İstanbulda Rusiya-Ukrayna DANIŞIQLARI: 35 dəqiqəlik görüş, sıfır NƏTİCƏ

media-hightechnic-468x90

“Rusiya və Ukrayna arasındakı bir həftəlik sürətli danışıqların yekunu iki nümayəndə heyəti arasında cəmi 35 dəqiqəlik təmasla məhdudlaşıb. Hər iki tərəf ciddi və fərqli bəyanatlarla çıxış etsə də, bu bəyanatlar bir-birini təkzib edən, ziddiyyətli və çaşdırıcı açıqlamalar olub. Nəticədə isə yalnız əsir mübadiləsi məsələsində cüzi irəliləyiş əldə olunub, başqa heç bir ciddi nəticədən söhbət gedə bilməz”.

Bunu Yenicag.az-a açıqlamasında türkiyəli analitik Hüsaməddin İnaç deyib.

media-husameddin-inanc

Siyasi təhlilçi ötən gün İstanbulda baş tutan Rusiya-Ukrayna danışıqlarının növbəti raundunu şərh edib.

Onun sözlərinə görə, xüsusilə Rusiya tərəfinin müharibəni davam etdirməkdə israrlı olduğu açıq şəkildə hiss olunur:

“Ukrayna isə bir an öncə liderlər zirvəsinin keçirilməsində maraqlıdır. Bu, ziddiyyətli vəziyyətdir. Çünki Zelenski daha əvvəl “nə mən, nə də komandam Putin və ya onun təmsilçiləri görüş keçirləcək” şəklində qəti bəyanatla çıxış etmişdi. Bu isə Ukrayna tərəfinin mövqeyində ciddi bir ziddiyyət olduğunu göstərir. Digər tərəfdən, Ukraynanın atəşkəs təkliflərinə Rusiya dəfələrlə rədd cavabı verib. Çünki Kreml hesab edir ki, atəşkəs razılaşması əldə olunarsa, Ukrayna və onu dəstəkləyən Qərb ölkələri bu fürsətdən istifadə edib özlərini toparlayaraq yenidən Rusiyaya qarşı hücuma keçə və işğal olunmuş ərazilərini geri almağa cəhd göstərə bilərlər. Bu isə tərəflər arasında qarşılıqlı güvənsizliyin yüksək səviyyədə olduğunu təsdiqləyir”.

Həmsöhbətimizin fikrincə, ən son atəşkəs təşəbbüsündən cəmi bir gün əvvəl Rusiya Donetsk vilayətindəki Pokrovsk şəhərini ələ keçirmək üçün böyük hücuma keçdi və ciddi hərbi əməliyyatlar həyata keçirdi:

“Bu fon isə yaxın perspektivdə atəşkəsin mümkünsüzlüyünü göstərir. Bəs bütün bunlara baxmayaraq, İstanbulda görüşlər niyə keçirildi? Buradakı əsas məsələ odur ki, Rusiya prezidenti Vladimir Putin xüsusilə Donald Trampın son bəyanatlarının yaratdığı təzyiqlərdən çıxmaq üçün bu danışıqlarda iştirak etməyə razı olub. Tramp son dövrlərdə Putinin verdiyi vədlərə əməl etmədiyini, müharibə yönlü davranış sərgilədiyini bildirib və Ukraynaya daha ciddi dəstək veriləcəyini, Putinə qarşı yeni iqtisadi sanksiyalar tətbiq olunacağını bəyan etmişdi. Bu təzyiqlərdən yayınmaq üçün Putin müəyyən müzakirələrə açıq olduğunu göstərmək istəyir. O, beynəlxalq ictimaiyyət qarşısında “atəşkəs istəməyən tərəf” kimi görünmək istəmir və bu statusdan yaxa qurtarmağa çalışır”.

“Digər tərəfdən, Tramp Rusiya üçün 50 günlük möhlət verdiyini və sentyabrın 10-na qədər atəşkəs əldə olunmazsa, ağır sanksiyalar tətbiq ediləcəyini açıqlamışdı. İstanbul görüşləri bu təhdidin qarşısını almaq və beynəlxalq təzyiqləri azaltmaq üçün bir cəhd kimi qiymətləndirilə bilər. İstanbul görüşlərindən ciddi bir nəticə çıxmasa da, növbəti mərhələdə danışıqların davam etdiriləcəyi hər iki tərəf tərəfindən razılaşdırıldı. Hələlik konkret nəticə əldə olunmasa da, Ukrayna tərəfinin atəşkəsə daha yaxın mövqedə olduğu görünür. Bu fonda İstanbul öz diplomatik əhəmiyyətini qoruyur və hər iki tərəfin güvəndiyi, sərbəst şəkildə danışıqlar apara bildiyi bir platforma kimi beynəlxalq arenada ön plana çıxır” – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600