Deputatlar Rusiyaya od püskürdülər-Maaş məsələsi
Sabir Rüstəmxanlı: “Azərbaycanın dünyada müəyyən çəkisi var, deputatın maaşı da o çəkiyə uyğun olmalıdır”
Aqil Abbas: “Millət vəkili olaraq verilən maaş mənə çatmır”
Bəxtiyar Əliyev: “Rusiya modeli ölkəmiz üçün qənaətbəxş deyil”
Rusiyalı bəzi deputatlar əmək haqlarının 10 faiz azaldılması ilə bağlı təkliflə çıxış ediblər. Hətta hökumət üzvləri maaşlarının da bu qədər azaldıla biləcəyi haqda fikirlər dolaşır.
Azərbaycanda da son zamanlar manat devalvasiyaya uğrayıb. Görəsən, Azərbaycanda necə, millət vəkilləri əmək haqlarının 10 faizə qədər azaldılması ilə razılaşa bilərlərmi?
Yenicag.az-a açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı əmək haqlarının cüzi də olsa azaldılmasına tərəfdar olmadı: “Azərbaycanda onsuz da millət vəkillərinin maaşı azdır. Bu günki bazarı nəzərə alsaq əmək haqları deputatların orta, bəzən də ortadan aşağı ehtiyaclarına çatmır. Ona görə düşünmürəm ki, 125 deputatın maaşını 10-15 faiz azaldılması ilə Azərbaycan iqtisadiyyatına hansısa bir xeyir gələ bilər. Dünyada bizə bənzər olan ölkələrin heç birində deputatların maaşı Azərbaycanda olduğu qədər az deyil. Cəmiyyətin bütün işlərini qurtarıb, ancaq deputatların əmək haqlarına göz dikmək anormal haldır. Deputatın statusu, beynəlxalq əlaqələri var. Onlara deyəndə ki, Azərbaycan millət vəkilinin maaşı bu qədərdir bu ölkəmizin ümumi reytinqi ilə uyğun gəlmir. Azərbaycanın hər halda dünyada müəyyən bir çəkisi var. Deputatın maaşı da o çəkiyə uyğun olmalıdır”.
Millət vəkili Aqil Abbas da deputat maaşlarının azaldılması ilə razılaşmadı: “Rusiyada problem başqadır. İkincisi, millət vəkili olaraq verilən maaş mənə çatmır. Rusiya nə edirsə, biz onu təkrarlamalıyıq? Azərbaycanın öz dövləti var”.
Millət vəkili Bəxtiyar Əliyev də deputat həmkarlarını bu məsələdə dəstəklədi: “Ümumiyyətlə, Rusiyanı nümunə götürməyi məqbul hesab etmirəm. Onda mütərəqqi nə isə varsa, onu götürmək olar. Amma fikrimcə, Rusiya modeli ölkəmiz üçün qənaətbəxş deyil. Bizim gündəlik həyatla bağlı olan məsələlərə gəldikdə, burada hər bir fikir səsləndirmək olar”.
Elçin