“Azərbaycanı bu günə qədər daha çox şəhər turizmi, “MİCE-Meetings Incentives Conferences Exhibitions”, yqni tədbirlər ətrafında olan bir məkan kimi tanıtmışıq”.
Bu fikirləri Azərbaycanda keçirləcək COP29 tədbirinin ölkəmizin turizm sahəsinə verəcəyi təkandan danışan Azərbaycan Ekoturizm Assosasiyasının sədri Samir Dübəndi Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, iqlim məsələləri dünya ictimaiyyətini həyacanlandıran bir məsələdir:
“Bütün insanlar belə tədbirlərə xüsusi diqqət yetirirlər. Bundan irəli gələrək onu qeyd etmək olar ki, COP29 keçirilən zaman həmin məkana dünyanın xüsusi bir diqqəti olur. 2024-cü il cənab prezident tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” kimi təsdiqlənib. Bu, tarixi hadisədir. Ona görə də burada Azərbaycan üçün müəyyən şanslar yaranır. Bu gün COP29-un keçirilməsinə qədər ölkəmizin addımlarını qeyd etmək lazımdır ki, biz ağıllı şəhərlərdən, kəndlərdən tutmuş yaşıl enerjinin istehsalına qədər olan qabaqcıl, mütərəqqi, müasir istiqamətlərlə məşğuluq.
Hazırda ölkəmizə maraq artmaqdadır. Azərbaycan xüsusi olaraq ekoloji turizm məsələlərinə diqqət yetirsə, fayda əldə edə bilərik. Əgər ekoloji turizm formalaşarsa, ekoloji mədəniyyət də artar. Bunlar bir-birinə bağlı olan anlayışlardır. Azərbaycanı bu günə qədər daha çox şəhər turizmi, “MİCE-Meetings Incentives Conferences Exhibitions” adlandırdığımız tədbirlər ətrafında olan bir məkan kimi tanıtmışıq. Bu da çox vacibdir. Qəbul etdiyimiz tədbirlər, şəhər mühitində göstərdiyimiz komfortluq Azərbaycanın bir ölkə kimi tanıdılmasında xüsusi rol oynayıb. Ekoturizm təkcə təbii resurslar ətrafında olan fəaliyyətlər deyil, o cümlədən ekstrimal, açıq səma altında olan, qastronomiya turizm fəaliyyətlərini özündə saxlayır”.
İsmayıl Bakuvi
www.yenicag.az