Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Büdcə sistemi dəyişdirildi: “Hökumət büdcənin gəlirlərində və xərclərində azalmaya gedəcək” – İqtisadçı

“Növbəti ilin dövlət büdcəsi haqqında qanun hazırlanarkən bir sıra indikatorlar nəzərə alınacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında “Büdcə sistemi haqqında” qanuna tətbiq olunmuş dəyişiklikləri şərh edən iqtisadçı Rəşad Həsənov deyib.

Maliyyə Nazirliyinin “Büdcə sistemi haqqında” qanuna edilmiş dəyişikliklərlə əlaqədar verdiyi izahatda bəhs olunan yeniliyin detallarına toxunulub. Qeyd olunur ki, sözügedən dəyişikliklərə əsasən, 2019-cu büdcə ilindən etibarən, xərclərin orta və uzunmüddətli idarə edilməsi yeni büdcə qaydası əsasında həyata keçiriləcək. Bildirilir ki, büdcə sistemində yeni qaydaların qəbulu dövlət büdcəsinin neft gəlirlərinin dəyişkənliyindən asılılığını azaldacaq və büdcə intizamının kifayət qədər möhkəmləndirəcək.

Bu barədə Yenicag.az-a danışan iqtisadçı Rəşad Həsənov hesab edir ki, büdcə sistemində dəyişiklikləri şərtləndirən amillər artıq bir neçə il əvvəl aktuallaşmışdı və hökumət bu istiqamətdə hazırlıqlar görürdü:
“Bu istiqamətdə hökumətin ilkin mövqeyi 2014-cü ildən sonra formalaşmağa başladı. Neftin ucuzlaşması fonunda dövlət gəlirlərinin azalması son nəticədə dövlət xərclənmələrinin nəzarətə alınması və eyni zamanda, konkret, gəlirlərlə koliryasiyanın mövcud olduğu fiskal qaydalarının müəyyənləşdirilməsi qənaətinin formalaşmasına gətirib çıxardı. Bununla bağlı 2016-cı ilin dekabrında hazırlanan strateji yol xəritələrində müəyyən öhdəliklər müəyyənləşdirilmişdi və həmçinin 2017-ci ilin dövlət büdcəsi haqqında qanunda analoji öhdəliklər öz əksini tapmışdı.

Bu çərçivədə əsas məsələlərdən biri Azərbaycanda neft gəlirlərinin həcmi və büdcə arasında asılılığın müəyyən edilməsidir. Büdcə sistemi haqqında qanuna edilən dəyişikliklər əsasında bundan sonrakı dövrdə – növbəti ilin dövlət büdcəsi haqqında qanun hazırlanarkən bir sıra indikatorlar nəzərə alınacaq.

Onlardan birincisi icmal büdcənin ümumi həcm göstəricisidir. Yəni növbəti ilin büdcəsi cari ilin icmal büdcəsinin 103 faizindən artıq ola bilməz. Amma burada bir məsələni nəzərə almaq lazımdır ki, icmal büdcənin gəlirlərinə və xərclərinə Neft Fondunun gəlirləri və xərcləri daxildir. Bu kontekstdən yanaşdıqda, fiskal qayda olaraq birinci məhdudiyyət kimi həmin məqamı vurğulaya bilərik.

İkinci qayda isə neft gəlirləri və dövlət ehtiyatları arasında olan nisbət fonunda müəyyən edilir. Burada qeyri-neft və neft gəlirlərinin büdcədəki tərkibi ayrı-ayrılıqda qiymətləndirildikdən sonra alınan faizlər əsasında büdcənin məbləği məhdudlaşdırılır. Belə olan halda büdcənin neft gəlirləri qeyd edilən indikatorlar üzrə qiymətləndirmələrin 30 faizindən çox ola bilməz.

Azərbaycan hökuməti büdcə sistemində bu qaydaları tətbiq etməklə, növbəti dövr üçün büdcə xərcləmələrində neft gəlirlərinin həcmini müəyyən qədər azaltmaq istiqamətində strategiya müəyyənləşdirir. Bildiyiniz kimi, bunun ardınca Azərbaycanda dövlət borcları haqqında strategiya da təsdiqləndi. Bu strategiyada 2019-cu ildən sonrakı dövr üçün dövlət büdcəsinin bəzi indikatorları da öz əksini tapıb.

O indikatorların təhlili göstərir ki, hökumət növbəti dövrlərdə artıq qeyd olunan prinsipləri tətbiq etmək şərtilə büdcənin gəlirlərində və xərclərində azalmaya gedəcək. Həmin göstəricilər 2018-ci ilin büdcəsi ilə müqayisədə 2019-cu ilin büdcəsində əhəmiyyətli dərəcədə azaldılacaq.

Azərbaycanda qəbul olunmuş qaydaların daha sonra taktiki gedişlərə uyğunlaşdırılması tendensiyası var. Ancaq ümid edirəm ki, büdcə sistemi üçün nəzərdə tutulan bu qaydalara tez-tez dəyişikliklər edilməyəcək”.

A.Zeynalov

www.yenicag.az

694
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS