Türkiyəyə qarşı “informasiya cəbhəsi”ndə yerləşdirilən yeni saytın Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) maliyyələşdirildiyi üzə çıxıb.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, hələ bir ay əvvəldən BƏƏ-dən ayrılan maliyyə hesabına yaradılacağı anons edilən və artıq üç dildə yayıma başlayan “Ahval News” saytının özəyi FETÖ terror şəbəkəsinin vacib fiqurlarından formalaşdırılıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanından olan “mujtahidd” adlı məşhur “Twitter” istifadəçisi (2 milyona yaxın izləyicisi var) bir neçə ay əvvəl öz səhifəsində yaşadığı ölkənin və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) maliyyəsi əsasında Türkiyə əleyhinə yeni sayt yaradılacağını yazmışdı.
Onun paylaşımına görə, Səudiyyə Ərəbistanı ilə BƏƏ Türkiyə mediasında yer tutmaq üçün müəyyən məbləğdə büdcə ayırıb, hətta bir xəbər saytını satın alıblar.
“mujtahidd” bu mövzuda davam etdirdiyi paylaşımlarda Səudiyyə Ərəbistanı ilə BƏƏ-nin bu təşəbbüsünü “Türkiyənin Qətərə təsir imkanlarını azaltmaq”, ən əsası isə “ictimai rəyi Ərdoğana qarşı çevirməklə, onun hakimiyyətinə son qoymaq” niyyəti ilə əlaqələndirib.
Bu məsələnin gündəmə gətirilməsindən sonra 2017-ci il noyabrın ilk günlərindən etibarən, BƏƏ-dən ayrılan maliyyə ilə üç dildə (türk, ingilis və ərəb) fəaliyyətə başlayan “Ahval News” saytının rəhbərliyinə gətirilən şəxslərin kimliyi bu media orqanının istiqaməti haqqında aydın təsəvvür yaratmağa imkan verir.
Məlumata görə, “Ahval News”un rəhbəri postu FETÖ terror şəbəkəsinin əsas dəstəkçilərindən olan Akın İpekə məxsus “Bugün” qəzetinin yazarı Yavuz Baydara həvalə edilib. Saytın türk versiyası “Bugün”ün başqa bir sabiq yazarı Ergün Babahana, ingilis versiyası isə FETÖ-ya məxsus “Haberdar” saytının Vaşinqton təmsilçisi İlhan Tanıra tapşırılıb. İbrahim Hassan isə “Ahval News”un ərəb versiyasının yayımına məsuldur.
Yaradıldığı cəmi 1 ay olan saytın fəaliyyəti ilə bağlı diqqəti cəlb edən əsas məqamlardan biri vaxtilə AKP iqtidarında təmsil olunan, daha sonra isə hakim komandadan ayrılan şəxslərə həvəslə tribuna verilməsidir. Konkret desək, Türkiyənin sabiq mədəniyyət və turizm naziri Ertuğrul Günay, həmçinin AKP əleyhinə kəskin mövqeləri ilə seçilən Sezin Öney, ermənipərəst Taner Akçam, Maya Arakon və Esra Tüzünün yazıları “Ahval News”-da müntəzəm olaraq dərc olunur.
BƏƏ-nin Türkiyə əleyhinə yönələn fəaliyyətlərə maddi-mənəvi dəstək verməsinin səbəblərini araşdıran Belçikada yaşayan yazar Mehmet Solmaz öz bloqunda bu məsələyə dair geniş material yerləşdirib. Solmaz “BƏƏ-nin bitməyən Türkiyə savaşı: bu dəfə Zərrab davası və “Ahval News” başlıqlı geniş yazısında maraqlı detallara toxunub.
“Ahval News” saytının rəhbərliyinə gətirilən Yavuz Baydar bu media orqanının təqdimatında bəzi məqamlara toxunaraq, Türkiyəni tərk etməsinə aşağıdakı kimi izah vermişdi:
“Mən çevriliş cəhdindən həmən sonra biz jurnalistlərin başına daha betər corab toxunacağını sezdiyim üçün Türkiyəni tərk etdim. Londonda uzun müddətdir, yalnız media fəaliyyəti ilə məşğul olan ərəb əsilli sərmayə qrupu mənimlə əlaqə yaratdı. Peşəkar olaraq, onların doğru düşündüklərini anladım.
Türkiyə kimi böyük bir ölkənin və çox dinamik bir cəmiyyətin həqiqətlərinin yetərincə çatdırılmadığını, bu sahədə boşluq olduğunu düşünürdülər. Plüralist, sekulyar və paylaşımçı, insan haqlarını əsas götürərək, xəbərçilik prinsiplərinə malikdirlər və onlarla fundamental peşə standartları əsasında anlaşdıq”.
Solmaz yazısının davamında daha diqqətçəkən məqamlara aydınlıq gətirib:
“Onun bu sözlərini oxuduqdan sonra iyunda Londonda ingilis həmkarımla baş tutan görüşümüzü xatırladım. İngilis dostumun Baydarın öz köşə yazısını dərc etdirdiyi BƏƏ-yə bağlı “The Arab Weekly” nəşri və onun əməkdaşlıq etdiyi sərmayə qrupu ilə müəyyən tanışlığı var.
Söhbətimiz əsasında dostum bildirdi ki, BƏƏ-yə bağlı “The Arab Weekly” nəşrinin təşkilatçılığı ilə toplantı keçirilib və orada Türkiyə əleyhinə yeni informasiya cəbhəsi açılıb, layihə iştirakçılarının bu işdə maksimum səy göstərmələri tələb olunub.
Bir müddət sonra Londondakı dostuma saytın (“Ahval News”) linkini göndərdim. Bundan sonra onun özü mənə zəng vuraraq, bunları dedi: “Hə, Mehmet, bu saytı “The Arab Weekly” yayım qrupu, daha dəqiq, BƏƏ maliyyələşdirir”.
Sentyabr ayında səudiyyəli bloqerin “Twitter”də məlum iddianı irəli sürməsindən cəmi 40 gün sonra Türkiyə cəmiyyətini prezident Ərdoğana qarşı qaldırmağı hədəfləyən “Ahval News” fəaliyyətə başladı.
“Ahval News” saytının rəhbər heyətinə daxil olan şəxslərin çalışmalarında Türkiyə əleyhinə fəaliyyət istiqaməti xüsusi yer tutur. Ərəblərin sözügedən saytın rəhbərliyinə gətirdikləri Yavuz Baydarın Türkiyəyə qarşı pozuculuq fəaliyyəti FETÖ terror şəbəkəsində həyata keçirdiyi təxribatlarla məhdudlaşmayıb.
Baydar həm də son 15 ildə Türkiyə əleyhinə istənilən fəaliyyətləri müzakirəsiz maliyyələşdirən Soros Fondu ilə də sıx əməkdaşlıq edib. Daha doğrusu, Baydar Sorosun Türkiyəyə yönəlik sifarişlərinin əsas icraçılarından biri olub. Hazırda “Ahval News”da Baydarla birgə çalışan İlhan Tanır, Taner Akçam, Maya Arakon, Esra Tüzün və digər həmfikirləri də Sorosun “Türkiyəni qarışdırmaq” planlarında fəal iştirak ediblər. Onun bu fəaliyyətinə dair məqalələri müxtəlif nəşrlərin elektron versiyalarında hələ də qalmaqdadır.
“Ahval News”da Baydarın “sağ əli” olan İlhan Tanır da bu istiqamətdə həyata keçirilən fəaliyyətində indiki patronundan heç də geri qalmır. Mehmet Solmaz yuxarıda qeyd olunan yazısında xüsusi vurğulayıb ki, Tanır FETÖ-ya məxsus “Haberdar” nəşrinin Vaşinqton təmsilçiliyini 2016-cı ilin sonlarına qədər davam etdirib. Bu işdə çalışdığı müddətdə ABŞ-da fəaliyyət göstərən türk jurnalistləri “dövlətə casusluq etməkdə” suçlayaraq, onlara “peşəkarlıq dərsi” keçməkdən də çəkinməyib.
Türkiyə əleyhinə fəaliyyətdə BƏƏ-dən ayrılan pullarla media dövriyyəsinə buraxılan “Ahval News”un yazarı Taner Akçamın adı xüsusi keçir. Qondarma “erməni soyqırımı”nı tanıyan, 1995-ci ildə Ermənistana səfəri çərçivəsində qarşı tərəfdən üzr istəməklə, diqqət mərkəzinə düşən Akçam bu gün də öz ampulasındadır.
Akçamın adı həm də beynəlxalq mediada Türkiyənin maraqlarını obyektiv qaydada müdafiə edən əcnəbi və türk yazarların “deşifrə” edilməsində öndə gəlir. Eyni zamanda, Türkiyənin lobbi fəaliyyətinə cəlb etdiyi beynəlxalq qurumların müntəzəm qaralanması da Akçamın dəyişməz məşğuliyyətinə çevrilib.
ABŞ-da məhkəməsi başlayan Rza Zərrabla bağlı məqamlardan Türkiyə və onun mövcud hakimiyyətinə qarşı istifadə etmək şansını buraxmayan Akçam bu istiqamətdə də inanılmaz fəallıq göstərməkdədir. Onun yazılarında əsaslandığı tezislərin CIA başda olmaqla, ABŞ rəsmi dairələrinin açıqladıqları ittihamlarla üst-üstə düşməsi isə Akçamın bu sifarişləri hansı mənbədən almasına aydınlıq gətirir.
Bu məsələyə dair ən diqqət çəkən məqamsa ondan ibarətdir ki, Türkiyə əleyhinə yaradılan məlum saytın arxasında Səudiyyə Ərəbistanı ilə BƏƏ-nin dayandığı bildirilir. Lakin haqqında danışılan layihənin əsas təşəbbüskarının Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Həmdan bin Məhəmməd Əl Məqtum olduğu deyilir. Taxt-tac varisinin hakimiyyətə gəlişi hələ rəsmiləşməsə də, əlində geniş səlahiyyətlər olan vəliəhd dünyada ərəb həmrəyliyinin ən vacib ilhamvericilərindən biri sayılır.
Öz siyasətini ABŞ, xüsusilə də Səudiyyə Ərəbistanı ilə sıx şəkildə koordinasiya etməyə üstünlük verən Əl Məqtum “ərəb dünyası”na kənar müdaxilələrin əleyhinə çıxır. Onun nəzərində bu məsələdə yeganə istisna ABŞ ola bilər.
O baxımdan bir neçə ay əvvəl yaranan və BƏƏ-nin də fəallıq göstərdiyi Qətər böhranının davamında Türkiyənin ciddi qətiyyət göstərərək Dohadakı müttəfiqlərini sona qədər dəstəkləməsi, görünür, Əl Məqtumu öz aləmində Ankaranı “cəzalandırmağa” sövq edib. Təbii ki, Türkiyə əleyhinə hərbi-siyasi müstəvidə hər hansı addım atması imkanı xaricində olan Əl Məqtumun gücü sadəcə bir saytı maliyyələşdirməyə çata bilərdi.
Vəliəhd şahzadə öz ağlına görə bir sayta 5-10 milyon pul xərcləməklə, Türkiyə kimi əsrlərin dövləti olan nəhəng ölkəni çökdürə biləcəyini düşünür. Hərdəmxəyal şahzadə başını qaldırıb bir bu dünyaya baxsın, Türkiyənin üstünə kimlərin gəldiyini görsün, Türk dövlətini sarsıtmaq üçün nə qədər pullar xərcləndiyini öyrənsin…
ABŞ başda olmaqla, Qərbin yüzillərdir bacarmadığı işə bu dəfə Əl Məqtum girişib…
Doğrudan da, Allah ağıl versin…
www.yenicag.az