Cənubi Qafqazda BÖYÜK OYUN: Dəhliz uğrunda qlobal güclər MÜBARİZƏYƏ GİRİŞDİLƏR
“İran və Rusiya qütbün çökən tərəflərdir”.
Bu sözləri Zəngəzur dəhlizinin açılma ehtimalı, dəhlizə nəzarəti ABŞ şirkətlərinə verilmə iddiası və gözlənənləri Yenicag.az-a şərh edən politoloq Zəlimxan Məmmədli deyib.
O, bildirib ki, Rusiya və İranın regiondan çıxarılması strategiyası var:
“Zəngəzur dəhlizinin açılışı reallaşmalıdır. Hər iki tərəf bu məsələdə məsuliyyət daşımalıdırlar. Burada Türkiyənin də maraqları var. Görünən odur ki, dəhliz uğrunda döyüşən tərəflərdən biri ABŞ-dir, digəri isə İran və Rusiyanı götürmək olar. Məsələ ondadır ki, İran və Rusiya qütbün çökən tərəflərdir. Bütün hallarda prosesin həll olmaması gələcəkdə konfliktin baş verməsinə gətirib çıxarda bilər”.
“Nəzəri cəhətdən düşünərdik ki, ABŞ-siz, İransız Ermənistanla, Azərbaycan arasında bu məsələ həll olunsun. Türkiyə ilə anlaşma, İsrailin buradakı mövqeyi mövcuddur, bundan əlavə, strateji baxımdan, Rusiya və İranı bölgədən birdəfəlik çıxarmaq cəhdi var. Bunun strategiyanın içərisində Türkiyə və türk dünyasının maraqları da təmin oluna bilər. Dəhlizin açılması ilə bağlı Avropa İttifaqı ilə də müəyyən razılaşmalar ola bilər. Proseslər açıq müstəviyə keçir. Yaxın gələcəkdə hansı qütbün daha güclü olduğunun şahidi olacağıq”, – deyə o, fikirlərini tamamlayıb.
Səxavət Məmməd