Deputat taksi sürücülərinin müdafiəsinə qalxdı: “Cərimə ballarına görə…”
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Naqif Həmzəyev taksi və peşəkar sürücülərin üzləşdiyi problemlərdən danışaraq, bal sisteminin yenidən nəzərdən keçirilməsini təklif edib.

Yenicag.az xəbər verir ki, deputat şəhərdaxili və bölgələrarası marşrutlarda fəaliyyət göstərən sürücülərin avtomobil yollarının ən aktiv iştirakçıları olduğunu, onların yolda keçirdiyi vaxtın adi sürücülərlə müqayisədə 5-8 dəfə çox olduğunu bildirib.
Onun sözlərinə görə, xüsusilə taksi sürücülüyü Azərbaycanda aşağı və orta gəlirli ailələr üçün əsas dolanışıq mənbələrindən biridir. Bu səbəbdən sürücülük hüququnun itirilməsi təkcə fərdi deyil, bütöv ailəni əhatə edən ciddi iqtisadi problemlərə səbəb olur.
Naqif Həmzəyev qeyd edib ki, uzunmüddətli sürücülük fəaliyyəti nəticəsində kiçik texniki qayda pozuntularına görə toplanan cərimə balları qısa müddətdə 20 ballıq həddə çatır və bu da sürücülərin sürücülük hüququndan məhrum edilməsinə gətirib çıxarır. O vurğulayıb ki, hüquqdan məhrumetmə dövründə sürücülər gəlir əldə edə bilmir, ailə öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir, bəzi hallarda isə iş yerlərini itirirlər.
Deputatın fikrincə, hazırkı 20 ballıq hədd peşəsi sürücülük olan şəxslər üçün qeyri-ədalətlidir. O, bu problemin həlli məqsədilə sürücülük hüququndan məhrumetmə həddinin 20 baldan 40-50 bala qaldırılmasını və ya yalnız kobud qayda pozuntularına görə bal tətbiq edilməsini təklif edib. Həmçinin ilk dəfə törədilən yüngül qayda pozuntularında yalnız cərimə ilə kifayətlənməyin mümkün olduğunu bildirib.
Deputat çıxışında yol infrastrukturundakı problemlərə də toxunub. O, xüsusilə Gəncə və paytaxtdan kənarda yerləşən digər şəhər və rayonlarda yol nişanları və xətləmə işlərinin keyfiyyətinin artırılmasının vacibliyini qeyd edib.
Naqif Həmzəyev silinmiş və ya görünməz hala düşmüş yol nişanlarının inventarizasiyasının aparılmasını, onların vaxtında yenilənməsinə nəzarətin gücləndirilməsini, infrastrukturu tam formalaşmamış yollarda kamera vasitəsilə cərimələrin tətbiqinin müvəqqəti dayandırılmasını və sürücülərin nişanlama ilə bağlı problemləri rahat şəkildə bildirə biləcəyi şikayət mexanizminin yaradılmasını təklif edib.
Deputat çıxışının sonunda qeyd olunan məsələlərin nəzərə alınmasını xahiş edib.












