Rusiya Türkiyəyə meşə yanğınları ilə mübarizə üçün təyyarə göndərir
Rusiya Türkiyədə davam edən meşə yanğınlarının söndürülməsinə dəstək məqsədilə iki Be-200ÇS amfibiya təyyarəsi göndərəcək.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın Ankaradakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə tərəfinin müraciətinə cavab olaraq yaxın günlərdə iki Be-200ÇS təyyarəsi ölkəyə çatacaq və mövsümi meşə yanğınlarının söndürülməsi əməliyyatlarına cəlb olunacaq.
“Ekipajlara və bütün yerli xidmətlərə bu çətin və təhlükəli işdə uğurlar arzulayırıq. Rusiya dostlarını heç vaxt çətin vəziyyətdə tək qoymur”, – deyə səfirliyin açıqlamasında qeyd olunub.
Qeyd edək ki, Be-200 təyyarələri son illərdə yay mövsümündə Türkiyənin müxtəlif bölgələrində baş verən meşə yanğınlarının söndürülməsində mütəmadi iştirak edir. Yanğınların böyük hissəsi ölkənin turizm bölgələrində qeydə alınır.
Ötən il Türkiyənin meşə ərazilərində 3 mindən çox yanğın baş verib. Onların bir qismini bir neçə gün ərzində nəzarət altına almaq mümkün olmayıb. Yanğınlarla mübarizədə xüsusi yanğınsöndürən təyyarələr və su hövzələrindən su götürərək alov ocaqlarına daşıyan helikopterlərdən geniş istifadə edilib.













