Dövlət onlara xüsusi dəstək göstərəcək

Azərbaycanda özünüməşğulluğa (əmək qabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etməsi) dövlət dəstəyi təşkil olunur və bunun şərtləri müəyyənləşib.

Yenicag.az APA-ya istinadən bildirir ki, bu, yenidən hazırlanmış “Məşğulluq haqqında” qanun layihəsinin 24-cü (Özünüməşğulluğa kömək göstərilməsi) maddəsində əks olunub.

Maddəyə əsasən, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın 2 (iki) il müddətinə müqavilə əsasında verilməsi nəzərdə tutulur. Kənd təsərrüfatın yararlı torpaq payı olub digər məşğulluğu olmayan şəxslər də müvafiq icra hakimiyyətin orqanı tərəfindən 1 (bir) il ərzində özünüməşğulluğa cəlb olunmuş işsiz şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərti ilə özünüməşğulluğa cəlb edilirlər. İşsiz şəxslərin özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük veriləcək. Maddədə qeyd olunur ki. işsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

COP29