!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlətin kənd təsərrüfatı siyasəti: “Regionlarda sosial inkişafın yüksəldilməsi üçün mühüm addımlar atılır”

!Reklam – Yazi

Bu gün Azərbaycanda regionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət tərəfindən bir sıra layihələr həyata keçirilir.

Dövlətin kənd təsərrüfatı siyasətinə göstərdiyi qayğı, əkin-biçin və maldarlıq sahəsinin inkişafı bağlı aparılan işlər dövlət başçısı tərəfindən də prioritet bir məsələ olaraq qəbul edilir.

Hətta regionların sosial iqtisadi inkişafı ilə qəbul olunmuş 4 illik proqram nəticəsində əldə olunan nailiyyətlər bu gün Azərbaycan insanını mərkəzi şəhərlərdən daha çox bölgələrdə məskunlaşmasına təkan yaradıb.

Yenicag.az-la söhbətində VI çağırış Milli Məclisin deputatı Rüfət Quliyev diqqətə çatdırıb ki, istər iqtisadi nəzəriyyədə, istərsə də praktikada və həyatda bazar iqtisadiyyatının öz xüsusi qanunları var ki, bunlar da tələb, təklif və rəqabətdir.

Onun sözlərinə görə, regionlarda sosial inkişafın daha da yüksəldilməsi üçün dövlət öz tərəfindən əlindən gələni edir:

“Hətta digər regionlarda bütün infrastruktur layihələri artıq həyata keçirilib. Elektrik enerjisi, su, qaz, yollar, dəmiryolları və digər kommunikasiya sistemləri artıq çəkilib. Bu gün regionlarda olan şərait istehsal, işləmək və komfort yaşamaq üçün yaradılıb.

Burada ikinci məsələ isə budur ki, istər investisiya, istərsə də sahibkarlıq mühitinin kifayət qədər inkişafı əsasdır. Bununla əlaqədar, dövlətin kifayət qədər addımları olub ki, kooperasiya qanunu da buraya daxildir.

Artıq 30 ilə yaxındır ki, torpaqlar fermerlərə paylanıb, insanlara verilib və torpaq islahatı MDB məkanı ölkələrində ən birinci Azərbaycanda keçirilib. Bundan başqa, 15 min manata qədər fermerlər üçün kredit götürməyə şəraitlər mövcuddur. Sahibkarlığın İnkişafı Fondunun kiçik vəsaitləri var ki, onlar 4,5-5,5% ilə layihələrə uzunmüddətli kreditlər verir. Burada əsas yük isə regionlarda yaşayan insanların çiynindədir. Onlar gərək aktiv formada sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdırlar. O cümlədən, fermerlər rayonlarda əkin-biçin işlərini görsünlər, kifayət qədər məhsul yetişdirsinlər. Əgər regionlarda kifayət qədər məhsul olsa, deməli, emal müəssisələri də mərkəzi şəhərlərdən regionlara köçürülə bilər”.
Deputat əmindir ki, hazırda kənd təsərrüfatı məhsullarını qısa müddətdə saxlamaq olur və onlar uzun daşımalar üçün elə də yararlı deyil:
“Belə olan təqdirdə isə keyfiyyətdə artıq müəyyən problemlər yaranmağa başlayır. Bir də regionlarda xüsusi depolar da artıq tikilib. Təbii ki, hər rayonda olmasa da, 6-7 rayonda 1 dənə depolar mövcuddur və fermerlər öz məhsullarını burada saxlayırlar. Orada xüsusi temperatur şəraitində saxlanılan məhsullar mövsümdən sonra bazar qiyməti yüksək olarkən satılır. Bu da regionların inkişafı üçün bir addımdır.

Bundan əlavə, dövlət tərəfindən onlarla addımlar atıb. Burada əsas məsələ insanlar üçün şəraitin yaradılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və bolluca məhsulların əldə edilməsidir. Çünki məhsul bolluğunun olması yeni iş yerlərinin açılması deməkdir. Mən özüm “CBC” telekanalında rus dilində “Sahibkar saatı” verilişini aparıram. Mən oraya uğurlu sahibkarları dəvət edirəm, onlarla söhbət edirik, məhsullarını təqdim edirlər, öz işləri barəsində danışırlar. Onların əksəriyyəti isə mikro, kiçik və orta sahibkarlardır. Bax, belə sosial çarxlar, təbliğat-təşviqat aparmaqla uğurlu fermerlər və sahibkarlar barəsində daha çox məlumat vermək lazımdır. İnsanlar görməlidirlər ki, kənd təsərrüfatı ilə məşğul olan adamlar da normal formada qazanc əldə edə bilirlər. Təbii ki, bu qazancla çətin “yağın içində” “Mercedes-Benz” ala bilərsən, lakin aya 2.000-2.500 AZN-dən tutmuş, ta 10.000 AZN-ə qazanc əldə etmək olar”.

“Məsələn, mən Astara rayonunda uğurlu kəndlər tanıyıram ki, orada kənd təsərrüfatı ilə məşğul olanlar var. Hətta onların kiçik sexləri mövcuddur ki, orada məhsullar istehsal edirlər. O cümlədən, Lənkəran, Masallı və Cəlilabadda da belə müəssisələr mövcuddur. Misal üçün, Cəlilabada girəndə yolboyu meyvə-tərəvəz satırlar. Bu isə o deməkdir ki, artıq insanlar orada fermer təsərrüfatı ilə məşğul olurlar. Bunlar isə keyfiyyətli və ucuz meyvə-tərəvəz məhsullarıdır. Deməli, bu formada inkişafın sürətini daha da artırmaq olar.

Sovet iqtisadiyyatı qapalı olsa da, Lənkəranda 54 dənə zavod və fabriklər mövcud idi. Bu günləri təbii ki, bazar iqtisadiyyatı mövcuddur və ona görə də orada tələb-təklif qanunu işləyir və bu qədər müəssisə yaratmağa heç ehtiyac da yoxdur. Gərək, tələbat olsun ki, sözügedən müəssisələr də yaransın. Mən hazırda bu məsələdəki ən böyük problemin təbliğatın olmamasında görürəm. Təbliğat gücləndirilməlidir. Doğrudur, mediada “Fermer saatı” olur, lakin bu, kifayət deyil. Onlarla belə verilişlər, sosial çarxlar olmalı, təbliğat gücləndirilməlidir. Dövlət isə lazım olanda öz addımlarını atacaq. Son qanun isə belədir ki, kənd təsərrüfatı təyinatlı torpaqlar artıq 5 ha. keçirsə, onun 1%-də təyinatı dəyişməmək şərti ilə tikinti aparmaq olar. Yəni fermerlər üçün orada qalmaq, şərait yaratmaq və kiçik sexlər, depolar tikmək mümkündür. Bu da dövlətin vətəndaşa olan bir addımıdır”, – deyə o əlavə edib.

Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, hazırda regionlarda böyük mütəxəssis problemi mövcuddur:

“Aqronom, torpaqşünas, subtropik bitkilər üzrə mütəxəssislər lazımdır ölkəyə. Bununla bağlı ölkəmizdə ali təhsil müəssisələri var, amma oranın məzunlarının çoxu şəhərlərdə qalmaq istəyir. Ona görə də mən təklif irəli sürmüşdüm ki, dövlət hesabına oxuyan mütəxəssislər seçimlə məcburi şəkildə 3 illik regionlara göndərilməlidir, burada daha çox aqrar sahəni bilənlər, mexaniklər və mühəndislər lazımdır. Onlar 3 il işləsinlər və təbii ki, dövlət onlar üçün regionlarda şərait yaradacaq. 3 ilin ərzində isə onların böyük bir qismi regionlarda məskunlaşıb qalacaqlar, ailə quracaqlar, özlərini orada tapacaqlar.

Bu gün istənilən savadlı aqronom ayda 1.500-2.000 AZN əldə edə bilər. Mən elə aqronomlar tanıyıram ki, bəy balaları kimi yaşayırlar, aya yox-yox 7.000 AZN pul qazanırlar. Bu, faktdır və özüm də o şəxslərlə tanışam. Əlbəttə ki, bu məsələdə bir əldən səs çıxmaz. Bunun üçün gərək söylədiyim şərtlər həyata keçirilməli və məzunları regionlarda hansısa bir formada şərait yaradıb saxlamaq lazımdır”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanıb.

 

Rafi Müslümov

COP29

www.yenicag.az

584
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv