Artıq parlament seçkilərinə sayılı günlər qalıb. Bir çox namizədlər isə avqustun 9-dan təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərə görüşlərə start verib.
Bu şəxslərdən biri də ehtiyatda olan mayor, tanınmış jurnalist, 69 saylı Biləsuvar seçki dairəsindən deputatlığa namizədliyini verən Rahib Qəribdir.
Onun Yenicag.az-a müsahibəsini təqdim edirik:
–Builki seçkilərdə şansınızı necə dəyərləndirirsiniz? Rəqibləriniz arasında YAP, AVP, Müsavat və REAL-dan olan namizədlər, eləcə də parlamentdə təmsil olunmuş şəxslər var.
-Mən şansımı rəqiblərimdən daha çox dəyərləndirirəm. Onların heç birini özümlə müqayisə etmirəm. İllərini jurnalistikaya verən, ehtiyatda olan mayor, həyatının 30 ilini cəbhəyə həsr edən bir mayoram. Maraqlıdır, onların hansının belə kriteriyaları var ki, özümü onlarla müqayisə edim? Mən tamamilə fərqli bir namizədəm və özümü də fərqli hesab edirəm.
Zaman-zaman uzun illər Qarabağda jurnalist və zabit olaraq işləmişəm. İlk hərbi veriliş olan “And” proqramını vermişəm. Ona qədər “Durna teli” verilişi var idi ki, əsgərlərə xoşları gəlməyən müğənniləri sırıyırdılar. Mən ehtiyata buraxılandan sonra belə istirahət etmədim. Pensiyaya çıxıb ehtiyatda olan mayor kimi ANS-də yeni bir layihəyə imza atdım. Mən Müdafiə Nazirliyində çalışdığım müddətdə edə bilmədiklərimi ANS-də çalışdığım qədər etdim. Həftənin 5 günü cəbhədə olub çəkilişlər edirdim. Mən bunu 1992-ci ildən 2017-ci ilə qədər həyata keçirdim. Yəni həyatımın yarıdan çoxu cəbhədə keçib. Lakin mənimlə rəqabətə girən namizədlərin heç birində belə kriteriyalar yoxdur. Mən əsgərlərin, zabitlərin adamıyam, nəticədə isə xalqın adamıyam. Çünki ordu xalqın nümayəndəsidir.
-Sakinlərlə görüşləriniz necə keçir?
-Görüşlərlə bağlı çox təəssüf hissi ilə deyirəm ki, icra orqanları tərəfindən insanlara çox ciddi və yaramaz müdaxilə var. Hətta mənim görüşümə gələnləri şəkillərini çəkməklə hədələyirlər. Bilmirəm, bunlar kimdir, hansı qrupun nümayəndələridir? Mən onların kimliyini araşdırmamışam, çünki bu mənim vəzifəm deyil. Bunu seçki məsələləri ilə əlaqədar olan qurumlar araşdırmalıdır. Çünki mənim belə bir imkanım yoxdur. Bunu kimlərin etdiyini təxmin etsəm də, təxminlə danışmaq istəmirəm. İcra orqanları idarələrdə işləyən insanları qorxudurlar ki, işdən çıxarıla bilər. Hətta işləyən adamın qardaşını da hədələyirlər.
-Siz bunu icra orqanlarının etdiyini söylədiniz. Hansısa rəqibinizin burada əli ola bilərmi?
-Deyə bilmərəm. Xalq üçün toy-bayram olan, xalqın taleyini həll edən belə bir hadisəyə tamamilə fərqli yanaşmalar var ki, bunlar məni incidir. Biləsuvar camaatı məni sevir, bunu dilə də gətirir, amma məndən üzrxahlıq edir ki, filan səbəblərə görə kampaniyamda iştirak edə bilmir. Bu, fəlakətdir, ölkəmizdəki demokratiyaya badalaqdır. Bəziləri özünü artıq deputat da hesab edir. Bu nə düşüncədir? Kimsə tapşırılıb və artıq deputat kimi davranır. Seçmək və seçilmək xalqın haqqıdır. İnsanları iş-gücü ilə təhdid etmək dəhşətlidir.
-Sizin kampaniyanızdan niyə qorxsunlar ki?
-Mən ilk dəfədir seçkiyə qoşuluram, lakin ilk dəfədir görürəm ki, cəmiyyətə bu qədər yersiz təsirlər mövcuddur. Təbii ki, ruhdan düşmürəm, mübarizə aparıram, hər yerdə sözümü deyirəm. Mən insanlarda istəyirəm ki, ruh yüksəkliyi yaradım, amma görürəm ki, onları elə qorxuya salıblar ki, çəkinirlər. Mən görüş keçirəcəyim məqamda adamları uzaqlaşdırırlar. Rahib Qəribin seçki kampaniyası bunlar üçün niyə belə qorxulu olsun ki? Konkret şəkildə deyirəm ki, yeri icra nümayəndələri bir dəfə də olsun xalqın istəklərini ifadə etməsi üçün şərait yaratmadı. Hamısı kiməsə xidmət edir, kreslosunu qorumağa çalışır. Əgər kənd sovetləri belə bu fəaliyyətdədirsə, deməli, bu məsələ haralarasa gedib çıxır. Çünki yerli icra nümayəndəsi xalqın gözündən düşmək istəməz.
Bölgələrdə özlərini kətxuda kimi aparırlar, feodalizm dövrünün qaydaları ilə hərəkət edirlər, insanları seçkidən çəkindirirlər. Əgər Konstitusiyadakı seçmək və seçilmək hüququnu onlar tapdayırlarsa, deməli, ölkəmizə, qələbəmizə və yüksəlişimizə kölgə salmaq istəyirlər. Mən bunu şəhidlərimizin ruhuna hörmətsizlik kimi qəbul edirlər. Görürəm ki, görüşlərimə gələn qaziləri də çəkindirirlər. İllərini orduya vermiş Rahib Qəribin görüşünə qazi necə gəlməyə bilər? Deməli, müdaxilə var ki, gəlməkdən qorxurlar.
Rafi Müslümov