“Bu Türkiyə üçün təhlükədir”

media-hightechnic-468x90

ppppppİraqda Kürdüstan dövlətinin yaradılması və tarixi türk torpaqları olan, bu gün də türkmənlərin məskunlaşdığı Kərkükün qondarma dövlətin tərkibinə daxil edilməsi türk dünyasındakı milli qüvvələrin ciddi etirazına səbəb olmaqdadır. Türk dövlətlərinin baş verənlər fonunda nümayiş etdirdiyi susqunluğa rəğmən yaşananlarla bağlı fərd olaraq ciddi təpgilər ortaya qoyan bu insanlar türk dünyasının, xüsusilə də Türkiyənin Kərkükə sahib çıxa bilməməsindən təəsüf və məyusluq duymaqdadır. Bu qəbildən olan ziyalıların və ictimai-siyasi xadimlərin qənaətincə, Kərkükün Kürdüstana daxil edilməsi həm Kərkük, həm də bütövlükdə türk dünyası üçün yeni faciə və fəlakətlərin başlanğıcı olacaq.

Açıqlama verən tarixçi alim Dilavər Əzimli hesab edir ki, İraq ərazisində Kürdüstan dövlətinin yaradılması hər şeydən öncə Türkiyə dövlətinə yaxşı heç nə vəd etmir. Fəqət D.Əzimli hesab edir ki, İraq ərazisində birdən-birə belə bir dövlətin meydana gəlməsi heç də təsadüfi deyil və bu məsələdə Ərdoğan hökumətinin də kifayət qədər “xidmətləri” mövcuddur: “Bu gün İraqda Kürdüstan dövlətinin yaradılması əslində, Türkiyə üçün təhlükədir. Kürdüstan həmin sərhədlərlə kifayətlənməyəcək. Düşünürəm ki, bu, Türkiyədə aparılan məqsədyönlü siyasətin nəticələrindən biridir. Ərdoğan hökumətinin iqtidara gəlişini xatırlayın. Birdən-birə siyasi meydana gətirildilər və qısa müddətdə nüfuz əldə edib iqtidara gəldilər. Türkiyə mənəvi dəyərlər baxımından dini dövlətdir. Qərb və ABŞ da bundan ustalıqla istifadə etdi. Onlara imkan yaratdılar. Tezliklə Türkiyədə iqtisadi yüksəlişlər baş verdi. AKP-nin nüfuzu artdı. Amma AKP hakimiyyətə gələndə öhdəlik götürmüşdü. Bunu o zaman müstəqil agentliklər yazırdılar. Bu da “kürd sorunu” idi. Nəticəsi də bu gün məlumdur”.

D.Əzimlinin sözlərinə görə, İraqda Kürdüstan adlı yeni bir dövlətin yaradılması həm Türkiyə hökuməti, həm də digər qüvvələr tərəfindən müsbət dəyişiklik kimi qəbul edilsə də, əsl reallıq tamamilə başqadır: “AKP iqtidarı güman edir ki, İraqdakı bu günki vəziyyət, yəni Kürdüstanın yaradılması onun xarici siyasətinə cavab verir və həmin dövlətlə müttəfiqlik edəcəkdir. Bu gün bizdə də bəziləri düşünürlər ki. orada Kürdüstanın yaradılması normaldır və İraq türkmənləri həmin dövlətdə sayca ikinci yerə çixıb müyyən üstünlüklər əldə edəcəklər. Bu cür düşünmək sadəlövhlükdür”.

Tarixçi alimin bildirdiyinə görə, Türkiyə qonşu və müsəlman dövləti olmasına baxmayaraq İraqda baş verən proseslərlə bağlı hər zaman laqeydlik sərgiləyib. Hansı ki, rəsmi Ankaranın İraqdakı vəziyyətdən yararlanaraq siyasi baxımdan ciddi nüfuz qazana bilər, hətta hərbi qüvvələrə sahiblənə bilərdi ki, bu şəkildə həm Türkiyənin, həm də türkmənlərin mənafeyini daha müvəffəqiyyətlə qoruya bilərdi: “Baxın, bu gün Türkiyə İraq türkmənlərinin vəziyyətinə laqeyddir. Türkiyə həmişə İraq məsələsində ciddi səhvlərə yol verib. Qulağının dibində olduğu halda orada ciddi bir siyasi təşkilat yarada bilməyib. Hətta silahlı dəstələr də yaratmaq mümkün idi. Kərkükün Kürdüstana daxil olmasını türk dünyası üçün faciə sayıla bilər”.

D.Əzimli hesab edir ki, bu gün İraq ərazisində baş verən olaylar ABŞ və Qərb tərəfindən idarə edilir. Bundan sonra İran və Türkiyənin də Qərbin hədəfinə çevriləcəyini bildirən tarixçi alim, gələcəkdə baş verəcək arzuedilməz proseslərdən sığortalanmaq üçün region dövlətlərinin bir araya gələrək ciddi tədbirlər görməsinin zəruri olduğunu vurğuladı: “Bu, Qərbin və ABŞ-ın doğu siyasətinin tərkib hissəsidir. Növbədə İran və Türkiyə əraziləri gəlir. Bəs buna qarşı necə çıxmaq olar? Hesab edirəm ki, bu məsələdə Türkiyə, İran və Azərbayacan birgə hərəkət planlarını işə salmalıdırlar. Bu cür vəziyyət Rusiyaya da sərf etmir. Bu ittifaq onun da imkanlarından yararlana bilər. Söhbət kəşfiyyat və silah imkanlarından gedir. Bəzən geopolitik maraqlar üst-üstə düşdüyündən bir araya gəlmək mümkündür. Əks halda bölgənin bütün dövlətlərinin maraqlarına ciddi zərbələr endiriləcəkdir”.

D.Əzimlinin qənaətincə, Türkiyənin məhz iqtisadi maraqlarını təmin etmək səbəbi ilə susqunluq sərgilədiyi bildirilsə də, nəticə etibari ilə rəsmi Ankaranın bu siyasətdən yalnız zərər görəcəyi şübhəsizdir: “Vəziyyətdən başqa çıxış yolunu göstərənlər də vardır. Onlar bildirirlər ki, guya Türkiyə susqunluğuna görə İraqdan hansısa payı alacaqdır. Söhbət neft maraqlarından gedir. Düzü, bu variant az inandırıcıdır. Belə olarsa, Türkiyə uduzmuş vəziyyətə düşəcəkdir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600