“Bu hadisəni təkcə Azərbaycanın maliyyəsinə vurulan zərbə kimi dəyərləndirmək olmaz”.
Bu sözləri Naxçıvanda baş verən son prosesləri dəyərləndirən iqtisadçı Qubad İbadoğlu Yenicag.az-a açıqlamasında deyib.
O, bildirib ki, Naxçıvanda üstü açılan korrupsiya faktları 27 ilə aid olan bir məsələdir:
“Naxçıvan Muxtar Respublikasının (MR) 2021-ci ildə dotasiyadan kənar büdcəsi 145 milyon 38 min manat icra edilib. 2021-ci ildə Naxçıvanın büdcəsi 606 milyon manat olub. Bu vəsaitin yalnız 145 milyon manatını Naxçıvanın özü, 31 milyon manat isə gömrükdən yığılıb. Naxçıvan MR-in maliyyə naziri Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə və 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur ki, bu, Naxçıvanın 1 illik büdcəsidir. Belə çıxır ki, Naxçıvanın büdcəsini cəmi 1 nəfər talaya bilib. Naxçıvan MR-in ləğv olunmuş gömrük qurumunun şöbə rəisi Mənsur Əsgərov da 132 milyon manatı mənimsəməkdə ittiham olunub. Beləliklə, iki nəfər birlikdə 2020 və 2022-ci il üçün Naxçıvanda yığılan büdcə gəlirləri qədər vəsait oğurlayıblar. Bu, talançılıqdır. Əgər Naxçıvanda bu qədər pul dövriyyəsi mövcud idisə, nəyə görə 30 ildir Naxçıvana Azərbaycan dövlət büdcəsindən dotasiya verilir?! Yalnız iki nəfərin oğurladığı pulları büdcəyə yönəltsəydilər, Naxçıvanın büdcəsi dolub daşardı.
Digər məsələ budur ki, Azərbaycanın rayonlara ayrılan büdcəsi 2018-ci ildən indiyə kimi azalıb. Yəni 2017-ci ildə rayonlara 830 milyon manata yaxın vəsait ayrılıbsa, növbəti il bu məbləğ 83 milyon manat təşkil edib. Hazırda isə 8 rayona 12 milyon manat vəsait ayrılır. Onlardan 6 rayonda məcburi köçkünlər yaşayırlar. Korrupsiya, dövlət büdcəsini talamaq dəhşətli bir işdir. Bu hadisəni təkcə Azərbaycanın maliyyəsinə vurulan zərbə kimi dəyərləndirmək olmaz. Söhbət ölkənin milli təhlükəsizliyi üçün kifayət qədər problem yarada bilən insanların mövcudluğundan gedir. Əslində Naxçıvan kimi strateji bir ərazidə son hadisələr yaşanmamalı idi”.
Gülşən Şərif
www.yenicag.az