Son günlər havaların qeyri-sabit keçməsi Cəlilabad rayonunun bir sıra kəndlərində biçilməmiş əkinləri yararsız hala salıb.
Yenicag.az xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbiri sözügedən ərazilərdə olub, mövcud vəziyyəti araşdırıb.
Dolu ilə müşayiət olunan yağış Cəlilabadın, əsasən, dağlıq ərazilərdə yerləşən kəndlərinə daha çox ziyan vurub. Rayonun Kövüzbulaq kəndində, demək olar ki, əksər əkinlər yararsız hala düşüb. Aran bölgələri ilə müqayisədə taxıl zəmiləri burada gec yetişdiyi üçün sahələrdə biçinə hazırlıq gedirmiş.
Torpaq sahibi Əli Həsənov bildirir ki, onun da əkdiyi taxıl sahələri yararsız vəziyyətə düşüb.
“Sanki bir bəla idi, gəldi, getdi. Yarım saat yağan dolu bütün əkinimizi məhv etdi. Əkinimizi sığorta etdirmədiyimiz üçün kompensasiya da düşmür. Güclü dolu taxıl sahələri ilə yanaşı, noxud, mərci sahələrini də yararsız hala salıb”.
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı İlham Babayev də rayonda əkin sahələrinin yararsız hala düşdüyünü bildirib.
“Bir neçə gün bundan qabaq Cəlilabadın dağ kəndlərində güclü küləklə müşayiət olunan dolu yağıb. Yağan dolu nəticəsində yetişmiş məhsullara ciddi ziyan dəyib. Yararsız hala düşən əkin sahələrinə baxış keçirdik. Təəssüf ki, fermerlər əkin sahələrini sığorta etdirməyiblər. Bu da təbii fəlakət zamanı dəymiş ziyanın ödənilməsini çətinləşdirir”, – deyə o qeyd edib.
Təkcə Kövüzbulaq kəndinin də daxil olduğu inzibati ərazi vahidliyinin tərkibində olan üç kəndin 1 000 hektara yaxın əkin sahəsi yararsız hala düşüb. Biçinə hazırlaşan kəndlilərin bəziləri təbii fəlakətdən sonra sahələri şumlatdırmaq qərarına gəliblər.
www.yenicag.az