DSX və Müdafiə Nazirliyinin ÖTÜR-ÖTÜR OYUNU: 250-dən çox zabit sənədlərini ala bilmir – ŞİKAYƏT

Ehtiyatda olub 44 günlük Vətən müharibəsində döyüşlərə qatılan zabitlər hərbi biletlərini və digər sənədlərini ala bilmirlər.

Bu barədə Yenicag.az-a könüllü şəkildə müharibəyə qatılmış ehtiyatda olan zabitlər məlumat veriblər.

Məlumata görə, 250-dən çox zabitin sənədləri verilməyib, qurumlar isə həmin şəxsləri bir-birilərinin üstünə ötürməklə məşğuldurlar.

Müharibə vaxtı yaradılmış 6-cı Ordu Korpusu xüsusilə Qubadlı-Zəngilan istiqamətində dövlət sərhədi boyunca irəliləyib. Məsələ ondadır ki, 6-cı Ordu Korpusu Qubadlı-Zəngilan istiqamətindən başqa, demək olar, bütün istiqamətlərə kömək olaraq göndərilib. 6-cı Ordu Korpusu yanvar ayının 1-dən Dövlət Sərhəd Xidmətinin sərəncamına verilib. Elə bununla da bütün məsələlər qarışıb. Fevral ayından ehtiyatda olub, sonradan döyüşlərə könüllü və çağırışla gələn zabitlər yenidən ehtiyata buraxılanda onlara hərbi bilet və digər sənədlər verilməyib.

Məsələ ilə bağlı zabitlər Müdafiə Nazirliyinə müraciət ediblər. Müdafiə Nazirliyi isə həmin şəxsləri Dövlət Sərhəd Xidmətinə yönəldib. DSX isə məsələ ilə bağlı heç bir cavab vermir.

Əldə etdiyimiz məlumata görə, tərxis olunan bəzi zabitlərin sənədləri verilib. Ancaq sənədlər boşdur. Sadəcə çağrıldığı gün və tərxis olduğu günlər yazılıb. Döyüş əməliyyatları ilə bağlı heç nə sənədlərdə öz əksini tapmayıb.

Vətən müharibəsinin üzərindən 10 aydan çox vaxt keçməsinə baxmayaraq, savaş iştirakçılarının lazımi sənədlərlə təmin edilməməsi və onlara qarşı laqeyd münasibət başa düşülən deyil.

Səxavət Məmməd