Çempionlar Liqası: "Napoli"də 7 itki var! - "Qarabağ" bu şansı dəyərləndirəcəkmi?
“Qarabağ” ın 24-lüyə düşməsi realdır”
Bunu Yenicag.az-a açıqlamasında futbol eksperti Emin Abbasov deyib.

Ekspert bildirib ki, Çempionlar Liqası son dərəcə çətin turnirdir və burada hər matç yüksək səviyyədə mübarizə tələb edir:
“Rəqiblərin hamısı “Qarabağ” dan həm təcrübə, həm səviyyə, həm büdcə, həm də heyət baxımından üstündür. Amma bütün bunlara baxmayaraq, “Qarabağ” çox yaxşı çıxış edir”.
Emin Abbasov xatırladıb ki, liqa mərhələsi başlamazdan əvvəl “Qarabağ”dan cəmi bir neçə xal gözlənilirdi: “Komanda bizi təəccübləndirdi və indiyə qədər 7 xal topladı. Bundan sonra əlavə 4–5 xal kifayət edər ki, “Qarabağ” 24-lüyə düşsün və bu, artıq real görünür”.
“Napoli” ilə qarşıdakı oyunu dəyərləndirən ekspert, “Çelsi” ilə Bakıdakı heç-heçənin futbolçularda özünəinam yaratdığını vurğulayıb: “İndi futbolçular hiss edirlər ki, top-5 liqa komandalarından da xal almaq mümkündür. ‘Çelsi’ rotasiya ilə gəlmişdi və ‘Qarabağ’ bu fürsətdən maksimum yararlanmışdı”.
Abbasovun sözlərinə görə, “Napoli” dəki heyət itkisi də Azərbaycan təmsilçisinin xeyrinə işləyə bilər: “‘Napoli” nin 6–7 futbolçusu məcburiyyətdən oyunu buraxacaq. Bu amil “Qarabağ” üçün üstünlüyə çevrilə bilər”.
Ekspert səfər matçında 1 xalı belə müsbət nəticə hesab edir:
“Bakıda da oyunlarımız var. Bu matçlardan birində qələbə qazanıb, səfərdən də 1 xal gətirsək, ‘Qarabağ’ın 24-lüyə düşməsi tam realdır”. Sonda o qeyd edib ki, komanda fors-major yaşamasa, “Napoli” ilə səfərdən yaxşı nəticə qazanmaq mümkündür.
Samir Məcid












