“Bu sərəncam biz kino adamları tərəfindən sevinclə qarşılandı” – AKİ-nin katibi
“Bu sərəncam biz kino adamları tərəfindən sevinclə qarşılandı”.
Bunu Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi Əli İsa Cabbarov Yenicag.az-a açıqlamasında Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında” imzaladığı Sərəncamın əhəmiyyəti barədə danışarkən deyib.
AKİ-nin katibi bunu kinonun inkişafında mühüm addım kimi dəyərləndirib:
“Bu, istehsalı, prodüserləri, investorları stimullaşdıran, investisiya yatırmağa sövq edən bir qərardır. Bu sərəncam biz kino adamları tərəfindən sevinclə qarşılandı. Güzəştlər, maliyyə şirnikləndirmələri bir çox ölkələrdə tətbiq olunan və effekt verən bir praktikadır. Bunu həm də Kino Agentliyinin yeni rəhbərliyinin göstərdiyi ilk addımlardan sayıram. Ümid edirəm ki, belə addımların sayı artacaq”.
Qeyd edək ki, Sərəncama əsasən, Nazirlər Kabineti kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydalarını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, kinematoqrafiya sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Cəvahir