“Arzu edirik ki, Cümhuriyyətin ikinci yüzilliyində Türkiyənin imkanları daha da artsın”.
Bu fikirləri Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri prosesinin gedişini dəyərləndirən Milli Məclisin deputatı Asim Mollazadə Yenicag.az-a açıqlamasında deyib.
Millət vəkilinin sözlərinə görə, son dövrlərdə Türkiyənin iqtisadi qüdrətinin artması da Azərbaycan üçün məmnunluq doğuran haldır:
“İlk olaraq onu qeyd edim ki, Türkiyə demokratik ölkədir və xalq öz qərarını azad ifadə etmək imkanına malikdir. O baxımdan, Türkiyə seçkilərinin demokratik keçiriləcəyi şübhə doğurmur.
Əlbəttə, Türkiyə bizə qardaş ölkədir və bizim də əsas gözləntimiz xalqın öz seçimini sərbəst şəraitdə həyata keçirməsi, o cümlədən iki ölkə arasında qardaşlıq münasibətlərinin daha da dərinləşdirilməsidir.
Bir məqamı da xüsusi vurğulamaq istərdim ki, son illərdə Türkiyə tam müstəqil siyasət yürüdən nüfuzlu bir dövlətə çevrilib. Eyni zamanda Türkiyənin iqtisadi qüdrətinin artması da Azərbaycan üçün məmnunluq doğuran haldır.
Digər tərəfdən, türk dövlətləri arasında əlaqələrin genişləndirilməsini də çox mühüm amil kimi qiymətləndirirəm. Arzu edirəm ki, seçkilərdən sonra Türkiyənin bu istiqamətdə siyasəti davam etdirilsin. Bu il həm də Türkiyədə Cümhuriyyətin yüz illiyi qeyd olunur. Arzu edirik ki, Cümhuriyyətin ikinci yüzilliyində Türkiyənin imkanları daha da artsın”.
A.Zeynalov
www.yenicag.az