Deputat Səbinə Salmanova Sumqayıtda Vaşinqton Bəyannaməsinin tarixi əhəmiyyətindən DANIŞDI

media-hightechnic-468x90

Sumqayıt şəhərində ictimaiyyət nümayəndələri ilə növbəti dəfə görüş keçirdik.

Tədbirdə Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəliyinin üzvləri, yerli Ağsaqqallar Şurasının təmsilçiləri, şəhid ailələri, müharibə veteranları və qazilər iştirak etdilər.
Görüş zamanı cənab Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində baş tutmuş üçtərəfli Vaşinqton görüşü və həmin görüşün nəticəsi olaraq imzalanmış Birgə Bəyannamə haqqında ətraflı məlumat verdim.

Qeyd etdim ki, avqustun 8-də ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş regionun gələcəyi üçün mühüm tarixi əhəmiyyət daşıyır. Vaşinqtonda qəbul olunmuş Birgə Bəyannamə təkcə sülh çağırışı deyil, həm də Cənubi Qafqazda formalaşmış yeni siyasi reallıqların beynəlxalq hüquqi sənədlə təsdiqidir. Bu sənədin əsasını Prezident İlham Əliyevin uzaqgörən liderliyi, prinsipial siyasi mövqeyi və milli maraqları hər zaman üstün tutan fəaliyyət xətti təşkil edir. Azərbaycan təkcə 44 günlük Vətən müharibəsində deyil, həm də diplomatik müstəvidə qalib gəlib. Prezident İlham Əliyev hərbi zəfəri siyasi və hüquqi üstünlüklə tamamlayaraq regionda davamlı sülhün əsasını qoyub.

Birgə Bəyannamədə yer alan ən mühüm müddəalardan biri də Azərbaycan ilə Naxçıvan arasında birbaşa quru bağlantının – Zəngəzur dəhlizinin – təmin olunmasıdır. Bu layihə Prezident İlham Əliyevin illər öncə verdiyi vədin real nəticəyə çevrilməsinin bariz nümunəsidir. Vaşinqton görüşündə qəbul edilmiş sənəd göstərdi ki, Zəngəzur dəhlizi artıq regional deyil, beynəlxalq əhəmiyyətə malik strateji layihə kimi tanınır. Bu dəhliz Azərbaycanla Naxçıvanı birləşdirməklə yanaşı, Türk dünyasını da birləşdirir və yeni iqtisadi imkanların yaranmasına təkan verir. Eyni zamanda “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP)” adlı nəqliyyat layihəsi də regionda iqtisadi inteqrasiyanı gücləndirəcək və Azərbaycanın tranzit potensialını daha da artıracaq.

Görüşdə vurğuladım ki, Birgə Bəyannamənin ən önəmli siyasi nəticələrindən biri ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmi şəkildə son qoyulmasıdır. Artıq Azərbaycan və Ermənistan XİN rəhbərləri tərəfindən imzalanmış birgə müraciət əsasında bu formatın ləğvi prosesi başlanılıb. Minsk qrupu uzun illər ərzində problemin həllinə deyil, onun dondurulmasına xidmət edib. Prezident İlham Əliyev bu prosesi uğurla yekunlaşdıraraq tarixi ədaləti bərpa edib. Torpaqlarımızı öz gücümüzlə azad etdik və beləliklə, bu formatın da siyasi həyatı başa çatdı.

ABŞ səfərinin mühüm nəticələrindən biri də Prezident Donald Trampın “Azadlığı Müdafiə Aktı”na edilmiş 907-ci düzəlişin icrasını dayandıran sənədi imzalaması oldu. Bu, Azərbaycan üçün əhəmiyyətli diplomatik və siyasi qələbədir. 1992-ci ildən bəri ölkəmizə qarşı qərəzli yanaşmanın simvolu olan bu düzəlişin dayandırılması Prezident İlham Əliyevin ABŞ rəhbərliyi ilə qurduğu qarşılıqlı etimadın və siyasi dialoqun bariz nəticəsidir. Bu qərar Azərbaycan-ABŞ münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoyacaq.

Tədbir iştirakçıları, o cümlədən Sumqayıt Ağsaqqallar Şurasının üzvləri, müharibə veteranları və şəhid ailələrinin nümayəndələri çıxışlarında Prezident İlham Əliyevin ABŞ səfəsinin nəticələrini yüksək dəyərləndirdilər. Qeyd olundu ki, Azərbaycanın həm döyüş meydanında, həm də siyasi-diplomatik müstəvidə əldə etdiyi uğurlar xalqın birliyi və Prezidentə olan etimadı sayəsində mümkün olub.

Şəhid ailələrinin nümayəndələri xüsusi vurğuladılar ki, övladlarının müqəddəs qanı yerdə qalmadı. Onların canı bahasına azad edilən torpaqlarda bu gün dövlətimizin siyasi qələbəsi və sülh təşəbbüsləri davam edir. Bu uğurlar şəhidlərin ruhuna ən böyük ehtiramdır.

Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəliyinin üzvləri isə çıxışlarında Vaşinqton Bəyannaməsini gələcək nəsillər üçün siyasi təhlükəsizlik təminatı kimi qiymətləndirdilər. Onlar inamla bildirdilər ki, bu sənəd Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı üçün hüquqi və siyasi zəmin yaradır və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu məqsədə tezliklə nail olunacaq.

Görüş zamanı iştirakçılar tərəfindən müxtəlif məsələlərlə bağlı suallar və təkliflər irəli sürüldü. Ünvanlanan sualları cavablandırdım və qeyd etdim ki, bu cür görüşlər mütəmadi olaraq davam etdiriləcək. Açıq və səmimi dialoq mühiti həm vətəndaşların səsinin birbaşa eşidilməsi, həm də dövlət vətəndaş münasibətlərinin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan xalqı qalib xalqdır və bu qalibiyyətin əsasında Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi dayanır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa