Ceyhun Bayramlıdan deputata sərt cavab
“Siyasətdə illər uzunu bu dövlətin bir sınıq qoluna dərman olmamış birisinin haqqı yoxdur ki, Azərbaycan dövlətinin adını ortalığa qoysun”
Tədqiqatçı Ceyhun Bayramlı Fazil Mustafanın onun haqqında dediklərinə reaksiya verib. Açıqlamanı olduğu kimi yayınlayırıq:“Fazil Mustafa mənim barəmdə bəzi sayıqlamalar edib, əhəmiyyət verməyib üzərindən keçmək istəyirdim. Amma əslində özünü hörmətdən saldığı həmin açıqlamasının ardını oxuyanda bu adamın cavabının verilməli olduğu qərarına gəldim. Yaxasında millət vəkilinin simvolu olan Azərbaycan bayrağını daşıyır bu insan, və verdiyi açıqlamalarla bu dövlətin tarixinə, təməllərinə necə balta çaldığının ya fərqində deyil, ya da seçkiqabağı şəxsi siyasi reytinq ehtirası gözünü hədsiz dərəcədə tutub. Mən onun kimi publikaya pafoslu, elmilikdən kənar, dezinformasiya yüklü nağıllar danışmamışam. Hansı yolda, əqidədə olduğumu da yetərincə gözəl bilirəm. Siyasətdə illər uzunu bu dövlətin bir sınıq qoluna dərman olmamış birisinin haqqı yoxdur ki, Azərbaycan dövlətinin adını ortalığa qoysun. Bu dövlətin tarixi keçmişinin olmaması barədə erməni mətbuatında sevinclə qarşılanan iddialarda bulunduğuna bir kənardan diqqət yetirsəydi, özünü nə hala saldığını görərdi. Təəssüf ki, bəzi siyasi fiqurlarda özünü kənardan görmək xüsusiyyəti yoxdur.
Mənim barəmdə deyə bildiyi odur ki, mən Babək barədə makulatura ərsəyə gətirirəm. Adamın məkulatur dediyi iki kitabıma rəy və ön söz yazmış bir neçə tarix elmləri doktoru və professorun ismi dayanır. Həmin kitablarda Fazil Mustafanın ömrü boyu üzünü belə görmədiyi təxminən iki yüz adda ədəbiyyatdan, 140-dan artıq tarixi mənbə məlumatından istifadə olunub. Bunların hər hansı birinə cavab vermək savadı olmayan Fazil Mustafa yaxşı olar ki, özünün indiyədək İstanbulda nəşr etdirdiyi bəzi kitablarına nəzər salsın. Elmilik yükü sıfıra bərabər olan həmin kitablarından birində (Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşü kitabında) “xürrəmiliyi Əbu Müslümün ölümündən sonra üsyan qaldırmış şiə firqələrindən biri” kimi qeyd edən bir adam, kimlərinsə işarəsi ilə 2-3 il keçdikdən sonra Babəki sapıq adlandırıb təhqir edir. Həm də ölkə Prezidentinin Babəkə Bakı şəhərində abidə qoyulması ilə bağlı 2011-ci ilin sentyabrında fərman imzalamasından sonra. Bu adam dolayısı ilə Azərbaycanda əhli-beyt yönümlü milyonlarla insanın inancını sapıq adandırmaqdan çəkinmir və məzhəblər arasında təfriqəyə yol açır. Və hələ durub dövlətçilikdən dəm vurur.
Azərbaycanın övlət adı kimi 1918-ci ildən öncə işlənmədiyi barədə erməni dəyirmanına su tökən fikrinə gəlincə, bunu elə təkcə Cəlaləddin Əsyutinin (Süyutinin) “838-ci ildə Mötəsim Azərbaycan padşahını əsir almışdır” cümləsi ilə təkzib etmək mümkündür. Mərhum akad.Ziya Bünyadov bu sitati hələ 20-30 il öncə “Azərbaycan VII-IX əsrlərdə” adlı monoqrafiyada göstərmişdi. Tarixdən nələrisə bilməmək ayıb deyil, bilmədiyini danışmaq və kütlələrə dezinformasiya ötürmək millət vəkili adını daşıyan bir adam üçün ayıbdır. Rəsulzadəyə istinad etdiyini bildirən Fazil Mustafa nə əcəb bəs Rəsulzadənin Şah İsmayılı “türki-tacidar” adlandırıb zirvələrə qaldırdığı fikirlərin üstündən sükutla keçir? Rəsulzadəyə belə istinad edənsənsə, Şah Xətai ilə bağlı onun müsbət fikirlərini də söylə. Amma yox, ona Şah İsmayılı söyüb-aşağılamaq tapşırığı verən qüvvələr bundan rəncidə ola bilərlər, bu üzdən belə yersə susmaq Fazil Mustafa üçün elə ən yaxşısıdır. Onun “fars-şüubiyyə hərəkatı” ifadəsinin özü tarixdən xəbərsizliyinin sübutudur, belə ki, yaradıcısı Mədinədə yaşamış Azərbaycan türkü, İsmayıl ibn Yəsar adlı bir şair olan şüubiyyə hərəkatı İslamda ərəb millətçiliyinə qarşı yönəlmiş və bütün müsəlmanların hüquq bərabərliyinə əsaslanan bir məvali hərəkatı idi.
Sözümün sonunda Azərbaycan dövlətçiliyinə xidmət etdiyini yüksək pafosla söyləyən Fazil Mustafaya məsləhət görərdim ki, ABŞ-da Ağ Evin önündə dövlət bayrağımızı tərsinə tutub çəkdirdiyi şəkilə bir də nəzər salsın”.
Qeyd edək ki, Fazil Mustafa dünən verdiyi açıqlamada Ceyhun Bayramlını heç bir elmi dəyəri olmayan maklatura ərsəyə gətirən adlandırmışdı.