!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dindirir əsr bizi …

!Reklam – Yazi

1346-1353-cü illər Avropası… Dəhşətli vəba epidemiyasının tüğyan elədiyi illər. Kilsənin göz açdırmadığı zəif təbabətinin kütləvi ölümlər qarşısında aciz qaldığı fəlakət dönəmi.

Elm olmayan yerdə, təbii ki, meydan mövhumatın olur. Həmin illərdə yaranan flagelant cərəyanının üzvləri Yaradanın rəhmini qazanmaq üçün özlərini qurban verirdilər. Onlar düşünürdülər ki, onlar qurban getdikcə, Yaradan insanlığa rəhm edəcək, günahkarları bağışlayacaq, epidemiyanın kökünü kəsəcək.

Fransisko Qoya,  Flagelantlərin  sitayişi (rəsm əsəri, 1814-cü il)

Ancaq hər dəfə olduğu kimi dini ehkamlar yenə insanlığa yardım edə bilmədilər, Avropa əhalisinin az qala yarısı – əhalinin 30-40 faizi vəbaya qurban getdi.  Belə bir  miqyasda  insan tələfatı, sözsüz ki,  cəmiyyətin   tək kəmiyyətini yox, tərkibini də,  elmə,  tərəqqiyə baxışını da dəyişdi.

Məsələn,  İşçi qüvvəsinin çatışmazlığı Avropada əmək bazarı yaratdı. Həmin əmək bazarında işçilər iş şəraiti, əmək müqabilində layiqli ödəniş tələb etməyə başladılar, kənd təsərrüfatında maldarlıq əkinçiliyi üstələdi, çünki tarlanı becərməyə onlarla, böyük bir sürünü idarə etməyə isə cəmi bir çoban bəs edirdi.

Çoxdan adət etdiyimiz mexaniki saatlar da Avropanın vəba dönəminin məhsuludur. Görünür, “zaman Yaradana aiddir və onun iradəsi ilə gecə və gündüzə bölünüb” fəlsəfəsi ölüm insanla nəfəs-nəfəsə olduğu o 1346-1353-cü illərdə  anlamını və miqyasını tamamilə dəyişdiyi üçün insan vaxtı daha dəqiq ölçməyə adət etdi.

Eynək, tərəzi, elmin inkişafı üçün gərəkli bir sıra əşyalar da vəbadan sonrakı dönəmin məhsullarıdır. Alman ixtiraçısı  İohan Quttenberqin 1439-da yaratdığı çap maşını isə elmin yayılmasında müstəsna xidmətləri olan icaddır və  vəbanın misli görünməmiş fəlakətinin bir dolayı tətinəsidir.  Buna qədər mətnlərin surətini əsasən kilsə xadimləri köçürürdü – onların çoxu artıq vəbaya qurban getmişdilər. Əl əməyi yetərli olmayanda yeni mexanizmlər yaratmaq çağın tələbinə çevrilmişdi. Kitablar – savadın, biliyin, elmin genişlənməsi demək idi. “Hər bəladə bir xeyir var” kontekstindən baxsaq, bu, vəbanın dünyaya xeyri idi. Fikrimcə,  bu fəlakət Avropada  dinin  cəmiyyətin, siyasətin, elmin bütün sahələrinə müdaxilə və hökm etdiyi bir dövranın sonunu gətirdi və  insanlıq üçün bundan daha bir xeyirli nəticə gözləmək olmazdı.

Çin, Hubey əyaləti, 31 dekabr 2019-cu il – COVİD-19 epidemiyasının rəsmi qeydə alındığı gün. Ənənəvi dünya dəyişir – qaynağı bəlli olmayan paralarla tikilən və böyük məbləğlərə kirayə verilən ticarət mərkəzləri, ofis binaları boşalır, çünki insanların artıq bir yerə toplanması təhlükəlidir. Ətrafında qumar oyunlarından daha çox kriminal olan, bir neçə sinif bitirən ehtiyat oyunçusu Pobert Kox Universitetinin professorundan 1000 dəfə çox əməkhaqqı alan futbolda oyunlar artıq azarkeşsiz keçirilir, neft-qaz “Sirab”dan ucuz satılır.

Şükür ki, flagelantlar yoxdur, ancaq onların yerinə sadəcə konstitusyon vəzifələrini yerinə yetirən hakimiyyətə karonavirusla “fenomenal” mübarizə apardığı üçün təşəkkür edənlər var. Baxmayaraq ki, tanrının özünü döyən flagelantlara ehtiyacı olmadığı kimi,  hakimiyyətin də bu riyakarlara ehtiyacı yoxdur.

Marti Lüter kimi 95 bəndlik islahat paketi ilə dini islahat təklifləri ilə meydana çıxan olacaqmı-olmayacaqmı, bunu demək çətindir. Ancaq zamanın tələbi göstərir ki, bundan sonra minlərlə insanı bir yerə toplayan dini ayinlərə yenidən baxmaq gərək olacaq. 

İndi bir məsələ dəqiqdir ki, elm və din arasında münasibətlər hansı səviyyədə olursa olsun, karonavirus təşəkkür məktubları sayəsində deyil, elm sayəsində Yer üzünü tərk edəcək. Biz hiss etməsək də, bu gün COVİD-19 dünyanı rəqəmsallaşdıraraq önümüzdəki onilliklər üçün yeni sosial davranışlar yaradır.

Yaxın gələcəkdə insanların alış-verişə münasibəti köklü şəkildə dəyişəcək. 3D texnolojiləri artıq  bazarlamanın simasını yeniləməkdədir. Sosial məsafə, zamana, məhsula qənaət artıq pandemiya dönəmlərinin sloqanları yox, yeni dönəmin həyat tərzidir. Görünən odur ki, sənayenin virtuallaşması və rəqəmsallaşması başlasa da, COVİD-19 bu  prosesi ciddi şəkildə sürətləndirib.

COVİD-19-dan bir neçə il öncə San Fransiskoda 2 ABŞ alimi və 1 mühəndis mexanik Unspun şirkətini yaratdılar. Çinin maliyyə fondlarından dəstək alan şirkət qısa zamanda böyüməyə başladı.

Walden Lam, Kevin Martin və Elizabeth Beth –  Unspun şirkətinin qurucuları

Onların  3D skanerləri vasitəsilə hazırladıqları mexanizm dairəvi  hərəkət edən platforma üzərində dayanan insanın üzərində 1 dəqiqədən də az müddətdə infraqırmızı şüalarla 100 000 nöqtə müəyyən edir və alınan göstəricilər şirkətin atelyesinə göndərilir.

İndi Unspun insan bədəninə ən ideal şəkildə “oturan” cins geyimlərin istehsalçısıdır. Satış da online-dır. Nə tıxaclar yaradan böyük ticarət mərkəzlərinə ehtiyac var, nə orada inferksiya yayılması təhlükəsi, nə də müştəri məmnuniyyətsizliyi.

Unspun şirkətini müştərisi öz bədən ölçülərini skan edir

Evdə smartfonun köməyi ilə müştəri özünün bədən ölçülərini skan edir,  xoşuna gələn rəngi seçir  və Unspun şirkətini müvafiq mobil programına yükləyir.  Bundan sonrası Unspun şirkətinin  bu ölçüləri parçanın kəsimini və tikiş prosesi ilə  inteqrasiya edilməsidir. Proses çox mürəkkəbdir, amma  Unspun şirkətinin əfsanəvi   qurucuları bunu mükəmməl bir şəkildə həll etmişlər.

Britaniyada aparılan sorğudan respondentlərin 20 faizi bundan sonra yalnız online alış-veriş edəcəyini, 67 faizi isə öncəki mağazalara yalnız satış zalının planlamasına ciddi dəyişiklik ediləcəksə, hijyen, təhlükəsizlik ən üst səviyyədə qorunacaqsa qayıda bilərlər.

İsveçrənin Meepl şirkəti isə bir bir qədər də irəli gedərək geyim dizaynerləri üçün smartfonların 3D skanerləri,   müştərinin seçdiyi paltarı  müştəriyə “geydirərək” göstərən virtual güzgü və   kənar satıcı  şirkətlərin APİ (Application Programming Interface) üzərindən öz on-line satış platformalarını qoşa biləcəyi bir platforma  hazırlayıb. Artıq dünyanın aparıcı dəb salonlarında – Debenhams, Cath Kidston & Oasis bu proqramlar populyarlaşır. Artıq bu proqram təminatına görə Meepl RWRC qlobal agentliyinin 2020-ci il üzrə xüsusi mükafatına da layiq görülüb.

Bu tendensiya sürətlə sənayenin digər sahələrinə də yayılır. Rusiyanın TMK, “Sinara – nəqliyyat maşınları” kimi  yüksək texnologiyalı   şirkətlərində istehsalın rəqəmsal ekizləri yaradılır. Belə eskizlər istər boru birləşmələri, istərsə də  daxili yanma mühərriklərinin inteqrasiya olunacağı digər avadanlıqların layihələndirilməsini qat-qat tezləşdirir.

TMK şirkətinin Skolkovo şəhərindəki yeni  elmi-texniki mərkəzinin sərgi salonu

Uzun zaman alan istehsal prosesləri yeni rəqəmsal texnolojilərin köməyi ilə dəqiqələr içərisində həllini tapır. Bir detal üçün yüzlərlə kağız parçası üzərində çəkilən çertyoj dönəmi artıq tarixdir.

Heç şübhəsiz bu yeniliklərin ardınca ölkələrin qanunvericiliyi də yenilənəcək. Məsələn, Rusiya prezidenti Vladimir Putin iyunun 23-dəki telemüraciətində informasiya texnolojiləri şirlətləri üçün sığorta ödənişlərinin 14 faizdən 7,6 faizə, gəlir vergisinin 20 faizdən 3 faizə endirilməsini təklif edib. İndiyə qədər Rusiyada heç bir sahəyə gəlir vergisi ilə bağlı 7 qat enridib tətbiq edilməmişdi… Demək, hakimiyyət bundan sonra maddi olmayan aktivlərin maddi aktivlər üzərində hökmran olacağını qəbul edib.

Avtandil Məmmədov,

Enerji məsələləri  üzrə ekspert

www.yenicag.az

1398
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv