Türkiyədə fevralın 6-sı baş verən zəlzələdən sonra hələ də axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntı altından sağ çıxardılan insanların bəzilərində müxtəlif xəstəliklərin yaranması riski var.
Yenicag.az dağıntılar altından xilas edilənlərdə yarana biləcək sağlamlıq problemlərinin siyahısını təqdim edir.
Günlərlə bir binanın altında qapalı qalmaq, bədənin o qədər ağırlığa tab gətirməsi istər-istəməz kəllə-beyin travması, sümük qırıqları və ya əzələlərin əzilməsinə gətirib çıxarır. Belə hallarda isə, bütün fermentlərin qana qarışması nəticəsində böyrək çatışmazlığı müşahidə oluna bilər.
Dağıntı altında qalan insan uzun müddət su tükədə bilmədiyi üçün onda dehidrasiya adlanan maye çatışmazlığı yarana bilər. Xilas edilmiş insan qapalı yerdən birdən-birə şaxtalı hava şəraitinə çıxdığı üçün hipotermiya da (insan bədənində tempraturun aşağı düşməsi nəticəsində yaranan simptom – red) baş verəcək təhlükələr arasındadır.
Saatlarla hərəkətsiz qalan şəxslərdə həm qarın nahiyəsində, həm də beyində laxtalanma problemi əmələ gələ bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, zərərçəkən ilk başda nə qədər sağlam görünsə də, xilas edilən kimi mütləq ən yaxın xəstəxanaya çatdırılmalı və müayinə olunmalıdır.
Əgər zəlzələdən sağ qurtulan vətəndaşın heç bir fiziki sağlamlıq problemi yaranmasa belə, psixoloji və nevroloji cəhətdən buna tab gətirmək mümkün deyil. Xeyli sayda yaxın qohumların, dostların dünyasını dəyişməsi, uşaqlıq xatirələrinin keçdiyi, böyüdüyün evin dağılması, göz görə-görə, qulaq eşidə-eşidə yardım fəryadlarını duymaq, amma əldən heç nə gəlməməsi yarana biləcək ən ağır travmalardan biridir.
www.yenicag.az