Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri İrfan Çiftçi AzNews.az-a müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

– Azərbaycan dövlət başçısının prezident seçildikdən sonra ilk rəsmi səfəri Türkiyəyə, Türkiyə prezidentinin ilk rəsmi səfəri isə Azərbaycana olur. Ulu öndər Heydər Əliyev və mərhum Süleyman Dəmirəldən qalan bu ənənəni necə dəyərləndirirsiniz?

– Biz bir millət iki dövlətik. Bu ənənənin əsasını qoyan ulu öndər Heydər Əliyevə də, Süleyman Dəmirələ də Allah rəhmət eləsin. Biz bunu heç zaman unutmamalıyıq. Bu gün hər iki prezident – Tayib Ərdoğan və İlham Əliyev bu ənənəni qürurla davam etdirirlər. Bunun səmərələrini tarix boyu görəcəyik. Siyasət adamı ilə dövlət adamını ayırmaq lazımdır. Dövlət adamı gələcəyi görən, millətinin, dövlətinin gələcəyini şəkilləndirəndir. Siyasət adamı isə tutduğu mövqeni, statusu qorumağa çalışan insandır. Atatürkün illər əvvəl “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimiz, qisməti qismətimizdir”, Heydər Əliyevin isə “Biz bir millət, iki dövlətik” kəlamları bir-birini zamana görə açan şeylərdir. Hər ikisi müxtəlif məkanlarda və zamanda səslənsə də, mənaları eynidir. Heydər Əliyev böyük dövlət adamı olduğu üçün Azərbaycanda da böyük, güclü dövlət qurdu. Bu dövləti hərbisindən iqtisadiyyatına qədər Türkiyə ilə inteqrasiya etdi. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bu inteqrasiyanı daha da zənginləşdirdilər. Nəticədə, Azərbaycan Türkiyədəki ən böyük xarici yatırımçı oldu. Eyni zamanda, Türkiyə də ən böyük yatırımlarını Azərbaycana etdi. Ordularımız birləşdi. Təhükəsizlik orqanlarımız iç-içə çalışdılar. Lakin bizim ümumi əlaqələrdən geri qalan, zəif inkişaf edən tərəflərimiz də var. Bunlardan biri mədəniyyət, sənət aləmidir, hesab edirəm ki, bu sahədəki iş birliyimiz istənilən səviyyədə deyil. Türkiyədə təkcə Üzeyir Hacıbəyovun “Arşın mal alan”ı deyil, Azərbaycanın bütün operaları, başqa sənət əsərləri, tarixi tanınmalıdır. Eləcə də, Azərbaycan Türkiyənin ən mötəbər klassiklərini və müasir kültürünü – sənətini tanımalıdır. Artıq birgə mədəni sənət əsərləri ortaya çıxmalıdır. Təkcə musiqi aləmini deyil, rəsm, kino, teatr, incəsənət və akademiyanın hər sahəsini nəzərdə tuturam. Niyə Azərbaycan bu gün Cəmil Məriçi, Hilmi Ziyanı, Şeyx Qalibi, Münir Nürəddini, İtrini, İdris Küçüköməri, Hoca Ali Rızanı, Fuad Sezgini, Şule Gürbüzü, Lalə Müldürü tanımasın, eyni zamanda, Türkiyə Azərbaycanın tanınmış klassik və modern yazarlarını, nəhəng müğənnilərini, rəssamlarını, ziyalılarını tanımasın! Bunlar mühümdür. Məsələn, “Kaspi” qəzeti yüksək səviyyəli ədəbiyyat və teatr əlavəsi hazırlayır. Mən hər həftə onları yığıb Türkiyəyə göndərirəm. Azərbaycan bu səpkidəki işləriylə Türkiyədə daha çox gündəmə gəlməlidir, dedi-qodu və maqazin xəbərləri ilə deyil… Eyni şəkildə, Türkiyədə eyni ciddi işlərlə Azərbaycan gündəmində yer tutmalıdır. Beləcə, əlaqələrimiz dərinləşməlidir. Mən 30 ildir Azərbaycana gəlib-gedirəm və 2 ildir ki, burdayam. Amma hələ də Azərbaycan dilini normal başa düşmürəm. Ona görə də hər zaman deyirəm, bir millətik, amma Türkiyədə Azərbaycanşünaslıq, Azərbaycanda Türkiyəşünaslıq ən azı Rusiyadakı və ya İngiltərədəki Şərqşünaslıq, Türkiyatçılıq səviyyəsinin yaxınında belə deyil. Bir-birimizi çox yaxından və dərindən öyrənməyə və bilməyə çox ehtiyacımız var, buna cəhd göstərməliyik. Təəssüf ki, bu mövzuda iki tərəfin də çox təmbəl oduğu fikrindəyəm. Bir-birimiz haqqında çox az oxuyur və çox az çalışırıq. Bunu sürətlə aşmamız lazımdır, yoxsa eyni millətik, amma yan-yana sms yazan günümüzün gəncləri kimi bir-birimizi rusca və ingiliscədən oxumğa davam edəcəyik. Bu fəlakətdən tez qurtulmamız lazımdır… Unutmayaq ki, bu anda biz-birbirimizlə daha tam danışmağı və başa düşməyi bacarmırıq. Çünki Azərbaycan iqtisadiyyatı və sənət tarixi haqqındakı ən yaxşı məqalələr hələ ya rus, ya da ingilis dilindədir…

– Türk serialları dünyada və Azərbaycanda çox məşhurdur. “Yeşilçam” filmlərindən sonra bu serialların bütün dünyada inkişaf etməsinin əsas səbəbləri nələrdir?

– Birdən-birə heç nə olmur. Türk sinemasının, sənət dünyasının çox köklü bir keçmişi var. Təbii ki “Yeşilçam” sonrakı serialların yaranmasında böyük rol oynadı. “Yeşilçam”ın özəlliyi odur ki, burada bütün ailə rahat şəkildə onu izləyə bilir, heç bir zərərli tərəfi yoxdur. Amma həyat bundan ibarət deyil. Türkiyədə bir müddət anti-“Yeşilçam” dövrü başlamışdı. Daha sonra bir sintez oldu və o sintezlərlə seriallar çəkildi. Bu zaman Türkiyənin təmsil etdiyi dəyərlərlə yanaşı, müsəlman və dünyanın müasir dəyərlərinə açıq olan işlər görüldü. Əslində, dünyanın buna ehtiyacı var. Məsələn, Almaniyada modern filmlər çəkilir, ancaq orada heç bir adət yoxdur. Braziliya filmlərində isə ancaq adətlər var. Lakin Türk filmlərində bunların hamısı bir yerə toplanıb. Orxan Vəlinin bir sözü var – “Görürəm, eşidirəm, bilirəm, ancaq izah edə bilmirəm”. Ona görə, insanlara bir şeyi çatdırmaq üçün insanların onu əlləri ilə tutmağı, bir az da tuta bilməməyi lazımdır. Dondurma kimi. Hiss etməli, amma tez bir zamanda tükənməlidir.

– Burada əsas amillərdən biri dövlətin bu sahəyə ayırdığı diqqətdir həm də.

– Əlbəttə, dövlətin dəstəyi bu gün filmlərimizin üzərindədir.

– Keçmiş Mədəniyyət naziri Numan Kurtulmuş deyib ki, Türkiyədə çəkilən xarici filmlərin 30 faizini dövlət ödəyir. Buna görə çəkilən xarici filmlərin sayına görə, Türkiyə dünyanın ən böyük 5-ci ölkəsi oldu.

– Təbii ki, bunların hamısının öz təsiri var. Türkiyənin son 10-15 ildə ixracı artdı. Türk məhsullarına qarşı illər ötdükcə maraq daha da artır. Xarici bir vətəndaş gəlib marketdə deyir ki, Türk serialında bu çaydan görmüşəm, mənə bu çaydan verin. Amerikan malları da dünyada belə satılmadımı? Artıq filmlərimizin “Oskar”a namizəd olması da normaldır. Bu gün Türkiyə filmləri beynəlxalq festivallarda çıxış edir, qalib olur. Nəinki Türkiyə filmləri, Türk musiqisi də beynəlxalq layihələrdə iştirak edir və hamısında da birincilik qazanır.

– Yeni mövsümdə Azərbaycanla Türkiyə arasında hansı layihələrin olması gözlənilir?

– Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ili ilə bağlı layihələrimiz olacaq. Türkiyədə və Azərbaycanda böyük sərgilər keçiriləcək. Gənclərin iştirakı ilə yarışlar və qarşılıqlı konsert proqramlarımız var. Bunları davamlı hala gətirmək üçün çalışırıq. Arzu edirik ki, cümhuriyyətin 100 illiyi ilə bağlı muzeyimiz olsun. Azərbaycanda yüzlərlə Qafqaz İslam Ordusunun istifadə etdiyi miraslar var. İnsanlar onları qorxaraq və yaxud başqa səbəblərdən gizlətmişlər. Bunları toplayıb bir muzey halına gətirməliyik. Bu il Türkiyə-Azərbaycan həmrəyliyinin də 100 ili tamam olur. Bizim eyni millət kimi formalaşmağımız isə 100 deyil, qədimdən üzü bəri – ən az 5 000 ildir ki, davam edir. Nuru paşanın Bakıya gəlməsi adi bir kömək məqsədi daşımırdı. Bu, ayrı coğrafiyalarda yaşayan bir millətin ilk dəfə Qafqaz İslam Ordusu timsalında yüksək səviyyədə həmrəylik nümayiş etdirməsi idi. Yəni bizim dostluğumuz Azərbaycan müstəqil olduqdan sonra yaranmayıb.

 Hər il kitab sərgiləri, qarşılıqlı film həftələri keçirilir. Bu mövsümdə də bu cür tədbirlər olacaqmı?

– Təbii ki, olacaq. Bu barədə hələ ki, fikir mübadiləsi edirik. Oktyabr-noyabr aylarında İstanbulda Azərbaycan Mədəniyyət Günləri, Bakıda isə İstanbul Günləri etməyi düşünürük. Azərbaycanın həm mədəniyyət, həm də turizm layihələrini tanıdacağıq. Bakının özünü Türkiyədə az tanıyırlar. Mən orada Bakı haqqında danışanda deyirəm ki, Vyanadan qat-qat artıq bir şəhərdir. Bura gələnlər də deyirlər ki, dediyiniz qədər var. Çünki Bakı həm Avropanı, həm də Şərqi özündə birləşdirən şəhərdir. Burada yaşamaq çox rahatdır. Bu gün Türkiyədən Avropaya gedən turistlər bilsələr ki, burada yaşamaq, dincəlmək rahat və sərfəlidir, onlar Bakını seçərlər. Əsas problem odur ki, bunu təşkil edən turlar və proqramlar yroxdur. Azərbaycandan Türkiyəyə çox tur var, lakin Türkiyədən Azərbaycana heç bir tur yoxdur. Ona görə də İstanbulda Bakının tanıtımını etmək istəyirik. Buna dair müxtəlif layihələr edəcəyik.

– Bir neçə ay öncə Türkiyə PPK, PYD kimi terror birləşmələrinə qarşı genişmiqyaslı əməliyyatlar apardı. Ölkə faktiki olaraq müharibə şəraitində idi. Bu faktor Türkiyənin turizm sektoruna nə dərəcədə təsir göstərdi?

– Heç bir pis təsiri olmadı. Tam əksinə, bunun müsbət təsiri oldu. Türk ordusu dünyada heç bir bənzəri görünməmiş böyük bir əməliyyat etdi. Türkiyə ordusu heç bir vətəndaşın burnu belə qanamadan 7-8 min terroristi zərərsizləşdirdi və bölgəni tamamən təmizlədi. Bununla, Türkiyə bölgədəki nüfuzunu və gücünü göstərmiş oldu. Bu da Türkiyəyə olan güvəni artırdı.

– İrfan bəy, siz eyni zamanda, siyasət və beynəlxalq əlaqələr üzrə müəllimsiniz. Sizi həm də politoloq kimi də tanıyırıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli illərdir məqsədyönlü şəkildə yubadılır. Siz münaqişənin həllini necə görürsünüz, sülhmü, mürahibəmi?

– Beynəlxalq münasibətləri diqqətlə izləyən bir insan olaraq, yaxın iki-üç il ərzində bu münaqişənin həlli yolunun tapılacağı qənaətindəyəm. Heç bir zaman savaş arzulanan olmayıb. Son ana qədər savaşın olmaması, sülh yolu ilə həlli üçün hər şey ediləcək. Azərbaycanın bu mövzuda ciddi bir mövqeyi var. Bu gün Azərbaycan sürətlə inkişaf etməkdədir. Güclü ordusu mövcuddur, hər mövzuda qardaş Türkiyənin dəstəyi var, olmağa da davam edəcək. Bütün hallarda, hamımız bu məsələnin sülh yolu ilə həllini arzulayırıq.

– Türkiyə iki ildir ki, FETÖ terror təşkilatına qarşı çox ciddi mücadilə aparır. Necə düşünürsünüz, artıq FETÖ-nün bütün qol-qanadı qırılıbmı?

– Fetönün qolu-qanadı qırıldı. Türk dövləti ciddi bir mübarizədən və sınaqdan çıxdı. Türkiyə 3000 il əvvəl Metenin qurduğu, Fatih Sultan Mehmetin, Atatürkün “apdeyt” etdiyi və bu gün Rəcəb Tayib Ərdoğanın rəhbərliyi altında olan bir Türk dövlətidir. PKK-nın Türkiyədəki kökü uzağı 70-100 ildir, ancaq bu dövlətin ən az 3000 illik ağlı və ruhu var. Bu terroristlər bunu anlaya bilmirlər. Bu ruh, bu dərinlik hər kəsi yeyib bitirər. Buna görə də Fetönün qolu da qırıldı, qəlbi də parçalandı. Ancaq onun virusları davam edir. Onlar da zaman içərisində təmizlənəcək. Bu Fetö zərbəsini İngiltərə, Amerika görsəydi, 20 il ərzində özünə gələ bilməzdi. Türkiyənin qədim ruhu, ağlı bir ildə bu zərbəni dəf etdi.

Qeyd:

Müsahibimiz İrfan Çiftçi 2016-cı il 15 iyul çevriliş cəhdi hadisəsinin içərisində olub. O yaşadığı həmin anların hisləri və reallığı barədə kitab yazıb. Müəllif “Uzun gecənin qısa tarixi” adlı bu kitabında yazır:

“15 iyul məmləkətimizə, millətimizə, dövlətimizə və bütün varlığımıza bənzəri görmədiyim dəhşətli hücum edən bu xainlərə, onlara nə dərəcədə olursa-olsun dəstək və simpatiya göstərən hər cür varlıqlara həyatım boyunca lənət oxuyacağam. İnsanın başına gəlməyincə anlaya bilməyəcəyi şeyləri yaşadım. Həyatımda bir gün Türk əsgəri gıyafesinde insanların bu qədər canavar, yezid, terrorist olacağını ağlıma belə gətirə bilmədim. Ancaq yaşadım və yaşadıq. Həmin gecə həyatım boyunca əsgərlikdə olduğum müddətdən başqa həqiqi silahla atış etməmiş bir insan olaraq saatlarca bir savaşın içində oldum. Qarşımdan, sağımdan, solumdan güllələr keçdi. Gözümün önündə vurulmuş onlarca yaralını daşıdıq. Vətəndaşlarımızın axan qanlarına, titirəyən bədənlərinə toxundum və hissiyatım yox olmuşdu…

Universitetdə otağımda bir məqaləni bitirib çıxmağa çalışırdım. Saat 22:30 olardı. Sosial mediadan «Tanklar gəlir» – deyə bir mesaj oxudum. Tanıdığım dostlarımla əlaqə saxlamağa çalışdım. Hər kəs təəccüb içində idi. Kitablarımı çantama qoyub evə getmək üçün universitetdən çıxdım. Taksi ilə getməyə qərar verdim. Fəqət, 5 dəqiqə içində birdən-birə sanki bir rüzgar xortumu olmuş kimi maşınlar sağa-sola keçməyə başladı. Axırıncı dayanacaqdakı avtobuslar işıqlarını söndürüb sürətlə öz dayanacaqlarına doğru getdilər. Gözlərimə inanmadım. Əsgərlər yolu kəsmişdilər. Bəziləri də baryer qururdular. Düşündüm ki, yəqin, böyük bir terror alarmı var. Əsgərlərə bildirdim ki, müəlliməm və evə gedirəm. Onlar dedilər ki, əmri yerinə yetirirlər, heç bir müəllim-filan da anlamırlar – “Əgər yaxınlaşsan, atəş açacağıq”. Əslində, onların ciddi olmadığını düşündüm. Bir-iki addım atmışdım ki, arxadakı əsgər “gəlməyin” deyərək bağırıb tüfəngi üzərimizə doğrultdu. Donub qalmışdım. O arada arxamda bir kişi, məktəbdən məni tanıyan mühafizəçi “gediş-gəliş bağlıdır, gəlin məktəbə dönək” dedi. Əşyalarımı yerə qoyub telefonu açdım və sosial mediadan oxudum ki, doğrudan da ölkəmdə böyük bir çevriliş olur. Prezidentin də çağırışını eşidəndən sonra gedib stolun üzərindəki bayrağı alıb yenidən çölə çıxanda gördüm ki, insanlar küçələrə çıxıblar. Əsgərlərlə danışmağa çalışanlar da var idi. Hətta, bir nəfər əlindəki bayrağa sarınmış vətəndaşa “biz də onun üçün burdayıq, nə olur, yaxınlaşma” deyə yalvarırdı. Bizdə əsgərlərin üzərinə yeriyərək baryerlərə qarşı getməyə başladıq. 3-4 çavuş silahı doğruldaraq üzərimizə gəlməyə başladı…”.