Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-90 faizini təşkil edir.
Fevralın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 125 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 215 m3/s olmaqla ongünlük normanın 126 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 53 m3/s olmaqla, ongünlük normanın 75 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 51,5 m3/s təşkil edərək ongünlük normanın 73 faizinə bərabər olub.
Fevralın 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 12, Şirvanda 6, Salyanda 7, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 3 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 391 sm (2018-ci il fevralın 15-də 335 sm), Şirvanda 279 sm (2018-ci il fevralın 15-də 193 sm), Salyanda 237 (2018-ci il fevralın 15-də 153 sm), Bankədə 223 sm (2018-ci il fevralın 15-də 177 sm), Araz çayının Novruzlu məntəqəsində isə 120 sm (2018-ci il fevralın 15-də 80 sm) təşkil edir.
www.yenicag.az