DGK sahibkarlara BELƏ QƏSD EDİR: “Məqsəd bəlli oliqarxları və monopolistləri qorumaqdır”
“Süni maneələrin yaradılmasının əsas səbəbi qeyri-qanuni vəsaitin toplanması ilə bağlıdır”.
Bunu Yenicag.az-a açıqlamasında Ağ Partiyanın başqanı Tural Abbaslı deyib.
O, uzun müddətdir gömrükdə saxlanılan tonlarla məhsulun xarab olması məsələsinə münasibət bildirib.
T. Abbaslı qeyd edib ki, gömrük xidməti idxal edilən məhsulların daha rahat və asan formada ölkəyə daxil olmasını təmin etməlidir:
“Proses elə tənzimlənməlidir ki, insanlar, iş adamları ziyana düşməsinlər. Təbii olaraq heç kim sənədləşdirmə aparılmasın və ya zəruri nəzarət vasitələri tətbiq olunmasın demir, amma bu, elə bir şəkildə həyata keçirilməlidir ki, sahibkarlar ziyan çəkməsinlər. Çünki sahibkar ziyana düşəcəksə, vergi ödəməyəcək, vergi ödənilməyəcəksə, dövlət büdcəsi də dolmayacaq. Dövlət strukturları sahibkarların və öz vətəndaşlarının gəlir əldə etməsində maraqlı olmalıdır”.
“Təəssüf ki, bir çox sahələrdə, o cümlədən gömrük sistemində də məqsəd bəlli oliqarxları və monopolistləri qorumağa yönəlir. Mən sual vermək istəyirəm, görəsən, hər hansı oliqarx məmurun məhsulunu saxlayardılarmı? O məhsullar TIR-larla və ya digər maşınlarla rahat keçə bilir. Halbuki adi vətəndaşdan və sahibkardan müxtəlif sənədlər və icazələr tələb olunur. Tez xarab olan və sıradan çıxan məhsullara qarşı xüsusi yanaşma göstərilməlidir. “Müəyyən müddətdə sənədləri təqdim etməsən, müəyyən qanuni və qeyri-qanuni tələbləri yerinə yetirməsən, məhsul xarab olacaq və sənə ziyan dəyəcək” kimi amillər sahibkara qarşı şantaj vasitəsinə çevrilməməlidir”, – deyə o, əlavə edib.
Ağ Partiya başqanının fikrincə, DGK-da rəhbərlik dəyişsə də, yanaşma dəyişməyib:
“İstər vergi, istər gömrük, istərsə də digər dövlət qurumları çox vaxt vətəndaşların rifah halını yaxşılaşdırmaqdan çox onların ziyana düşməsinə, iş yerlərinin itirilməsinə, müəssisələrin iflasa uğramasına səbəb olurlar. Nədir-nədir, özləri qazanc əldə edə bilsinlər və kimlərinsə monopoliyasını qorusunlar. Bildiyim qədərilə, problem yalnız idxalla yox, həm də ölkədən ixrac olunan bir çox məhsullarla bağlıdır. Yay ayları gəlir, yəqin ki, Rusiya və digər istiqamətlərə meyvə-tərəvəz ixrac olunacaq. Dəfələrlə partiyamıza meyvə məhsullarının gömrükdə müxtəlif bəhanələrlə saxlanması və nəticədə məhsulun xarab olması ilə bağlı şikayət ünvanlanıb. İstəsələr, bu məsələlər ən qısa müddətdə və rahat şəkildə həll oluna bilər. Lakin süni maneələrin yaradılmasının əsas səbəbi qeyri-qanuni vəsaitin toplanması ilə bağlıdır”.
Nəsimi Ələsgərli