Müstəntiqlər Çin yük gəmisinin Baltik dənizində telekommunikasiya kabellərini lövbər vasitəsilə qəsdən kəsdiyindən şübhələnirlər.
Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “The Wall Street Journal” nəşri məlumat yayıb.
Araşdırmaya əsasən, Çinin “Yi Peng 3” yük gəmisi noyabrın 17-də axşam saatlarında Rusiyanın Ust-Luqa limanından İsveç sularına daxil olub və orada lövbər salıb. Gəmi, 100 mildən çox məsafəni lövbərlə sürüklənərək qət edib. Bu müddətdə gəmi əvvəlcə İsveç və Litva arasında, daha sonra isə Almaniya və Finlandiya arasındakı telekommunikasiya kabellərini kəsib.
Nəşr yazır ki, bu zaman gəminin izlənməsi üçün istifadə edilən transponder söndürülüb ki, bu da “qaranlıq hadisə” kimi xarakterizə edilir.
Peyk və digər məlumatlara görə, lövbərin sürüklənməsi gəminin sürətini əhəmiyyətli dərəcədə azaldıb. Lakin buna baxmayaraq, gəmi hərəkətini davam etdirib. İkinci kabelin kəsilməsindən az sonra lövbər qaldırılıb.
Müstəntiqlərin sözlərinə görə, kapitanın gəminin lövbər saldığını və bu prosesdə kabelləri kəsdiyini görməməsi qeyri-mümkündür. Gəminin lövbəri yoxlanarkən onun əyilməsi və kəsilmiş kabellərlə uyğun zərərlər aşkar edilib. Müstəntiqlər əlavə ediblər ki, hava şəraitinin mülayim olduğu və dalğaların yüksək olmadığı bir şəraitdə lövbərin təsadüfən ilişməsi ehtimalı minimaldır.
Gəminin sahibi olan Çin şirkəti “Ningbo Yipeng Shipping” isə istintaqla əməkdaşlıq edir və gəminin beynəlxalq sularda dayandırılmasına razılıq verib. Lakin ekipaj, o cümlədən Rusiya vətəndaşı olan kapitan hələ sorğu-sual edilməyib.
Qəzetin məlumatına görə, Qərb hüquq-mühafizə orqanları və kəşfiyyat rəsmiləri Çin hökumətinin bu hadisədə əlinin olduğunu düşünmür. Lakin şübhələr, əsasən, Rusiya kəşfiyyat orqanlarının üzərinə düşür. Rusiya isə ittihamları absurd və əsassız adlandırıb.
Pensilvaniya Universitetinin Enerji Siyasəti Mərkəzinin baş əməkdaşı Benjamin L. Şmitt də bildirib ki, “Yi Peng 3” yük gəmisi 2019-2024-cü illər arasında, əsasən, Çin sularında fəaliyyət göstərib. Lakin 2024-cü ilin martından etibarən, gəmi Rusiyanın Yapon, Barents və Baltik dənizlərindəki limanlarından yük daşımalarına başlayıb. Hazırda gəminin Rusiya gübrələri ilə yükləndiyi məlumdur.
Rafi Müslümov
www.yenicag.az