Dəhlizə yox deyənlər: Firənglər Gorusda, farslar Qafanda HƏRƏKƏTƏ KEÇDİ
“Bu, aydındır ki, Zəngəzur dəhlizinin reallaşmasına qarşı yönəlib”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı İrana müraciətini təhlil edib.
Politoloq bildirib ki, Zəngəzur dəhlizinin açılması mühüm məsələdir:
“Bu, sadəcə Azərbaycan və Türkiyənin maraqları kontekstində deyil, həm də geniş bir coğrafiyada əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir. Zəngəzur dəhlizi üzərində kommunikasiya platformalarının qurulması, eləcə də tranzit-logistika sistemlərinin icrası gözlənilir. Bu baxımdan, Zəngəzur dəhlizi həm də sülhün və təhlükəsizliyin arxitekturasını möhkəmləndirəcək və daha da dayanıqlı edəcəkdir”.
Onun sözlərinə görə, əgər region dövlətləri, hətta regiondan kənarda olan ölkələr Cənubi Qafqazda əməkdaşlıq edərək konkret nəticələr əldə edəcəklərsə, bu, müharibələrin, gərginliklərin və eskalasiyaların qarşısını alacaq:
“Ərdoğan da dəhlizin açılması məsələsində çağırış edərək bildirib ki, dəhlizin reallaşmasına mane olunmasın. Digər tərəfdən, Ermənistan regionda müxtəlif xarici siyasi mərkəzlərin təsirini artırmaq istəyir. İranın Qafanda konsulluq açmasından sonra Fransa da Gorusda konsulluq yaratdı. Bu, aydındır ki, Zəngəzur dəhlizinin reallaşmasına qarşı yönəlib. Dəhlizə nəzarət məsələsi bu gün böyük güclərin diqqət mərkəzindədir. Rusiyanın da məsələdə marağı vardır. Rusiya Federal Təhlükəsizlik Xidməti vasitəsilə dəhlizə nəzarət etmək niyyətini ortaya qoyur”.
“Bu baxımdan, dəhliz vasitəsilə maraqların uzlaşdırılması, məsələlərin konsensusla, sülh və dialoq yolu ilə həll edilməsi mümkündür. Azərbaycanın və Türkiyənin mövqeyi bütün məsələlərin qarşılıqlı razılaşma və qarşılıqlı hörmət əsasında həll olunmasından ibarətdir. Biz qardaş Türkiyə ilə birbaşa bağlantı qurmaq, Naxçıvan Muxtar Respublikasını blokadadan çıxarmaq istəyirik”, – deyə o, fikirlərini tamamlayıb.
Nəsimi Ələsgərli