Bir zamanlar rəqsləri, ifaları ilə insanları ətrafına toplayıb pul qazanan hindlilər Amerikaya köç edəndən sonra bu ənənə dəb halını aldı və dünya ölkələrində küçə incəsənəti adlı yeni anlayışı yaratdı. Bu gün ölkəmizdə küçə incəsənətinin ən geniş yayılan növü isə məhz küçə musiqisidir.
Yenicag.az xəbər verir ki, ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
Yaz-yay, payız-qış demədən metro yaxınlığında, dənizkənarı bulvarda, ən çox da paytaxt keçidlərində onlara rast gəlirik. Ətraflarında isə maraq dolu baxışlar.
Musiqişünas Gülnaz Abdullazadə bildirib ki, onların geniş səhnəyə çıxmaq imkanları yoxdur:
“Onların imkanı yoxdur geniş səhnəyə geniş publika qarşısına çıxsınlar. zallarda ifa etsinlər. Bu o qədər asan iş deyil”.
“Mən hesab edirəm ki, yerin altından çıxmaq vaxtı gəlib çatıb. Onlara imkan yaratmaq lazımdır, misal üçün bizim “tarqovı” küçəmiz – bəzi yerlərdə onlar oturub rahat öz ifalarını nümayiş elətdirə bilərdilər”, – Gülnaz Abdullazadə qeyd edib.
Dünya ölkələrində bu ənənə böyük maraqla qarşılansa da, bizdə hələ də münasibətlər birmənalı deyil. Elə şəhər sakinlərinin fikirləri kimi.
Qəribədir ki, bir zamanlar özlərini tanıtmaq üçün həvəslə kamera önünə keçən küçə ifaçıları kamera, mikrofonu uzaqdan görən kimi bəziləri ifalarını dayandırıb, bəziləri də sözün əsl mənasında şələ-küləsini yığıb uzaqlaşıb. Səbəbini soruşduqda isə icazə vermirlər dedilər. Kim və niyə suallarımızın cavabları isə müəmmalı qaldı.
Çalışaq küçə musiqiçilərini adı kimi “dırnaqarası küçə ifaçıları” səviyyəsinə endirməyək əksinə elə təəssürat yaradaq ki, bu üsul dünya ölkələrində olduğu kimi bizdə də peşəkar və sağlam rəqabətə köklənsin.