Dünya bazarında ərzaq məhsullarından olan yağ və südün qiymətləri əhəmiyyətli dərəcədə ucuzlaşıb. Bu, 2011-ci ildəki rekord qiymət göstəricisindən ortalama 27 faiz aşağı hədd deməkdir. Lakin “Azərsun” öz məhsullarında qiymətləri azaltmamaqda davam edir. Belə ki, ötən il 1 litrlik yağ 2,4 manata alındığı halda, hazırda bu qiymət 5,5 manat təşkil edib.
Mövzu ilə bağlı iqtisadçı Vüqar Oruc Yenicag.az-a açıqlamasında bildirib ki, süni qiymət artımının qarşısını almaq üçün monopolistlərin cəzalandırılması vacibdir:
“Beynəlxalq bazarda ərzaq qiymətlərinin ucuzlaşması bəzi hallarda yerli bazara təsir göstərmir. Çünki yerli bazarın istehsal etdiyi məhsulların əksəriyyətinin xammalı elə yerli bazardan alınır. Ucuzlaşma yalnız istehsalı xarici bazardan asılı olan məhsullara təsir edə bilər. Bütövlükdə hazırda orta aylıq minimum əməkhaqqı, insanların istehlak büdcəsi və gəlirləri müqayisə olunduqda, süd və süd məhsullarının qiyməti həqiqətən yüksəkdir. Bu baxımdan müəyyən inzibati tənzimləmələrin aparılmasına ehtiyac var. Eyni zamanda azad rəqabət mühitinin formalaşması üçün müəyyən şərait yaradılmalıdır. Ölkədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti olsa da, rəqabəti tənzimləyən və monopoliyaların yaranmasının qarşısının alınması üçün daha ciddi addımlar atılmalıdır. Bu zaman rəqabət genişlənəcək və bazardakı qiymətlər ucuzlaşacaq.
İstehsal sahəsi olmasa da, taksi sahəsində rəqabətə şəraitin yaradılması və qiymətlərin bazar prinsipləri əsasında tənzimlənməsi aydın görünür. Hesab edirəm ki, bu şərait istehsal sahələrində də yaradılmalıdır. Monopolistlərin mənafeyi nəzərə alınmamalı və onlara qarşı müəyyən sanksiyalar tətbiq olunmalıdır. Çünki süni qiymət artımının yükü daha çox aztəminatlı ailələrin üzərinə düşür. Adətən istehsalla məşğul olan şirkətlər öz məhsullarını bazara çıxaranda onun üzərinə təxmini 70-80, bəzi hallarda isə 100 faizlik mənfəət əlavə edirlər. Bu isə yolverilməzdir. Əgər bu sahədə tənzimləmə işləri aparılmasa, böyük istehsalat subyektləri qısa zamanda kiçikləri sıradan çıxaracaq. Bu isə qiymətlərin daha da bahalaşmasına yol açacaq. Böyük şirkətlər, o cümlədən “Azərsun” şirkəti monopolist siyahısına düşməməyə çalışmalıdır”.
Gülşən Şərif
www.yenicag.az