Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Dövlət qurumları yeni binaya köçməkdənsə, problemlərin həllinə çalışmalıdırlar” – Natiq Cəfərli

Reklam: High Technic

“Adətən, inzibati binaların yenilənmək zərurəti əsaslı ehtiyacdan yaranmalı və ya başqa məntiqi izahı olmalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında bir sıra dövlət qurumlarının inzibati binalarının əsaslı təmirinə, bəziləri üçünsə yeni binaların inşasına büdcədən külli miqdarda vəsait ayrılmasına münasibət bildirən iqtisadçı Natiq Cəfərli deyib.

Natiq Cəfərli hesab edir ki, iqtisadi problemlərin qabardığı indiki şəraitdə dövlət qurumlarının inzibati binalarının yenilənməsi doğru yanaşma deyil və bu addımın məntiqi əsasları yoxdur:

“Dövlət qurumlarına yeni binaların tikilməsi həmişə ümumi infrastrukturun dəyişdirilməsi ilə əlaqələndirilib. Nəticədə Bakının Heydər Əliyev prospektini bir biznes-kvartala və dövlət idarəetmə orqanlarının toplandığı mərkəzə çevirmək istəyiblər. 2009-10-cu illərdə belə bir plan vardı və hətta oirada müəyyən tikinti işləri də aparılıb.

Məsələn, “AzərSu” ASC, Dövlət Neft Fondu və bir sıra başqa qurumların inzibati binaları həmin prospektə köçürülüb. Eyni zamanda, digər inzibati binalar da inşa edilib. Səhv etmirəmsə, Azərbaycan Hava Yollarının (AZAL) binası da qeyd olunan ərazidədir.

Sadəcə, 2009-10-cu illərdə Azərbaycanda ciddi iqtisadi problemlər yaranmamışdı, neftin qiyməti çox yüksək idi və biznes mərkəzi kimi layihənin həyata keçirilməsi başadüşülən idi. Mövcud şəraitdə isə məsələyə eyni qaydada yanaşmaq ürəkaçan və məntiqli deyil.

“Azərsu” ASC-nin yeni inzibati binasına 200 milyon manata yaxın vəsait xərclənib. Lakin ölkənin elə yerləri var ki, hələ də su-kanalizasiya problemləri mövcuddur. Əslində, dövlət qurumları yeni binaya köçməkdənsə, mövcud problemlərin həllinə çalışmalıdırlar.

Bundan başqa, Mərkəzi Bankın şəhərin mərkəzində 1998-ci ildə tikilmiş çox gözəl və müasir binası var. Bu binanın yenilənməsinə nə ehtiyac var? Adətən, inzibati binanın yenilənmək zərurəti əsaslı ehtiyacdan yaranmalı və ya başqa məntiqi izahı olmalıdır. Mərkəzi Bankın inzibati binasının yenilənməsinin məntiqi izahı və ehtiyacı yoxdur.

Nəzərə almaq lazımdır ki, Mərkəzi Bankın indiki binasının alt qatlarında xəzinədarlıq və təhülkəsizliklə bağlı hallar üçün möhkəmləndirilmiş qoruyucu vasitələrdən istifadə olunmuş infrastruktur mövcuddur. Çünki dövriyyədən çıxarılan pul kütləsi, həmçinin Mərkəzi Bankın bəzi ehtiyat vəsaitləri də həmin yerdə saxlanılır.

Mərkəzi Bankın mövcud binasını modernləşdirmək, yeni qoruyucu avadanlıqlar quraşdırmaq və təhlükəsizlik qaydalarını təkmilləşdirmək daha ucuz başa gələrdi. Yəni yeni sistemi 5-10 milyon manata qurmaq mümkündür və daha məntiqlidir. Əgər söhbət müasir təhlükəsizlik qaydalarına uyğun saxlanma yerlərindən gedirsə, onda 200 yaşlı ABŞ Federal Rezerv Sistemi hər 10 ildən bir yeni bina tikməlidir.

Mərkəzi Bankın yeni inzibati binasının inşasına ayrılacaq təxminən 150-200 milyon manat civarında vəsaitin sosial problemlərin həllinə, işğaldan azad olunmuş torpaqların bərpasına yönəldilməsi daha məntiqli olar”.

Qeyd edək ki, Mərkəzi Bankın indiki binası 1998-ci ildə istifadəyə verilib. Bank üçün yeni ofisin tikilməsi zərurəti bütün əməkdaşları orada yerləşdirməyin mümkün olmaması ilə izah edilir. Yeni inzibati binanın hündürlüyünün 141 metr olacağı bildirilir”.

Gülşən Şərif

www.yenicag.az

4179