Gəncə şəhəri İsmət Qayıbov adına 1 saylı tam orta məktəbinin direktoru Mətanət Qarayevanın intihara cəhd etməsinin səbəbləri məlum olub.
Yenicag.az xəbər verir ki, direktor Mətanət Qarayeva “publika”ya açıqlamasında intiharına səbəb Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Anar Qədiməliyevin onu işdən çıxarmaq üçün müxtəlif bəhanələr gətirməsi, hətta şantaj vasitələrinə əl atması olduğunu bildirib:
“Məni özü çağırmır, amma Təhsil İdarəsinin bəzi əməkdaşlarını yanıma göndərir. İşimdə etmədiyim səhvləri, yol vermədiyim qüsurları üstümə atırlar. Hamısı şər-böhtandır. Məqsəd məni işdən azad etməkdir. Hətta ən xırda məsələni belə məqsədli şəkildə şişirdir, olmazın sözlər deyirlər. Mən bütün bunlara dözə bilmədim. Hətta qeyd etdim ki, iyul ayının 6-sı məzuniyyətə çıxacağam, 7-si isə gəlib ərizəmi yazıb işdən gedəcəyəm. Lakin göndərdiyi adamlar bildirdilər ki, “yox, elə bu dəqiqə ərizəni yazmalısıan”, – deyə qeyd edib. Nəticədə məktəb direktoru intihara cəhd göstərib.
Məsələ ilə bağlı deputat Etibar Əliyev isə bildirib ki, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədimalıyev ixtisasca aqronomdur və “Soros Fondu”nun hesabına xaricdə kurs keçib.
“Mənə verilən məlumata görə, Goranboy rayonunda böyük məktəblərin birinin direktoruna özü hücum çəkib və onu təhqir edib ki, bu dəqiqə ərizəni yazmalısan. Tam şəkildə Soros tərbiyəsidir və regionda qarşıdurmaya rəvac verən hərəkətlərdir. “Soros”un, “fetoçu”ların və digər “5-ci kolon”un nümayəndələrənin məktəblərimizdən ayağı kəsilməlidir”.
Deputat məsələ ilə bağlı hüquq mühafizə orqanlarının ciddi araşdırma aparacağına və Regional təhsil idarə müdirinin əməllərinə hüquqi qiymət veriləcəyinə inandığını qeyd edib:
“Anar Qədimalıyev ölkədə orta təhsilin dağıdıcılıq missiyasını həyata keçirən “5-ci kolon”un görkəmli nümayəndəsi Məhəbbət Vəliyevanın ən yaxın sirdaşıdır, Bakıya gələn kimi ilk yolunu Məhəbbət Vəliyevanın dəbdəbəli ofisinə salır”.
www.yenicag.az