Cənubi Qafqazda “uçan gərginlik”: Təyyarə yarışında qazanan tərəf KİM OLACAQ? – Səxavət Məmməd yazır

media-hightechnic-468x90

Dünyada gedən silahlanma Cənubi Qafqazdan da yan keçmir. 44 günlük müharibədən sonra Ermənistan tərəfi məğlubiyyətin səbəbkarı kimi Rusiyanı gördü. Rusiya ilə müəyyən mənada münasibətlərdə soyuqlaşma yaşandı. Ermənistan silah alışında daha çox Hindistan və Fransaya üz tutdu. Bunun obyektiv səbəbləri də var. Çünki Rusiya Ukraynada apardığı müharibəyə görə müqavilə öhdəliklərini yerinə yetirə bilmirdi.

Məsələyə obyektiv yanaşsaq, Azərbaycanın aviaparkını yenilənməsi Ermənistanın silahlanmasına görə deyil. Açıq şəkildə demək lazımdır ki, Azərbaycanın aviaparkı köhnə id i və Azərbaycan uzun zaman idi ki, aviaparkını yeniləməyi düşünürdü. Düzdür, Azərbaycanın aviaparkında MiQ-21, MiQ-29, Su-24, Su-25 hərbi təyyarələri var. Bu təyyarələr həm yeni təmirdən çıxıb, həm də modernləşdirilib. Müharibə vaxtı da ciddi nəticələr göstərib, ancaq aviaparkın yenilənməsi şərt idi. İddialı bir ölkənin aviaparkındakı ən yaxşı təyyarələr MİQ-29, Su-25 olmamalıdır. Məsələyə bir qədər dərindən yanaşsaq, Rusiya-Ukrayna müharibəsi Azərbaycanın da əlinə fürsət verdi ki, Rusiyadan yox, hərbi təyyarələri fərqli ölkələrdən alsın. Əgər Rusiyanın başı Ukraynadakı müharibəyə qarışmasa idi, ruslar Azərbaycana təzyiq edərək ən azı Su-30, Su-35-lər satmaq istəyəcəkdi. Yeri gəlmişkən, bu yöndə onların təzyiq etdiyi barədə məlumatlar da var.

Azərbaycan aviaparkını yeniləmək üçün strateji müttəfiqlərindən biri Pakistana üz tutdu. Azərbaycan öncə 16 ədəd “JF-17C Thunder Block 3” çoxməqsədli döyüş təyyarəsini sifariş verdi. Daha sonra isə bu təyyarələrin sayı 40-a çatdırıldı. İddialar var ki, Azərbaycan Çindən J-10CE döyüş təyyarəsi almağı da planlaşdırır. Ancaq Pakistandan alının JF-17-lərin sayının 16-dan 40-a çatdırılması, bunun nə qədər real olub-olmayacağını sual altına qoyur.

Azərbaycanın aviaparkını sürətlə yeniləməsi, şübhəsiz ki, Ermənistan tərəfini də narahat edir. Düşünürəm ki, təkcə Ermənistanı da yox. Ermənistanın da yeni təyyarələr almaq iddiası var. Məsələ ondandır ki, Ermənistan aviaparkını iki ölkə vasitəsi ilə yeniləyə bilər: biri Hindistan, digəri isə Fransa. Hətta iddia olunur ki, Hindistan tərəfi Ermənistana Su-30MKI-lar satmaqda maraqlıdır. Hətta Hindistanın Ermənistana bu yöndə təzyiq etdiyi də iddia olunur. Az ehtimal olsa da, Ermənistanın Fransadan “Rafale” döyüş təyyarələri ala bilər. Ancaq bunun reallıq payı bir qədər aşağıdır.

Döyüş təyyarələri almaqla işin bitdiyini demək və düşünmək, yüngül desək, axmaqlıq olardı. Öncə aerodromlar döyüş təyyarələrinə uyğunlaşdırılmalıdır. Bundan əlavə, döyüş təyyarələrindən də önəmlisi pilotların yetişdirilməsi vacib amildir. Ermənistan ərazisinin kiçik və bu ərazinin də, əsasən, dağlıq olması Ermənistanın əl-qolunu bağlayan əsas amillərdəndir. Azərbaycan ərazisi Ermənistandan böyük olsa da, Azərbaycan İrandan hava məkanı alaraq manevrləri həyata keçirə bilirdi. Yeri gəlmişkən, müharibə vaxtı İran o hava məkanını bağlamışdı. Ermənistan, əgər Su-30MKI, yaxud “Rafale” alsa belə, onun hava məkanı manevr üçün əlverişli deyil. Mütləq şəkildə Ermənistan hava məkanı kirayələməlidir. Ona görə də Hindistanın xüsusi təzyiqi olmasa, Ermənistanın aviaparkını yeniləcəyi istəyinə düşəcəyi inandırıcı görünmür.

Ermənistan hazırda daha çox hava hücumundan müdafiə sistemləri, haubitsalar, reaktiv yaylım atəş sistemləri, dronlar və antidronlarla daha çox maraqlanır. Hindistanın dronlar və xüsusilə antidron sistemləri sahəsində apardığı tədqiqatlar Ermənistanın diqqətini daha çox çəkir. Ona görə də Ermənistan daha çox bu istiqamətə yönələcək. Ancaq Azərbaycanın Pakistandan aldığı döyüş təyyarələri Hindistanı hərəkətə gətirib. Hindistan Pakistanla rəqabətini Cənubi Qafqazda da dava etdirir. Yeri gəlmişkən, Hindistan dünyanın 90-dan çox ölkəsinə silah satır, ancaq Hindistanın ən böyük silah alıcısı Ermənistandır.

Son günlər Hindistandan Ermənistana generallar səfər edir. Hətta Ermənistanın Hindistandan aldığı ATAGS artilleriyasının təlim atışları da həyata keçirilib. Yeri gəlmişkən, Hindistandan Ermənistana gələn general Hindistan ordusunun 52-ci zirehli korpusun komandiridir. Həmin korpus tank, artilleriya və zirehli maşınlardan ibarətdir.

Ermənistan Baş naziri Nikol Paşinyan hər nə qədər sülhdən da danışsa, hətta Rusiya əleyhdarı kimi də görünsə, əməldə bunun tam əksini nümayiş etdirir. Rusiya ilə Ermənistan arasında siyasi əlaqələr, diplomatik səfərlərin sayında ciddi artımın olduğu görünür. Yəni Paşinyanın bir əli Rusiyanın “ətəyində”dir.

Açıq şəkildə demək lazımdır ki, “Qarabağ kartı”nı Rusiya yenidən işə salmaq niyyətindədir. Rusiya təkcə Ermənistandakı müxalif düşərgənin dili ilə yox, elə öz rəsmilərinin dili ilə də bu məsələyə ehyam vurur. Azərbaycan müstəqil olandan bu yana keçmədiyi kataklizmlər qalmayıb. Ancaq Paşinyanın bir Qurban bayramı təbrikinə insanların çoxu sıyıldı. Hətta bunu sülhün işarə kimi təqdim edənlər də oldu.

Azərbaycanda və Ermənistanda bir çoxları iddia edirlər ki, Rusiya zəifləyəcəyi təqdirdə, Cənubi Qafqaz rahat nəfəs alacaq. Düzü. bunun tam əksini düşünürəm. Tarixə də baxsaq, indiki adla Rusiyanın başqa regionlarda hər ağzı ovulduğunda bu regiona bəla gətirdiyinin şahidi olmuşuq. Bu regionda Rusiya təhdidi qalır, hətta deyərdim ki, son dövrlər bu təhdid açıq müstəviyə keçmək üzrədir. Hərbi baxımdan güclənməkdə fayda var, ancaq təkcə hərbi sahəyə fokuslanaraq digər sahələri gözardı etmək özü də bir təhdid sayılmalıdır.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600