"Çek yoxdursa, geri götürmürük" deyənlərin NƏZƏRİNƏ: Əslində qanun nə deyir?
Azərbaycanda istehlakçıların üzləşdiyi əsas problemlərdən biri də alınan malların geri qaytarılması və ya dəyişdirilməsi ilə bağlıdır. Xüsusilə son illərdə vətəndaşlar tez-tez bildirirlər ki, bəzi mağazalar müxtəlif bəhanələrlə məhsulu geri qəbul etmir. Bu isə həm ciddi narazılıq yaradır, həm də qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir.
Mövzu barədə Yenicag.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov bildirib ki, mövcud qaydalara əsasən, istehlakçıların hüquqları kifayət qədər genişdir və əksər mallar müəyyən şərtlərlə geri qaytarıla bilər:
“Nazirlər Kabinetinin 114 saylı qərarında göstərilən istisnalar çıxılmaqla, bir çox mallar, o cümlədən ərzaq məhsulları, dərmanlar, mürəkkəb texniki vasitələr və digər mallar istifadə olunmayıbsa, kassa çeki və ya malın həmin obyektdən alındığını sübut edən sənəd təqdim edilərsə, 14 gün müddətində dəyişdirilə bilər. Əgər dəyişdirməyə müvafiq mal yoxdursa, məhsul geri qaytarılmalıdır”.
Ekspert qeyd edib ki, burada əsas şərtlərdən biri məhsulun istifadə olunmaması və alışı təsdiq edən sənədin olmasıdır. Onun sözlərinə görə, bəzi mağazalar çek olmadıqda məhsulu geri götürməkdən imtina edirlər, lakin istehlakçı malın məhz həmin obyektdən alındığını başqa yollarla (məsələn, video-müşahidə, bank çıxarışı və ya şahid ifadəsi) sübut edə bilirsə, bu halda da qaytarma mümkündür.
Eyyub Hüseynovun sözlərinə görə, məhsulda qüsur aşkarlanarsa, istehlakçının hüquqları daha da genişlənir:
“Əgər malın zavod qüsuru və yaxud texniki qüsuru varsa, daha uzun müddət ərzində də həmin mallar dəyişdirilə və ya qaytarıla bilər. Bu hallarda artıq 14 gün məhdudiyyəti tətbiq olunmur və məhsulun keyfiyyətinə görə məsuliyyət birbaşa satıcı və ya istehsalçının üzərinə düşür”.
Ekspert vurğulayıb ki, Nazirlər Kabinetinin 114 saylı qərarında geri qaytarılması mümkün olmayan malların siyahısı əslində çox məhduddur və əsasən gigiyenik baxımdan həssas məhsulları əhatə edir:
“Həmin qərarda göstərilən mallar çox kiçik bir qrupu əhatə edir. Bura, əlbəttə ki, gigiyenik baxımdan həssas olan məhsullar — diş fırçaları, alt paltarları və digər bu kimi mallar daxildir”.
Onun sözlərinə görə, bu siyahıya daxil olmayan mallar, hətta qüsursuz olsa belə, istehlakçının tələblərinə (fasonu, ölçüsü, rəngi və s.) uyğun gəlmədikdə geri qaytarıla bilər.
Mütəxəssis əlavə edib ki, bəzi hallarda satıcılar qanunvericiliyi düzgün tətbiq etmir və ya istehlakçıların hüquqlarını qəsdən məhdudlaşdırmağa çalışırlar. Bu kimi hallarla qarşılaşan vətəndaşlar aidiyyəti qurumlara müraciət edərək öz hüquqlarını tələb edə bilərlər.
Beləliklə, mövcud qanunvericiliyə əsasən, istehlakçıların malları geri qaytarmaq və ya dəyişdirmək hüququ kifayət qədər genişdir. Mağazaların əsassız şəkildə bu tələbləri rədd etməsi qanun pozuntusudur və vətəndaşlar bu hallarda hüquqi müdafiə mexanizmlərindən fəal istifadə etməlidirlər.
Samir Məcidov













