“AZAL vətəndaşlarımızın aşağıbüdcəli aviaşirkətlərə əlçatanlığının olmamasının fərqində deyil”.
Yenicag.az xəbər verir ki, bunu AZAL-ın qiymət siyasətini tənqid edən Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Onun sözlərinə görə, əvvəllər AZAL-da qiymətlərin endirilməsilə bağlı narazılıqları və müraciətləri adətən sərnişinlər, vətəndaşlar və ekspertlər etsə də, artıq dövlət qurumları da mövcud vəziyyətdən narazılıqlarını dilə gətirirlər:
“AZAL-ın idarəetməsinin Azərbaycan İnvestisiya Holdinqinə həvalə edilməsindən sonra dəyişiklik ondan ibarətdir ki, bu tip müraciətləri dövlət qurumları, rəsmi şəxslər edirlər. Ötən gün Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev aviabiletlərin qiymətlərinin endirilməsi və rəqabətli mühitin inkişafı üçün aşağıbüdcəli aviaşirkətlərin ölkəyə dəvət edilməsi ilə bağlı AZAL rəhbərliyinə müraciət edib. O, haqlı olaraq ASAN Visa sisteminin, yüksək servisli və ucuz hotellərin, görməli və istirahət etməli yerlərin, inkişaf etmiş infrastrukturun turizm üçün yetərli olmadığını diqqətə çatdırıb. Aidiyyatı dövlət qurumunun rəhbərinin belə bir müraciəti əslində aydın səmada göy gurultusu effekti yaratmalıdır, amma hələlik reaksiyalar yoxdur.
Pandemiya səbəbindən vətəndaşlar xaricə daha ucuz uçuşlar üçün Kutaisi və Tbilisiyə də gedə bilmirlər.
Görünür ki, AZAL da vətəndaşlarımızın nəinki aşağıbüdcəli aviaşirkətlərə əlçatanlığının olmaması, həmçinin ənənəvi Gürcüstandan uçuş üçün seçim imkanlarının olmadığının fərqində deyil. Odur ki, qiymətlər də od tutub yanır. Əgər hökumət bundan sonra da tədbir görməyəcəksə, onda gərək növbəti mərhələdə, biletlərin baha olması səbəbindən xarici rəsmi qonaqların ölkəyə gələ bilməməsi ilə bağlı Prezident Adminsitrasiyası və ya Xarici İşlər Nazirliyinin də oxşar müraciətlərini eşitməyə hazır olaq”.
Gülşən Şərif
www.yenicag.az