TÜRKSOY-dan Hikmət Ərənə “Türk dünyasına xidmət” medalı
Türk dünyasının UNESCO-su kimi tanınan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) “EkoAvrasiya” Vəqfinin sədri Dr. Hikmət Ərəni türk dünyasının inteqrasiyasına və mədəni diplomatiyanın inkişafına verdiyi davamlı töhfələrə görə medalla təltif edib.
Yenicag.az xəbər verir ki, mükafatın təqdimetmə mərasimi TÜRKSOY-un Baş katibinin müavini Sayıt Yusif tərəfindən həyata keçirilib.
Mərasimdə vətəndaş cəmiyyəti institutlarının və qeyri-hökumət təşkilatlarının mədəni diplomatiyada oynadığı mühüm rol xüsusi vurğulanıb.
Bildirilib ki, H. Ərənin uzun illər ərzində həyata keçirdiyi fəaliyyət türk dünyasının ortaq dəyərlərinin qorunmasına, xalqlar arasında həmrəyliyin möhkəmlənməsinə və beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verib.
“EkoAvrasiya” Vəqfindən verilən açıqlamada isə qeyd olunub ki, qurum türk dünyasının ortaq mədəni irsinin beynəlxalq platformalarda tanıdılması və mədəni diplomatiyanın gücləndirilməsi istiqamətində fəaliyyətini bundan sonra da qətiyyətlə davam etdirəcək.
TÜRKSOY-un təqdim etdiyi bu medal H. Ərənin türk dünyasının birliyi və inteqrasiyası naminə göstərdiyi xidmətlərə verilən yüksək qiymət kimi dəyərləndirilir.













