DİN-dən aşıq Namiq Fərhadoğlu ilə bağlı AÇIQLAMA
Televiziya kanallarının birində aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) Nərimanov polisinin ünvanına əsassız ittihamlar səsləndirib.
Yenicag.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, Namiq Hüseynovun səsləndirdiyi fikirlər böhtandır və qərəzdən irəli gəlir: “Oktyabrın 30-da N.Hüseynov barəsində Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə şikayət ərizəsi daxil olub. Müraciətdə vətəndaş sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsin ona etik olmayan təkliflər etməsini və onun tələblərinə əməl etməyəcəyi təqdirdə hədə-qorxu gəlməsini vurğulayıb.
İş üzrə aparılan araşdırmanın xüsusatlarını aydınlaşdırmaq məqsədilə N.Hüseynov müvafiq polis şöbəsinə dəvət olunmasına baxmayaraq o, polisə tabesizlik nümayiş etdirib, şikayət edən qadının ünvanına isə qeyri-etik ifadələr səsləndirib”.