Azərbaycan Dövlət Pedaqoji Universitetinin dilçilik məktəbinin yaradıcılarından bir də “Şöhrət” ordenli, Əməkdar Elm Xadimi, professor Həsən Mirzəyevdir. İftixar hissi ilə söyləmək istərdim ki, 2004-2006-cı illər məhz professor Həsən Mirzəyevin yaradıcısı və rəhbəri olduğu ADPU-nun Müasir Azərbaycan dili kafedrasının magistrantı olmuşam. Həmin illər ərzində bilavasitə professor Həsən Mirzəyevin mühazirələrini dinləmiş, dəyərli tövsiyələrini eşitmişəm. Bu gün də xatirimdədir, rəhmətlik Həsən müəllimlə kafedrada, universitetin koridorlarında hər dəfə rastalaşdığımızda o, təmkinlə ayaq saxlayar, salamlaşar, hal-əhval tutar və deyərdi; “ Əlinə qələm götür, hər gün yaz, əgər yazmadığın bir gün olursa, o gün ağ vərəqə “bu gün heç nə yazmadım” sözlərini yaz”. Professorun mənə-magistrantlarına israrla söylədiyi o dəyərli sözlərin üzərindən 15 il keçmişdir. Düz 15 ildir ki, bu sözləri hər gün xatırlayıram, bir gün əlimə qələm almayanda özümü müəllimimin ruhu qarşısında günahkar hesab edirəm. Bu gün isə qələmi əlimə alıb ağ kağıza ustadın dilçilik görüşlərini, müasir Azərbaycan dilinin qrammatikasına aid yazmış olduğu dəyərli elmi tövsiyələrini, elmi tapıntılarını yazmaq, dilçilik tariximizdə aktallığını bu gün də qoruyub saxlamış elmi faktlarını fikir süzgəcindən keçirmək istəyirəm.
Professor Həsən Mirzəyevin elmi-pedaqoji, ictimai-siyasi fəaliyyəti, bədii yaradıcılığı zəngin və çoxşaxəlidir. Azərbaycan filologiya elminin inkişafında H.Mirzəyevin özünəməxsus xidmətləri var. O, dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatları ilə tanınırdı. Alimin Qərbi Azərbaycanın yer adları ilə bağlı araşdırmaları milli tariximizin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Onun elmi irsinə bir kompleks halında yanaşsaq görərik ki, professorun elmi-bədii külliyyatı xüsusi monoqrafik tədqiqat obyektidir. Bununla belə düşünürəm ki, hər bir alimin elmi irsinin bir şah əsəri olur. Professorun əsərləri arasında özünəməxsus elmi çəkiyə malik olan şah əsəri 1986-cı ildə nəşr etdirdiyi “Azərbaycan dilində feil” monoqrafiyasıdır. Yazılışından otuz ildən çox zaman keçmişdir, amma əminliklə söyləyə bilərəm ki, Həsən müəllimin “Azərbaycan dilində feil” monoqrafiyası elmi aktallığını bu gün də qoruyur. Onun Azərbaycan dilçiliyinin demək olar ki, bütün sahələrinə həsr olunmuş monoqrafik tədqiqatları vardır, lakin “Feil”i o, ayrı bir şövqlə işləmişdir. Monoqrafiyanın hər səhifəsində müəllifin can yanğısını, ruhunu hiss etmək mümkündür. Bəzən düşünürsən, feil nitq hissəsinə Həsən müəllimin bu qeyri-adi sevgisi nədən qaynaqlanırdı, nə idi feili Həsən müəllimə sevdirən? Qrammatikimizada altı əsas nitq hissəsindən onun üçün feili fərqli edən nə idi? Bu suallara monoqrafiyanın ilk səhifələrindən cavab tapmaq mümkündür.
“Azərbaycan dilində feil” monoqrafyasın “Giriş” hissəsində yazılıb:”Azərbaycan dili Azərbaycan xalqının rəsmi dövlət dilidir.O, morfoloji bölgüyə görə iltisaqi, genoloji bölgüyə görə isə türk dilləri ailəsinə mənsubdur.” Sovet senzurasının ən kəskin dövründə çəkinmədən milli kimliyini, Azərbaycan dilinin dövlət dili olmasını xüsusilə vurğulayan bir alimin təpədən-dırnağa türk mənşəli sözlərdən formalaşan feili bu qədər sevməsi onun milli ruhundan, milli təəssübkeşlik duyğularından irəli gəlirdi. Feil hərəkətdir, feil sürətdir, döyüşkəndir fikirləri ilə feili vəsf etmiş dahi şairimiz Bəxtiyar Vahabzadənin “Feil” şeirini monoqrafiyaya daxil etmiş Həsən müəllim bir növ feili nədən sevməsini də izah etmiş olurdu. Ömrünün böyük bir qismini zəhmətlə təhsilimizin, millətimizin, dövlətçiliyimizin inkişafına həsr etmiş Həsən müəllimin bu mənada feili sevməsi, tədqiq etməsi olduqca təbii görünür.
Professor monoqrafiyanın I fəslində feil nitq hissəsinin on yeddi əlamətdar cəhətini qeyd edir. Həmin əlamətdar cəhətlərdən biri kimi müəllif vurğulayır ki, feil dilimizin milli orijinallığını, ən qədim ünsürlərini başqa nitq hissələrinə nisbətən daha yaxşı mühafizə edə bilir. Həsən müəllimin tələbələri, onun həmkarları, seçiciləri çox yaxşı xatırlayırlar ki, o milli dəyərləri, milli adət-ənənələrimizi sevən, onları elmində, bədii əsərlərində, sazında-sözündə böyük mühafizəkarllıqla qoruyub saxlayan şəxsiyyət idi. Bu mənada “Azərbaycan dilində feil” əsərində professor Həsən Mirzəyevin Azərbaycan xalqına, Azərbaycan dilinə, milli məfkurəmizə olan sevgisini görmək mümkündür. Bu monoqrafiyanın ən böyük özəlliklərindən biri də odur ki, yazılmasından uzun illər keçməsinə baxmayaraq feil haqqında təqdim edilmiş elmi faktlar, feilin öyrənilməsində qarşıya çıxan maneələr və onların tədris zamanı göstərilən həlli yolları bu gün də öz aktuallığını qoruyur. Məlumdur ki, feil nitq hissəsinin həm orta məktəbdə, həm də ali məktəblərimizdə tədrisi zamanı qarşıya çıxan çətinliklərdən biri də feilin təsirlilik və təsirsizlik kateqoriyasının elmi izahıdır. Monoqrafiyanın birinci fəslində təsirlilik və təsirsizlik kateqoriyası haqqında maraqlı izahla qarşılaşırıq: “…hərəkət obyektlə birbaşa,heç bir vasitə olmadan əlaqəyə girirsə, bu iş obyektin üzərində icra edilirsə, subyektin icra etdiyi hərəkət obyekti dəyişikliyə uğradırsa, bir sözlə, əşya bu və ya başqa şəkildə hərəkətin təsirinə məruz qalırsa, belə hərəkəti ifadə edən feillər təsirli, belə hərəkəti ifadə etməyənlər isə təsirsiz feillər adlanır”(səh.24). Müəllif feillərin təsirlilik-təsirsizlik kateqoriyasından bəhs edərkən sadəcə onların nəzəri təsviri ilə mədudlaşmamış, eyni zamanda həm təsirlilik, həm də təsirsizlik kateqoriyasını yaradan amilləri, xüsusilə şəkilçilərin rolunu, həmçinin bu kateqoriyanın Azərbaycan dilçiliyində və türkoloji ədəbiyyatda tədqiqi məsələsinə də aydınlıq gətirir. Monaqrafiyadan bəlli olur ki, professor Həsən Mirzəyev feilin təsirlilik və təsirsizlik kateqoriyası üzərində tədqiqat apardığı zaman nəinki Azərbaycan, hətta türkoloji araşdırmalarda belə bu məsələ ilə əlaqədar dilçilər arasında fikir ayrılığı mövcud idi. Müəllif yazır: ”Bütün bu deyilənlərdən aydın olur ki,başqa türk dillərinə dair mənbələrdə təsirli-təsirsiz feillər və bunların xüsusiyyətləri haqqında hələlik yekdil bir rəy yoxdur. Bunun başlıca səbəbi hər şeydən əvvəl odur ki, bu mövzu türk dillərində indiyədək bir problem şəklində işlənməmiş və hərtərəfli şəkildə tədqiq olunmamışdır….Bu məsələ Azərbaycan dilçiliyində də təxminən başqa türk dillərində olduğu kimidir…”(səh.35).
Metodik baxımdan sadə, elmi baxımdan dəqiq və məntiqli izah imkan verir ki, tədris zamanı tələbələr məsələnin mahiyyətindən asanlıqla agah olsunlar. Heç şübhəsiz ki, elmi faktların sadə, anlaşıqlı bir dildə şərh edilməsi müəllifin uzun illər ali məktəb auditoriyalarında qazandığı zəngin təcrübəyə əsaslanırdı. Digər tərəfdən sevindirici haldır ki, məhz professor Həsən Mirzəyevin bu monoqrafiyasının nəşrindən sonra Azərbaycan dilçiliyində feilin təsirlilik və təsirsizlik kateqoriyası dilçilik müstəvisində həllini tapmış, müasir Azərbaycan dili dərsliklərində müəllifin təqdim etdiyi elmi faktlar əks olunmuşdur.
“Azərbaycan dilində feil” monaqrafiyasının elmi dəyəri həm də ondan ibarətdir ki, müəllif yeri gəldikcə bir çox feillərin ilk dəfə, müəyyən qisminin isə elmi ədəbiyyatda mübahisə predmeti olan etimoloji izahına aydınlıq gətirir. Müəllif, təkcə “suvarmaq” feilini türk dillərindən Tatar, Uyğur, Qumuq, Qırğız, Tuva, Özbək, Noqay, Karaim, Qaraqalpaq, Türk, Çuvaş dillərindəki ekvivalenti ilə müqayisə edir, qədim yazılı mənbələrə, Mahmud Kaşğarinin “Divani-lüğət it türk” əsərinə istinad edir. Müəllif həmçinin, çığnamaq,cırnamaq,gərmək,əsirgəmək, daşırğamaq, hovxurmaq, süzələmək, çapalamaq, gəvələmək, qarğamaq, çulğalamaq, yumşalmaq v.s. bu kimi yüzlərlə feilin etimoloji izahını verir. Belə feillər içərisində “anşırmaq” feili haqqında müəllifin fikirləri xüsusilə maraqlıdır; “E. V. Sevortyan anşırmaq(an şırmaq) feilini Azərbaycan dilinin sözləri sırasında yox, türkmən dilinin sözləri sırasında verir.Halbuki bu söz Azərbaycan dilində, onun şivələrində işlənir. Hətta hal-hazırda ədəbi dilimizdə anmaq feili işlənməkdədir”(səh.134).Professorun bu izahından yola çıxaraq lüğətlərə nəzər salırıq: ” Anşırmaq. Bu, anma, anlamaq sözləri ilə kökdaşdır. Dialektlərdə “tanımaq” mə¬nasında işlədilir. Sözün kökü andır və “şüur, bilmək” anlamlarını əks etdirən ad-feil omonimi olub, indi də anlamaq, anlayış, anmaq sözlərində özünü mühafizə edir.( Bəşir Əhmədov. “Etimologiya lüğəti. Araşdırmalar, mülahizələr”. Bakı, Altun Kitab. 2015.). Professorun öz elmi arqumentində haqlı olması gün kimi aydındır. Heç şübhəsiz ki, Azərbaycan dili haqqında elmi fikirlər irəli sürmək, dilin leksik xüsusiyyətləri haqqında danışmaq üçün zəngin elmi biliyə, təcrübəyə malik olmaq lazımdır, lakin bundan əlavə həm də elmi-nəzəri fikirlər irəli sürdüyün dilin daşıyıcısı olmaq, milli olmaq lazımdır. Məhz bu zaman ortaya qoyulan konsepsiya həqiqəti əks etdirəcəkdir. Professor Həsən Mirzəyev türk milli kimliyinə malik insan, milli varlığımızın təəssübkeşi, eyni zamanda Azərbaycan dilinin ən incə xüsusiyyətlərinə malik bir dilçi, ədəbi dilimizin xüsusiyyətlərinə bələd olmaqla yanaşı zəngin dialekt və şivələrimizin mahir bilicisi və tədqiqatçısı idi. Bu bu keyfiyyətlər ona imkan vermişdir ki, irəli sürdüyü dilçilik konsepsiyaları öz elmi yeniliyi, fakta əsaslanan məntiqi arqumentləri ilə bir çox türkoloq alimlərin fikirlərini sözün həqiqi anlamında alt-üst etsin. Onun “axtarmaq” feili haqqında yazdığı qeydlər bu mənada yerinə düşür ”E.V.Sevortyanın mülahizəsinə görə bu feil at(minik və qoşquda istifadə olunan canlı)sözünə -qar\\-ğar şəkilçisini əlavə etməklə əmələ gəlmiş və səslərin öz yerini dəyişməsi nəticəsində atqarmaq formasından axtarmaq şəklinə düşmüşdür….bu feilin kökünün at sözündən olması mülahizəsi inandırıcı deyildir. Əvvələn, yeni yaranmış axtarmaq sözü ilə at sözü arasında məna əlaqəsi,demək olar ki, yox dərəcəsindədir. İkincisi, bir əşyanı axtararkən, onu soraq edərkən minik və qoşqu vasitəsi atdan da istifadə oluna bilər, başqa bir minik və qoşqu vasitəsindən də. Hətta ola bilər ki, bu axtarış işi piyada da icra olunsun. Odur ki, müəllifin axtarmaq feilinin at sözündən əmələ gəlməsi fikri oxucunu inandırmır”(səh.135). Professor, Azərbaycan dilinin daxili qrammatik qanunlarına söykənərək Sevortyanın “elmi-nəzəriyyəsini” alt-üst edir, bununla məhdudlaşmır, axtarmaq feilinin etimoloji izahı ilə əlaqədar tutarlı faktlar ortaya qoyur. O yazırdı: ” Bizə elə gəlir ki, axtarmaq feilinin kökü anmaq feilidir.Azərbaycan dilində bu feil, yəni anmaq feili hal hazırda yada salmaq, xatırlamaq, yoxlamaq, gəzmək, arayıb-axtarmaq mənalarını mühafizə edib saxlamaqdadır”(səh.135).
Monoqrafiyanın yadda qalan xüsusiyyətlərindən biri də odur ki, əsərdə feil düzəldən şəkilçilər, bu şəkilçilərin feilyaratmada məhsuldarlığı, qrammatik fərqliliyi ətraflı, eyni zamanda sadə, axıcı bir dillə şərh olunur. Burada diqqəti daha çox -qun- udqunmaq//-qan-qısqanmaq//-xul-burxulmaq//-nux-vurnuxmaq//-çi-nəmçimək//-xan-yayxanmaq//-sun-umsunmaq və s. bu kimi şəkilçilər cəlb edir. Çünki bu şəkilçilərin böyük əksəriyyəti “Azərbaycan dilində feil” monaqrafiyasından sonra elmi ədəbiyyata yol tapmış, müasir ali və orta məktəb dərsliklərində əks olunmuşdur.
Feil nitq hissəsini digər əsas nitq hissələrindən fərqləndirən əsas amillərdən biri də onun çoxmənalılıq ifadə etməsindədir. Müqayisəli təhlillər göstərir ki, çoxmənalılığa malik olan əsas nitq hissələri arasında feil öndədir. Monoqrafiyada feillərin çoxmənalılığı məsələsi də diqqətdən kənarda qalmamışdır. Əsərin IV fəsli “Eyni fonetik qabıqda həm təsirli, həm də təsirsiz feillərin yerləşməsi, bunlarda keçid prosesi və semantik-qrammatik imkanlar” adlanır. Bu fəsildə müəllif Azərbaycan dilində işlənən feillərin təsirli və təsirsizlik xüsusiyyətlərini tədqiq etməklə yanaşı onların çoxmənalılığına da aydınlıq gətirmişdir. Açmaq,vurmaq, qoymaq ,kəsmək, səpmək,saymaq,silmək,sürmək,süzmək, çərtmək, üzmək, dadmaq, tutmaq, aşmaq, keçmək,ötmək, dolaşmaq, qızdırmaq, dəyişmək, qapsmaq, minmək, yortmaq, dönmək,düşmək, işləmək, xamlamaq,enmək və s.kimi çoxmənalı feillər ətraflı şərh olunur, onların yaratmış olduğu çoxmənalılıq konkrekt faktlarla əyaniləşdirilir. Müəllif təkcə açmaq feilinin çoxmənalılığına aid otuza yaxın nümunə təqdim etmişdir. Həmin nümunələrə nəzər salaq; “qaldırmaq, götürmək, çıxartmaq, azad etmək, buraxmaq, yol vermək, başlamaq, işə salmaq, əsasını qoymaq, təsis etmək, təşkil etmək, yaratmaq, vermək, söyləmək, danışmaq, bildirmək, xəbər vermək, ifşa etmək, aşkara çıxarmaq, araşdırıb tapmaq,deşmək, dəlmək, qazmaq, genişlətmək,təmizləmək, ağartmaq, parıldatmaq, salmaq, səpmək və s.”(səh.168)
Monoqrafiyanın II hissəsi feilin təsriflənməyən formalarından feili sifətə həsr olunubdur. Müəllif bu fəsildə feili sifət mövzusuna yaradıcı yanaşır, ötən əsrin səksəninci illərinə qədər feili sifət mözusunun tədqiqat tarixini nəzərdən keçirmiş, bu sahədə mövcud fikir ayrılıqlarına aydınlıq gətirmiş və haqlı olaraq belə bir qənaətə gəlmişdir ki, feili sifətlərin formalaşmasında iştirak edən şəkilçilər zaman anlayışı ifadə etdiyi halda onlardan bəziləri tədqiata cəlb edilməmişdir. Müəllif yazır: “…Bu məqsədlə -mış/-an/-acaq/-ası/-malı şəkilçiləri ayrı ayrılıqda şərh edilir. Göründüyü kimi nədənsə -dıq feili sifət şəkilçisi bura daxil edilmir”(səh.241). Doğrudan da, professorun fikirləri ilə razılaşmamaq mümkün deyildir.-dıq+mənsubiyyət şəkilçisi modelində formalaşmış -dığım və onun variantları keçmiş zaman məzmununu ifadə edir.
“Feili sifət şəkilçilərinin bəzi xüsusiyyətləri”, “Feili sifətlərdə hərəkət anlayışı”,”Feili sifətlərdə zaman”, “Feili sifətlərdə növ” və s. bu kimi bölmələrdə feili sifətin türk dilləri ilə müqayisəli şəkildə tədqiqi monoqrafiyanın elmi dəyərini artırmaqla yanaşı, Azərbaycan dilçiliyində mövzu ilə əlaqədar mübahisələrə də son qoymuşdur. Təkcə bu fakt onu deməyə əsas verir ki, professor Həsən Mirzəyev Azərbaycan dilçilik tarixində feil nitq hissəsinin tədqiqi ilə əlaqədar ən kiçik detalı belə nəzərdən qaçırmayıbdır.
Bu gün Azərbaycan gəncliyi, tələbələr, müəllimlər,doktorant və alimlər professor Həsən Mirzəyevin Azərbaycan dilçilik elminə həsr etdiyi onlarla elmi əsərlərdən istifadə edir, oxuyur, öyənir, öyrədir. Bu həm də o deməkdir ki, Həsən müəllim qəlbən, ruhən bizimlədir. O, bu gün də yaşayır, Azərbaycan dilçilik elmi var olduqca əbədiyyən yaşayacaqdır.
Bəhram Cəfəroğu
ADPU-nun Azərbaycan dili və onun texnologiyası kafedrasının baş müəllimi
Filologiya üzrə fəlsəfə doktoru.
www.yenicag.az