!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət qəzetindən Samir Şərifova atmaca

!Reklam – Yazi

samirRəsmi dövlət qəzeti “Azərbaycan” bankların kredit siyasətini sərt tənqid edən məqalə dərc edib. “Qafqazinfo” həmin məqalədən bəzi hissələri təqdim edir:

Bankların yüksək kredit faizləri haqqında nə qədər yazmaq, nə qədər demək, nə qədər şikayət etmək, nə qədər həyəcan təbili çalmaq olardı?! Hətta yüksək səviyyələrdə belə banklara kredit faizlərini bazarın tələblərinə uyğun tənzimləmək, xüsusən əhalinin ehtiyacından sui-istifadə etməmək tapşırıqları verilirdi. Amma kim idi buna əməl edən?! Ən yaxşı halda kreditin faizini aşağı salanda xidmət haqlarını qaldırırdılar. Rəsmi 15-17, əslində isə 25-30 faiz kredit alanlar azdırmı aramızda?!

Bu gün təxminən 2,5 milyon nəfərin bank kreditinin olması o deməkdir ki, ölkədə orta hesabla borcsuz ailə çox azdır. Elə ailə var ki, uşaqlardan savayı bütün üzvlərinin, elə adam var ki, bir neçə banka borcları var. Aşağı-yuxarı 18,7 milyard manat kreditin verilməsi heç kimə zarafat gəlməsin, bu, Azərbaycanın cari il üçün dövlət büdcəsinin xərclər hissəsindən çoxdur. Kim göstəriş vermişdi ki, bu qədər məbləği kredit kimi camaata payla?!

***

Banklar Azərbaycan Mərkəzi Bankının ümumi məlumat bazasından kredit götürmək istəyənin müştəri kimi reputasiyasını öyrənir və bundan sonra qərar verirdilər. Sonra bu tələb tanışlıq, tapşırıq, “şapka” ilə əvəz olundu. Üstəlik, neftin yüksək qiyməti nəticəsində ölkəyə daxil olan valyutanın hesabına dolayı yolla banklarda külli miqdarda sərbəst vəsait əmələ gəldi və onların kredit kimi realizə məsələsi yarandı.

Hələ ağla gəlməyənin başa gəlmək ehtimalını demirik. Söz vaxtına çəkər deyiblər – düz keçən ilin fevral ayında təxminən 10 il dünyanın qoca valyutası ABŞ dollarının qarşısında davam gətirən cavan manat ilk devalvasiyaya uğradı, yəni Mərkəzi Bankın qərarı ilə dollara nisbətdə 78 qəpikdən 1,05 manata qədər ucuzlaşdı. İlin sonunda isə manatın kursu üzən məzənnə adı ilə sərbəst buraxıldı və dərhal da təxminən daha 50 faiz dəyərdən düşdü. Səbəbi məlum idi, onun haqqında çox bəhs olunduğundan üstündə dayanmağa ehtiyac duymuruq. Bircə onu nəzərə çatdırmaq istərdik ki, dollara nisbətdə milli valyutaların domino daşları kimi bir-birinin ardınca “yıxılması” həmin ölkələrin daxili iqtisadi problemlərinin yox, böyük güclərin siyasi iddialarının nəticəsidir. Başqa sözlə, buna birbaşa təsir göstərən neftin ucuzlaşması tamamilə siyasi amillərlə bağlıdır.

***
Bu gün ölkə əhalisinin çoxsaylı bir kəsimi çox ciddi problemlə – dollarla götürülmüş və ya aldadılaraq dollarla rəsmiləşdirilmiş kreditlərlə üzbəüz qalmışdır. “Bunun günahı kimdədir, səbəbi nədir” sualına birmənalı cavab vermək çətindir. Qeyd etdiyimiz kimi, belə çıxılmaz vəziyyətin yaranmasına hər iki tərəf – həm banklar, həm də onların müştəriləri rəvac vermişlər. Nəticədə, baxmayaraq ki, hüquqi və fiziki şəxslərin kreditləşdirilməsi bankın əsas funksiyası, ondan yararlanmaq, istifadə etməksə əhalinin qanuni hüququdur, bu gün onların arasında, yumsaq desək, ciddi narazılıq, dərin anlaşılmazlıq, mürəkkəb problem yaranmışdır.

***

Son məlumata görə, ölkə əhalisi son devalvasiyayacan müxtəlif banklardan xarici valyutalarla (əsasən ABŞ dolları ilə) 7,8 milyard manat kredit götürmüşdür. Bu məbləğ cari kursla təxminən 4,9 milyard dollar edir. İndi onun heç də az olmayan həcminin banklara qaytarılmamaq təhlükəsi var (əldə olan axırıncı rəqəmlərə əsasən, ölkə üzrə problemli kreditlərin məbləği 1,5 milyard manatdır ki, onun da 44,3 faizi xarici valyuta ilədir. Halbuki keçən ilin əvvəlində həmin rəqəm təxminən 20 faiz idi). Çünki əhalinin əksər hissəsi 0,78, yaxud 1,05 manat kursu ilə götürdüyü dollarla krediti bugünkü təxminən 1,58-1,60 manat kursu ilə ya qaytarmaq istəmir, ya da sadəcə buna maddi imkanı yoxdur. Açığı, əksəriyyət qınanılası deyil. Qınanılası olanları qeyd etdik, onlar indi yersiz nəfslərinin, təkəbbürlərinin, görməmişliklərinin girovlarına çevriliblər. Evlərində dovğalıq olmayıb, könüllərindən lovğalıq keçənlərin aqibəti elə bu cür də olmalıdır. Amma banklara dollarla borcu olanların hamısı belə ağlın, daha doğrusu, ağılsızlığın sahibi deyil axı…

***

Yeri gəlmişkən qeyd edək ki, problemin yarandığı ilk günlərdə həmin vətəndaşlarımıza ümid verənlər çox oldu. Kimi dedi, kreditlərin köhnə kursla (1,05 manatla) qaytarılması artıq hökumətlə razılaşdırılıb və tezliklə bu barədə qərar qəbul olunacaq. Kimi təklif etdi ki, dollarla borcu olanların kimliyi, daha doğrusu, onların maddi vəziyyətləri öyrənilsin və aztəminatlı təbəqəyə kreditlərini götürdükləri vaxt mövcud olmuş kursla qaytarmaq izni verilsin. Üçüncüsü xəbər yaydı ki, Azərbaycan Mərkəzi Bankı vəziyyəti araşdırır və ondan çıxış yollarını axtarır.

Nəhayət, hökumətin yüksək çinli məmuru birmənalı olaraq dedi ki, banklar xeyriyyə qurumu deyil və borclar qaytarılmalıdır. Sonra da əlavə etdi ki, banklar vaxtilə əhaliyə verdikləri kreditlərdən yüksək faiz nəticəsində yaxşı gəlir götürüblər və indi də həmin qazancları hesabına dollarla borcu olanlara güzəştə getməlidirlər.

***

Açığı, adını çəkmək istəmədiyimiz, amma hamının güman etdiyi həmin məmurun bu açıqlamasında ortaya qoyduğu ilk baxışdan bir-birinə zidd hər iki mövqe ədalətlidir. Əvvəla, alınan borc qaytarılmalıdır. Çünki bunu həm qanun tələb edir, həm də görüb-götürdüyümüz adət-ənənəmiz. Haqsız yerə deməyiblər ki, kişi kişinin malını yeməz. Bundan əlavə, banklar təkcə dollarla borc verməyiblər, eyni zamanda əhalidən dollarla depozit, yəni borc götürüblər, özü də faizlə. İndi gərək əhalidən həmin faizləri alsınlar ki, depozitlərin də faizlərini verə bilsinlər. Üstəlik, xarici mənbələrdən cəlb etdikləri vəsaitlər də dollarla, az bir hissəsi isə avroyladır, onları da bizim bankların qara gözlərinə aşiq olduqları üçün elə-belə yox, faizlə veriblər. Deməli, bu halda bankları başa düşmək çətin deyil.

***

Ədalətsizliyin və haramlığın sonu yoxdur! Kim bilir, bu gün bir sıra bankların bankrot vəziyyətinə düşməsi, bəzilərinin lisenziyalarının ləğv olunması, yaxud birləşdirilməsi bəlkə elə həmin sonun başlanğıcıdır.

Amma hətta bankların belə kədərli sonu da dollar kreditləri olanların yaralarına məlhəm deyil. Onların qulaqları səsdədir, yuxarıların problemlərinin həlli ilə bağlı hansı qərar qəbul edəcəklərini gözləyirlər. Xəbərsə hələ yoxdur… ödənişlər kimi, çünki ödənişlər də, demək olar, kəsilib. Necə deyərlər, çox yemək istəyi bankları az yeməkdən də qoyub.

Azərbaycan Mərkəzi Bankı isə hələ yollar arayır. Eləsini ki, nə şiş yansın, nə kabab! Amma bu, mümkün deyil, nəyi və ya kimi isə “yandırmaq” lazımdır. Əhalinin aztəminatlı təbəqəsində “yanmalı” heç nə qalmayıb, nəyi vardı külə dönüb, qalan göz yaşlarıdır ki, banklar da ona inanmır.

www.yenicag.az

543
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv