təcili təbii qaz ixracını təmin etmək üçün təbii qaz haqqında qanuna dəyişiklik edilməsi, Ukrayna, Gürcüstan və Moldovaya bu sahədə yardım göstərilməsi də əksini tapıb.
Qanun layihəsi ABŞ-ın bütün federal idarə və qurumlarına Rusiya Federasiyasının Krım üzərində suverenliyinin tanınması istiqamətində hər hansı addım atmağı qadağan edir. Dövlət katibinə keçmiş sovet respublikalarında siyasi və qeyri-hökumət təşkilatlarını, demokratik institutları möhkəmləndirmək və təhsil-mədəniyyət sahəsində mübadiləni fəallaşdırmaq tövsiyə olunur.