“Dağlıq Qarabağ” yoxdur, Minsk Qrupu BİTİB – Azərbaycan yeni reallıqları XATIRLADIR

media-hightechnic-468x90

“Ermənistana təsir göstərmək, yaxud regionda hansısa maraqları birbaşa və ya dolayı şəkildə diktə etmək cəhdlərini Azərbaycan heç vaxt qəbul etməyib, etməyəcək”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

media-1660289234_aydin

O, Kremlin mətbuat katibi Dmitri Peskovun “Rusiya “lazım gələrsə” Ermənistan və Azərbaycana sülh müqaviləsinin əldə olunmasında kömək etməyə hazırdır” bəyanatına münasibət bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın təklif etdiyi, Ermənistanın isə qəbul etməli olduğu sülh şərtləri həm hüquqi baxımdan əsaslı, beynəlxalq hüquqa söykənən, Azərbaycanın milli maraqlarını və suverenliyini qoruyan, eyni zamanda regiona yeni nəfəs, yeni baxış, sabitlik və sülh gətirən təkliflərdir:

“Artıq 5 ildir ki, Azərbaycan mövqeyini dəfələrlə Ermənistan tərəfinə bəyan edib. Lakin iki əsas məsələ var ki, onların həlli sülh sazişinin bağlanması üçün həyati əhəmiyyət daşıyır. Birincisi, Ermənistan konstitusiyasını dəyişməlidir. Çünki əgər Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yer alırsa o halda dayanıqlı və daimi sülhdən danışmaq mümkün deyil. İkincisi isə “Dağlıq Qarabağ” problemi adlı məsələ artıq mövcud deyil. Məsələni həll etmək üçün yaradılmış ATƏT-in Minsk Qrupu artıq fəaliyyətini tamamilə itirmiş hesab olunur. Buna görə də Minsk Qrupu da rəsmən ləğv edilməlidir. Bu iki prinsip qəbul edildikdən sonra sülh sazişinin bağlanması üçün əsas maneə aradan qalxmış olacaq”.

Onun sözlərinə görə, hazırda bir çox ölkələr Ermənistan və Azərbaycan arasında vasitəçilik etmək üçün cəhd göstərirlər, can atırlar:

“Lakin bu günə qədər real nəticə əldə edilməyib. Ən son görüş Ali Baş Komandan Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli formada baş tutdu. Bu görüşü müsbət qiymətləndiririk. Çünki məsələ, problem və münaqişə Azərbaycan ilə Ermənistan arasında olub. İndi də məsələ yalnız və yalnız bu iki ölkənin iştirakı və iradəsi ilə həll olunmalıdır. Əgər üçüncü ölkələr müdaxilə etməyə çalışarsa vəziyyət daha da çətinləşə bilər”.

“Rusiyanın rəsmi nümayəndələrinin də “Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını dəstəkləyirik” bəyanatını alqışlayırıq. Lakin məsələ ondadır ki, bu və ya digər formada Ermənistana təsir göstərmək, yaxud regionda hansısa maraqları birbaşa və ya dolayı şəkildə diktə etmək cəhdlərini Azərbaycan heç vaxt qəbul etməyib, etməyəcək. Sülh istəyən hər kəsin bu istiqamətdə atdığı real addımları təqdir edilir. Lakin bütün təşəbbüslər yalnız Azərbaycanın suveren hüquqları çərçivəsində və onun müstəqil siyasətinə hörmət əsasında həyata keçirilməlidir”, – deyə deputat fikirlərini yekunlaşdırıb.

Nəsimi Ələsgərli

 

 

 

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600