“Demokratiya vitrini” altında avtoritarizmin izləri – İnqilablar ölkəsinə NƏ OLDU?
“Fransa kimi ölkədə də eyni modelin təkrarlanması müşahidə olunursa, bu artıq ikili standartların mövcudluğunu və demokratiyanın sadəcə bir vitrin kimi istifadə olunduğunu gündəmə gətirir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Əlabbas Məhərrəmli deyib.
O, özünü insan hüquqları müdafiəçisi kimi göstərən Fransada müxalif nümayəndənin öldürülməsi ilə bağlı yayılan xəbəri şərh edib.
Politoloq bildirib ki, Fransa kimi ölkələr uzun illərdir özlərini demokratiyanın, insan hüquqlarının və söz azadlığının qoruyucusu kimi təqdim edirlər.
“Lakin son zamanlar bu iddialarla real hadisələr arasında ciddi ziddiyyətlər müşahidə olunur. Əgər bir müxalif şəxs müəmmalı şəkildə həyatını itirirsə və həmin hadisə siyasi motivlərlə əlaqələndirilirsə, bu, demokratiya üçün son dərəcə təhlükəli siqnal hesab oluna bilər. Eyni hal Rusiyada da müşahidə olunur. Orada da müxaliflərə qarşı bəzən çox sərt, hətta ölümcül davranışların nümayiş etdirildiyini görürük. Əgər Fransa kimi ölkədə də eyni modelin təkrarlanması müşahidə olunursa, bu artıq ikili standartların mövcudluğunu və demokratiyanın sadəcə bir vitrin kimi istifadə olunduğunu gündəmə gətirir. Demokratiya təkcə seçkilərin keçirilməsi ilə ölçülmür, eyni zamanda söz azadlığı, şəffaf araşdırmalar və müstəqil məhkəmə sistemi ilə müəyyən olunur”, – deyə o, fikirlərini tamamlayıb.
Nəsimi Ələsgərli