“Sülh masası”, yoxsa teatr SƏHNƏSİ? – İstanbuldakı görüşün PƏRDƏARXASI
“Sülh masası, əslində, diplomatik teatrdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.
Politoloq Rusiya və Ukrayna rəsmiləri arasında İstanbulda keçirilən görüşü şərh edib.
Qeyd edək ki, görüşdə iştirak edən şərhçilər dünən keçirilən görüşdə heç bir nəticə vermədiyini bildiriblər.
Müsahibimizin sözlərinə görə, İstanbul danışıqları bir daha göstərdi ki, tərəflər razılaşmaq istəmir, sadəcə qarşı tərəfi ittiham etmək üçün tribunaya çıxır:
“Sülh masası, əslində, diplomatik teatrdır, skriptlər əvvəlcədən yazılıb, aktyorlar rollarını oynayır. 50 günlük vaxt isə real proses üçün deyil, geosiyasi balans üçün nəzərdə tutulub. Ukrayna məsələsindəki durğunluq, Rusiyanın müharibə diplomatiyası və Qərbin yarımçıq dəstəyi bu proseslərə də sirayət edir”.
T. İsmayılov diplomatik razılaşmaya Rusiyanın mane olduğunu bildirib:
“Ukrayna ilə müharibə davam etdikcə, Moskva istənilən regional razılaşmaya barmaq edir. Digər tərəfdən, Qərbin Ukraynaya verdiyi dəstək formatı bu bölgədəki müzakirələrin tonunu sərtləşdirir. Hər kəs sülhdən danışır, amma, əslində, öz strateji mövqeyini möhkəmləndirməyə çalışır. İştirakçılar nə masa ətrafında, nə də mediada real güzəştdən bəhs etmir. Siyasi iradə yoxdursa, texniki müzakirələr nəticə verməz. Tərəflər ya daxildəki ictimai təzyiqdən qorxur, ya da xarici aktorların siyasi sanksiyası altındadır. Rusiya və Ukrayna arasında yaranmış qlobal gərginlik regiondakı bütün danışıqları dondurub. İstanbul sadəcə görüş nöqtəsidir, qərar nöqtəsi deyil. Bu səbəbdən də konkret razılıq əldə olunmur. Siyasi niyyətlərlə siyasi nəticələr arasında uçurum var. 50 gün sonra da eyni sualları verəcəyik”.
Nurlan Cəfəri