“O cür namizədlərin ən böyük üstünlüyü kimin oğlu olmasıdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında növbədənkənar parlament seçkilərində bəzi dairələrdə deputatların öz yerlərinə övladlarını namizəd verməsinə münasibət bildirən AĞ Partiya başqanı Tural Abbaslı deyib.
Tural Abbaslının sözlərinə görə, Azərbaycanda bunun müzakirəyə çıxarılmasının səbəbi övladların bunu haqq etməməsidir.
“Dünya praktikasında belə ənənələr olub. Buş, Kennedi ailəsi nümunəsi var. Ata siyasətlə məşğul olub, övladı da o yolu gedir. Kiminsə övladıyam deyə siyasətlə məşğul olmamalıyam deyə, bir anlayış yoxdur. Bizdə ona görə gülməlidir, ironiya ilə bu məsələyə yanaşılır ki, bir çoxlarının övladlarının siyasətə aidiyyatı yoxdur. Adamların siyasi fəaliyyətlə yaxından-uzaqdan əlaqəsi yoxdur”, – deyə o bildirib.
Partiya sədrinin sözlərinə görə, o deputatların oğlunun, qızının, qardaşının, kürəkənini siyasi fəaliyyəti olmayıb.
“Elələri də var ki, onların ataları da siyasətçi olub, övladları da o yolu davametdirib. Misal üçün Murtuz Ələsgərov vardı, Fuad Ələsgərov var. Prezidentin atası da siyasətçi olub. Hesab edirəm ki, bu məsələdə ata-oğludan daha çox, haqq edib-etməməkdən söhbət getməlidir.
Bəziləri var ki, haqq etmədən partiyasını, hətta deputat mandatını öz övladına ötürmək istəyir. O cür namizədlərin ən böyük üstünlüyü kimin oğlu olmasıdır. Dünyanın hər yerində bu ənənə var, ancaq haqq etmək məsələsi önəmlidir. Dünyada elə nəsilər var ki, o nəsildəkilərin hamısı vəkildir, hərbçidir, alimdir. Bu sahənin adamıdırsa, buyursun oğlu da, qızı da namizədliyini versin, ancaq bu sahənin adamı deyilsə, cəmiyyət ironik yanaşacaq”, – deyə o fikirlərini yekunlaşdırıb.
Səxavət Məmməd
www.yenicag.az